Общественно-политическая интернет газета
Biz bu günlərə uzun yol gəldik, tam 35 il 8 ay.
1988-ci ildən bəri biz əvvəllər adı Stepanakert adlanan, sonradan adını birtərəfli qaydada (ermənlər hələ də Stepanakert deyirlər) dəyişdirib Xankəndi qoyduğumuz şəhərə gedə bilmirdik.
Lap əvvəllərdə bir neçə məmurumuz bu qan çanağına qonşu ölkədən gəlmiş müşahidəçi kimi getsə də, sonrakı gedənlərimiz ya qolubağlı əsir, ya da dilibağlı qonaq kimi aparılmışdılar.
Bu gün bu şəhərə əsgərlərimiz müzəffər addımlarla gedir. Bir azdan vaxtilə bu şəhərdə yaşamış, işləmiş adamlar da gedəcək. Şəhərdə qələbəliklər, izdihamlar olacaq.
Amma heç vaxt yadımızdan çıxmayacaq ki, bizim Şuşadan, Ağdamdan Xankəndiyə 35 dəqiqə çəkməyən yolçuluğumuz 35 il çəkdi və biz nə məşəqqətlərdən keçdik, nə iztirablar, nə faciələr yaşadıq.
Biz bu yolda minlərlə lay divar kimi oğullar itirdik. Biləyini armsrestlinq pəhləvanının qatlaya bilməyəcəyi oğlanlar dirsəkdən aşağı qollarını itirdilər, təpik vuranda topu 150 metr göyə qaldıran igidlər top mərmisi ilə ayaqlarından oldular, minlərlə gənc qadın dul qaldı, minlərlə ananın gözü yaşı hələ də qurumayıb, potensial ömür-gün yoldaşları cəbhədə həlak olan minlərlə gənc xanım qız qarıdı...
Xankəndiyə aparan yolda yaşadığımız möhnətlər, ağrı-acılar dəftərə-kitaba sığan deyil. Bu, ötən əsrin 60-70-ci illər nəslinin taleyinə yazılmış qara zolaq idi, amma çox qalın olmuşdu, sonu görünmürdü.
O vaxtın əli silah tutan gəncləri tez-tez təkrar edirdilər: “Bu problemi indi həll edək ki, gələcək nəsillərə qalmasın”. Amma gücümüz çatmadı, o problem indiki nəsillərə qaldı və infiki gənclərimiz onu həll etdilər. Ümid edək ki, birdəfəlik həll ediblər və artıq gələcək nəsillərə qalmayıb.
Bu gündən baxıb düşünmək, hətta demək də olar ki, nə varmış orda, ayağa qalxırsan, səfərbər olunursan, silahlanıb düşmən üzərinə gedirsən və işi bitirirsən.
İndi bunu demək asandır. Amma öz milli dövlətçiliyini 6 ay öncə qurmuş xalqın o gücü yox idi. Döyüşkən oğullar çox olsa da, modern silahlara malik deyildik. Körpə dövlətin resursları kifayət qədər deyildi.
Düçmən isə hazırlıqlı, havadarlı idi, nə ərzaq təminatı sarıdan korluq çəkirdi, nə beynəlxalq siyasi (eləcə də maddi, hərbi, mənəvi) dəstək sarıdan. Onlar üstümüzə gəlir, torpaqlarımızı işğal edirdi, sanksiyaya məruz qalmalı tərəf olmalıykən, sanksiyanı (ABŞ, 907-ci düzəliş) bizə tətbiq edirdilər.
Necə deyərlər, buna baöxmayaraq, biz düşmənlə qeyri-bərabər döyüşə girirdik, başabaş döyüşürdük. İllərlə bu cür də davam edə bilərdik. 1993-cü ildə məğlubiyyətimizin ən başlıca səbəbi Rusiyanın Elçibəy hakimiyyətini devirmək üçün hərəkətə keçməsi, daxili satqınları fəallaşdırması, onların əliylə ərazilərimizi işğal etdirməsi oldu. O xainlər Müdafiə Nazirliyinin rəhbərliyində də vardı, parlamentdə də fəaliyyət göstərirdilər, dövlət strukturlarında da işləyirdilər. Məhz onlar döyüşən orduda sabotajlara əl atdılar, əməliyyat planlarını düşmənə sızdırdılar, arxadan zərbə vurdular, bütövlükdə vətəni satdılar və böyük ölçüdə istədiklərinə nail oldular.
Qarabağa qayıdışımız ona görə uzun çəkdi ki, yenidən toparlanmağımız, sıfırdan ordu qurmağımız, yeni qorxmaz döyüşçülər legionu yetişdirməyimiz, bir də yaranacaq əlverişli beynəlxalq situasiyanı gözləməyimiz lazım idi.
2020-ci ilə qədər biz iki dəfə revanşa cəhd etdik (Avqust və Aprel döyüşləri), ancaq məlum oldu ki, böyük dövlətlər de-marşımıza imkan vermək fikrində deyillər. Onlar qarğa-quzğun kimi üstümüzə tökülüşdülər, səs-səsə verərək “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil” dedilər, “tərəfləri təmkinli olmağa, zor yolundan imtinaya, münaqişəni sülh yolu ilə tənzimləməyə” çağırdılar.
Bütün bunlar demaqogiya idi. Böyük dövlətlərin böyüklərinin dediyi o idi ki, yerinizdə farağat oturun, müharibə etməyi ağlınızdan çıxarın, taleyinizlə barışın, torpaq davası etməyin. Onlar bu sözü birbaşa və bərkdən demirdilər, amma elə bir diplomatik cümləpərdazlığa yol verirdilər ki, biz özümüz anlayaq.
Biz isə onların dediklərini anlamadığımızı göstərdik, sona qədər anlamadıq və öz yolumuzla getdik. Nəhayət, tarixi fürsət yetişdi, o yetişəndə isə biz hazır idik.
İndi bəzən yerli opponentlər deyirlər ki, Azərbaycan fürsətdən istifadə edib, Rusiyanın Ermənistana dəyişmiş münasibətindən yararlanıb.
Lap yaxşı etmişik. Məgər 1991-94-cü illərdə ermənilərin Rusiyanın bizə mənfi münasibətindən istifadə edərək keçmiş DQMV-ni və 7 rayonumuzu işğal etməmişdilər? Onlar elə edə bilərdi, biz yox?
“Müharibəni kişi kimi aparmaq”, “cəngavər kimi savaşmaq” söhbətləri havayıdır. İndi dünyada hamı hibrid müharibə aparır – qələbə qazanmaq üçün hər yola gedirlər. Mülki insanları kütləvi qırğına məruz qoymaqdan savayı, müasir savaşda hər üsul məqbuldur.
Heç vəchlə uduzmaq olmaz. Uduzanda ölkənin 11 rayonunu işğal edir, 1 milyon əhalisini evindən didərgin salırlar. Dövlətin ərazisinin bir şaqqası amputasiya olunur. Millətin özünə hörməti azalır. Vətənin ən savadlı, ən istedadlı adamları baş götürüb gedir. Bir sözlə, böyük millət faciəsi yaşanır.
Ona görə də uduzmaq olmaz. Əsas məsələ məqsədə doğru yavaş-yavaş olsa da, daima irəliləməkdir.
Bizim Xankəndiyə yolumuz ona görə uzun çəkdi ki, qarşıda maneələr çox idi, biz onları bir-bir aşdıq, axır ki, mənzilə çatdıq. İndi Şuşada olanda Xankəndiyə getmək istəsəniz, Qədir Rüstəmovun audiopleyerdə “Sona bülbüllər”i oxuduğu müddətdə (7 dəqiqə 49 saniyə) çatacaqsınız.
КомментарииОставить комментарий