Onlayn ictimai-siyasi qəzet
Xalqımızın sözə, and içməyə-filana böyük önəm verdiyi haqda yazmışdım. Əslində bu, tarixdən də məlumdur. Orta əsrlərdə Azərbaycana gələn hansısa səyyah yazıb ki, Qafqazda hansı millətlə iş görmək istəsən mütləq notariusda təsdiqlənmiş sənəd almalısan, bircə azərbaycanlılarda kağız-kuğuza, peçata-meçata ehtiyac yoxdur, kişi sözü verdilərsə, bəs eləyir. Güman edirəm buna görə bizdə arxiv və sənədləşdirmə işlərinə ehtiyac qalmayıb.
Yazım dərc ediləndən sonra isə adının çəkilməsini böyük ehtimal istəməyən bir oxucudan məktub aldım: “Bizdə bir işçi var idi, köhnə nazirimiz qabağa çəkmişdi, idarədə at oynadırdı. Kimi istəyirdi işə götürürdü, kimi istəyirdi qovurdu. Təbii ki, işə götürmə üçün pul alırdı. Açıq bazar idi. Şöbə müdiri 150 min, müavin 80-100 min arası. Aşağı vəzifələr də bir az aşağı qiymətə. Mənə deyirdi ki, hər iyirmi işçidən birini pulsuz işə götürürəm, heç qəpik də almıram. Soruşurdum nə üçün, deyirdi and içmək üçün: "Onu düşünərək and içirəm ki, balamın canı üçün, işə götürəndə rüşvət almıram".
Gör nə qədər vicdanlı, namuslu, el-obasına layiq insan imiş... Heyrətamizdir. Rüşvət alır, lakin yalan danışmır, saxta and içmir. Çünki göydən Allah baxır, adama qənim olar. Yalandan and içən neçə nəfər tanıyırıq, cənnətə buraxmayıblar, məcbur olub elə ölkəmizdə “Cənnət bağı” adlı obyekt açıbdır.
Obyekt demişkən, Məhərrəmlik ayı bitib, xalqımız yüksək əzmlə toy sezonunun açılışına hazırlaşır. Toyxanalarda salatlar doğranır, cəmdəklər asılır, təbillər yağlanır, yengələr oynaşır, kartoflar qaynaşır və sairə. Qızğın iş gedir. Müxbirlər də əldə mikrofon daraşıblar şadlıq saraylarına, orada iqlim konfransı... üzr istəyirəm, toylara hazırlığın gedişatı haqda çətin suallar verir, administratorların, şöbə müdirlərinin, ofisiantbaşı və tamadaların boğazını qurudurlar. Mən belə reportajlardan birinə tuş gəldim və oxuyanda gözüm kəlləmə çıxdı. Sən demə, bu saat Bakımızda 1 ədəd qonaq yerinin 100 manatdan başlayıb 450 manata çatdığı toyxanalar vardır.
Bir insan balası axşam saat 6-dan gecə saat 12-yə qədər nə yeməlidir ki, onun hesabı 450 manat olsun? Hansısa bahalı şərab içsələr, bəlkə o qiymət çıxar, lakin toyxanalarımızın içkiləri adətən elə dingildəşmə sahəsinin altında, zirzəmidə istehsal olunur.
Hələ saray işçiləri müxbirə deyib ki, yerlər hamısı dolub, yaxın vaxtlarda evlənmək istəsən bizdən uzaq dur.
Buyur. Statkomun axırıncı, avqust hap-gopuna görə guya ölkəmizdə orta əmək haqqı (muzdlu işçilər üçün - prinsipcə, hamımız elə muzduruq) 1000 manatdır. Əlbəttə, hansısa deputat 6 minlik çanta alırsa, seçicisi isə 300 manatla yavanlıq edirsə, orta aylıq maaş 1000 çıxır. Necə deyərlər, müdir ət yeyir, biz kələm, orta hesabla kələm dolması yeyirik... Ancaq lap o məbləği həqiqət kimi qəbul edək.
Axı yenə düz gəlmir?! Min manatın 450-sini toyxanaya yedirtsən, sən özün nə ilə yaşayarsan? İki-üç toya getsən, ümumiyyətlə, mənfi balans qalır.
Lakin yenə xüsusi qeyd edirəm, yerlər dolub. Millət sürüylə bu toylara axışır, ödənişini quzu balası kimi edir. O toyxanalara fransız casuslar, ermənipərəst konqresmenlər, ərəb şeyxləri gəlmir ki. Öz xalqımızdır. Bambılı toylara pul salan da bizik, ağlaşma qurub hökumətdən uşaq pulu istəyən də. Bu pişikdirsə, ət hanı, ətdirsə pişik hanı?
Yeri 450 manat olan həmin şadlıq sarayının VİP salon qiyməti də varmış. Adambaşı 900 manat! Şəkillərdən belə məlum olurdu ki, VİP toyun adi toydan fərqi ananasın balıq skeleti şəklində doğranmasıdır. Başqa heç zad. Bir də ola bilər toyun axırında bəyə qara kürü sürtürlər.
İndi gözləyirəm telefon idarəsindən buna saytda baxdığım üçün 90 manat hesab gəlsin.
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ