İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq soyğunçuluq

Təbii ki, NATO nümayəndəliyimizə ucuz saat taxıb gedə bilməzdik. Ad-sanımız, şöhrətimiz vardır. Lap istəyirsən səni ora göndərən özü 500 manatlıq saat taxsın. Sən 90 minlik saatla bayıra çıxmağa məcbursan. Əvvəl evin çölü, sonra içi. Aləmi bəzər, özü lüt gəzər. Bu “aləm” temasına az sonra qayıdarıq. 

Mənim yadıma gəlir ki, bizim NATO ilə münasibətlərimizdə tarixən belə əlləm-qəlləm işlər olmuşdur. Haradasa 15-20 il qabaq, səhv etmirəmsə, 2006, ya da 2007-ci ildə NATO nümayəndəmiz ümumiyyətlə aradan çıxmışdı. Xaricdən sığınacaq istəmişdi. İndi də nümayəndəmizi günün günorta çağı Brüsseldə divara dirəyib soyublar. Deməli, NATO-dan bizə xeyir-zad yoxdur. Heyf Kosovoda, Əfqanıstanda çəkdiyimiz əziyyətlərdən. Əgər NATO nümayəndəmizi qoruya bilmirsə, gələcəkdə bizi necə qoruyacaq? (Deyilənə görə, NATO müqaviləsində belə bənd var, üzvlərdən hansınasa hücum bütün başqa dövlətlərə də hücum sayılır. Əgər bizim adamın “Roleks”i əkişdirilibsə, bu, bütün NATO nümayəndələrinin “Roleks”lərini əkişdirmək də sayılırmı? Əlaqədar orqanlardan cavab gözləyirəm). 

Ümumiyyətlə, son çağlar Qərbdə bizə qarşı təzyiqlər artmışdır. Londonda məhkəmə Beynəlxalq Bankın əski müdiri Cahangir Hacıyevin arvadı Zamirə xalanın qolf sahəsini və malikanəsini - ümumi dəyəri 30 milyon dollar imiş - müsadirə elədi. Bunu auksionda satacaqlar, pulun 70 faizi ingilis büdcəsinə keçəcəkdir. Qalan 30 faiz də Zamirə xanıma veriləcək. 

Mən bir şeyi anlamadım, bəs buradan bizim - Azərbaycanın xeyri nədir? Əgər əmlakın qeyri-qanuni ələ keçməsi, Azərbaycandan oğurlanması sübuta yetibsə, pullar dövlət büdcəmizə qaytarılmalı deyildimi? Yoxsa ingilis məhkəməsi “oğrudan oğruya halaldır” prinsipini üstün bilərək oğurluq pulları qapazlamağa çalışır? Bax buna deyərlər nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım!

Bu yerdə “Çeşmə” satirik qəzetinin 1990-larda yazdığı lətifənin yeridir, çünki “qolf”dan bəhs edəndə onu mütləq xatırlamalı oluruq. Deyir, bir gün Elçibəy, İsa Qəmbər və Etibar Məmmədov yığışır, qərara gəlirlər qolf oynasınlar. Elçibəy deyir: “Qolf çubuqları məndən”. İsa Qəmbər deyir: “Toplar da məndən”. Etibar Məmmədov incik-incik deyir: “Onda mən oynamıram”. 

Belə maraqlı mətbuatlarımız var idi... İndi Zamirə xanımın da qolf macərasının sonu gəlmişdir. Hacı Məmmədov girov götürəndə heç bu qədər ziyana düşməmişdilər. Ana yurdun qədrini belə bilərsiniz. Nazim Hikmət bu temada yazmışdır: “İnsan olan vatanını satar mı? Suyun içip ekmeğini yediniz. Dünyada vatandan aziz şey var mı? Beyler, bu vatana nasıl kıydınız?”

Hərçənd Zamirə xanımın vəkilləri yaxşı işləyib onu Cahangir Hacıyevdən boşatdıra bilsəydilər bəlkə əmlak əldən getməzdi. Bu üsula təzəlikcə başqa bir məşhur banditimizin ailəsi əl atmışdır. Generalı tutub mal-mülkü müsadirə ediblər, indi arvadı generaldan boşanıb, haqqı çatan mülkləri istəyir. Guya generalın bu şeylərdən xəbəri yoxdur, arvadın halal qazancı imiş. Məndə olan məlumata görə, həm Ağır Cinayətlər, həm Ali Məhkəmədə bu boşanma əhvalatını eşidən bir neçə hakimin gülməkdən qarnı cırılmışdır, çünki bizdə Femida xalaya hələ belə primitiv kələk cəhdi olmayıbdır. 

 Zamirə Hacıyevanın qolf sahəsini və malikanəsini müsadirə qərarını Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) verib. Bu, NCA-nın Zamirə xanıma qarşı ilk qərarı deyil. Daha əvvəl onlar keçmiş bankirin xanımının barmağından 1,5 milyon dollarlıq üzüyü çıxarmışdılar. Üzüklə bərabər 500 min dollarlıq başqa qızıl-zinət əşyaları da alınmışdı. 

Rəsmən arvadı soymaq deyilmi? Hərçənd arvad da elə-belə arvad deyil, oradakı “Harrods” univermağından 21 milyon dollarlıq alver edərək yerli qəzetlərin qələminə düşmüşdü. 

Sən Mamedi soyursan, Con da tutur səni soyur. Bəlkə ədalət elə budur? 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024