İnsanlara hürriyət, millətlərə istiqlal!

Avamlar liqası - Zamin Hacı YAZIR...

Banqladeşdə Narxozun fəxri doktoru, Nobel mükafatçısı Məhəmməd Yunusun müvəqqəti baş nazir qoyulması elmi dairələrimizi çox sevindirmişdir. Hazırda bu faktı universitetə qəbul üçün əsas reklamlardan biri saymaq olar. Əlbəttə, Narxozun keçmiş məzun və müəllimlərindən xeyli dustaqlar da olmuşdur, məsələn, biri elə Qubad İbadoğludur. Lakin biz pis şeyləri niyə yada salaq? Narxozun yaxşısını götürüb, pisini atmalıyıq. O cümlədən, Anqolanın prezidenti də bir zamanlar bizim “AZİ”ni bitirmişdi. Sonralar onun övladı korrupsiya üzrə dünyada məşhur oldu.

Bu Banqladeşdə baş verənləri isə sosializmin, solçuluğun daha bir iflası saysaq yanılmarıq. Növbəti dəfə xalq adından danışıb bərabərlikdən dəm vuranlar xalqı zibilə salıb aradan cırıblar. Keçmiş baş nazir Xasina xala xalq üsyanlarından sonra istefa verib hansısa xarici ölkəyə qaçmışdır. Buna qədər isə Şeyx Xasina xanım (doğrusu, ona niyə şeyx deyirlər bilmirəm; yəqin onun dindarlığı da bizim şeyxdəki kimidir) Banqladeşi 20 il fırlatmışdır. Onun hakimiyyət dönəmi korrupsiya, fırıldaq, inflyasiya, işsizlik, bank dələduzluğu və sairə ilə yadda qalıb.

SSRİ-də biz oxşar vəziyyəti yaşamışıq. Bərabərlikdən danışan partnomenklaturanın özünün ayrıca mağazaları, istirahət yerləri, hətta universitetləri vardı. Həmin məktəblərə kasıb balaları yaxın dura bilmirdi. Fəhlə-kəndli sinfi üçün xaricə çıxış qadağan idi, hətta kolxozçulara pasport verilmirdi, raykomlar isə Aralıq dənizi turlarına çıxırdı. Ona görə də kimsə, hansısa dövlət adında “sosializm”, “xalq”, “demokratik” epitetləri doldurubsa, orda fırıldaq olduğuna əmin ola bilərsiniz.

Bizim üçün ən maraqlısı da elə Şeyx Xasinanın partiyasının adıdır. İnanılmazdır, ancaq bu partiya “Avami Liqa” adlanır! Sən demə yerli dildə “avam” – xalq deməkmiş. Bizim dilə bu partiyanın adını tərcümə etməyə ehtiyac yaranmır. Avamları fırlatmaq üçün partiya. Əladır. Təklif edirəm hansısa partiyamız bu adı götürsün. Seçkilərdə uğur qazanmaq ehtimalı böyükdür. Azərbaycanda avamlar Banqladeşdəki qədər olmasa da, xeylidir.

Bizi avam yerinə qoymaqları istiqamətində bir fakta rast gəlmişəm, istəyirəm hörmətli oxucularımızla bölüşüm.

Milli Elmlər Akademiyamızın prezidenti, hörmətli İsa Həbibbəyli-nin uydurma elmi mükafatlar aldığını təsadüfən aşkar etmişəm. Təzəlikcə AMEA saytında (https://science.gov.az/az/forms/deystvitelnyie-chlenyi/44) onun tərcümeyi-halı yerləşən bölməyə baxanda ən azı 2 saxta təltiflə rastlaşdım. Birincisi “Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının (Mirzə Cəlil) və Azərbaycanda müasir elmi-bədii fikrin inkişafı elmi istiqamətinin rəhbəri” mükafatı (2009)” adlanırdı və bu “İnformasiyalaşdırma Akademiyasının” saxta diplomlar, medal və metal dəmir-dümürləri, varlı adamlar üçün təşəxxüs oyuncaqları satan qurum olduğunu artıq bütün aləm bilir. O üzdən bunun üzərində heç xüsusi dayanmıram. Bütün hallarda, özünü ciddi mərkəzin, dövlətdən maliyyələşən elmi idarənin başçısı sayan şəxs bioqrafiyasındakı belə gülünc faktı açıq yazmaz, qürur duymaz. Habilin Elarizə dediyi kimi: “Onlar verirdi, verirdi, bəs sən niyə alırdın?”

Ancaq İsa müəllimin növbəti ödülünə baxanda bu toya getməlidir. Buyurun, saytdan cümlə: “The Name in Science Award” (“Elmdə ad”) mükafatına layiq görülmüşdür (2013)”.

Bu saxta ödülü əslən Ukraynadan olan Anton və İvan Savov adlı ata-oğulun yaratdığı, beynəlxalq miqyasda dələduzluğuyla tanınan “Avropa Biznes Assambleyası” təsis edib. Savovlar Britaniyada, Oksford Universiteti yaxınlığında bir ofis qayırıblar və adətən milləti “Oksford” adıyla aldadırlar, həmin nüfuzlu ali məktəbə dəxilləri olmasa da. Bunların Sokrat adında da nəsə ödülü var və “Elmdə ad”la bərabər 10 min avroya satırlar. Daha dəqiqi, kimisə tovlamaq istəyəndə adətən ona dəbdəbəli, zər-zibalı məktub yollayırlar, belə ödül aldığı üçün muştuluq istəyirlər. Muştuluq, təbii ki, 10 min avroya bərabər olur.

Əlbəttə, məndə şübhələr var ki, İsa müəllim 10 mini bu lotulara veribdir və böyük ehtimalla “ödülü” almağa heç getməyibdir. Amma rəsmi saytda bu qeydi yazmaq, pis çıxmasın, bir qədər ayıbdır.

İnsafən, milli elm tonqalımızın qabaqkı prezidenti Ramiz Mehdiyev ili 120 dollarlıq “Nyu York Elmlər Akademiyasının” üzvü idi. Bu, daha bazburutludur. 10 min avro, acından günorta duran alimlərimiz üçün fantastik puldur. (Sonradan baxdım, İsa müəllim də Nyu Yorkun üzvüymüş).

Eyni zamanda, elmi varislik ənənəsinin davam etməsi sevindiricidir. Özümüzü avam yerinə qoyaq, bu da olsun milli liqamız.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024