Свобода людям, независимость нациям!

Tənqidçilərə “it” deyilən ölkə - uçuruma aparan cığır

 

Bu ölkədə hansısa fərdə və ya quruma ünvanlanan haqlı-haqsız tənqidlərə cavab olaraq verilən çox populyar bir cavab var, deyərlər: “İt hürər, karvan keçər”.

Yüzdə doxsan halda tənqidçi mütləq və mütləq it yerinə qoyulur, it adlandırılır. Sanki dünyada başqa bir obraz yoxdur və tənqid edən başqa bir məxluqa bənzədilə bilməz.

Nədən bir kəlmə nəyisə bəyənmədiyini deyən, dilə gətirən şəxs mütləq təhqir olunmalıdır? Yəni o adamın dediyi haqlı ola bilməzmi? Nə olar, tənqid olunanlar bir dəfə də, heç olmasa, qismən razılaşalar ki, deyilən iradlar düzdür?

Belə reaksiyalar nadir hallarda ola bilər. Yerdə qalan hallarda isə tənqid edən “hürür”, tənqid olunan isə acıqlanmış olsa da, öz yoluyla gedir – düşüncə budur.

Bir neçə gün öncə tanınmış teleaparıcı Kamran Həsənlinin ölkə televiziyalarını tənqid etməsinə verilən reaksiyalar zamanı bu cür ifadələrə rast gəlinirdi.

Hətta elə adamlar vardı ki, tənqid oxunu götürüb, ucluğuna zəhər sürtüb, öz yayından Kamranın ürəyinə tuşlamışdı, deyirdi, bayağılığı, şitliyi, səviyyəsizliyi Azərbaycan ekranına ilk gətirənlərdən biri sən olmusan.

Belə deyənlərə haqq verənlər, vaxtilə gerçək bir teleulduza çevrilmiş aparıcıya ünvanlanmış tənqid kampaniyasına qoşulanlar da vardı, onu müdafiə edənlər də.

K.Həsənlini ən çox qınayanlar və ona sərt, təhqiramiz cavab verənlər isə hazırda “teleulduz” olmaq istəyənlər, “tv çörəyi” yeyənlərdir. Onlar, sadəcə, öz teştlərini qoruyurlar, çörək yedikləri qaba artıq-əskik söz deyilməsini istəmirlər.

Ancaq baxaq, görək, Kamran Həsənli haqsızdırmı?

Düzdür, o da vaxtilə aşağı səviyyəli verilişlər aparıb, orada aşağı səviyyəli qonaqları danışdırıb, aşağı səviyyəli söhbətlərə moderatorluq edib, amma bu, o demək deyil ki, təcrübəli teleaparıcı indiki səviyyəsizliyə göz və ağız yumsun.

Adam təmayülün daha pis, daha iyrənc yerə getdiyini görür və həyəcan təbili çalır, dediyinin mənası odur ki, tv-lər bundan da rəzil günə düşəcəklər, düşməsinlər. Əgər bu, xəbərdarlıq kimisə qane etmirsə, prinsipial olaraq bu durumu normal qəbul edirsə, buyursun, getsin, girdaba qədər yolu var.

7-8 il ildən bəri yerli telekanallarda futboldan başqa bir şeyə baxmayan tamaşaçı olsaq da, elə çıxmasın ki, telekanalların xalqa təqdim etdiyi verilişlərdən xəbərsizik. O verilişlər ya bütöv, ya da fraqmental şəkildə hər gün internet resurslarında, saytlarda qarşımıza çıxır və ən azı 3-4 dəqiqə baxırıq (bundan artıq baxmaq mümkün olmur). Bu, kifayət edir, çünki dənizin suyunun şor olmasını bilmək üçün ondan bir vedrə yox, bir qurtum içmək də bəsdir. Bayağı söhbətlər, əttökən xitablar, özlərini masaj salonunun divanında oturanlar kimi aparanlar, qulaq cırmaqlayan səs tonu, ədabaz tələffüzlər, şit zarafatlar, yalançı dramatizmlər və s, və i.a. – plintus, palaz-kilim səviyyəsi.

Müxtəlif səbəblərdən buna baxmağa məcbur olanlar artıq öyrəşib. Onlar belə şeyləri normal qəbul edirlər. Ancaq səviyyəsizliyə təhəmmülü olmayanlar asudə vaxtlarını tamam başqa məşğuliyyətlərə səf edirlər. İllərdir belədir.

Kamran Həsənli deyirdi ki, gəlin, indən belə o cür etməyək. Ona dedilər ki, sən sus, vaxtilə özün də bu bataqlığa girmisən. Doğrudur, K.Həsənli də o bataqlıqda olub, amma o, oradan çıxmağı təklif edir. Ona cavab isə belədir: “Bura bizə xoşdur”.

İnsaf və ədalət naminə deyək ki, belə verilişlər dünyanın bütün ölkələrində var. Hətta bəzi ölkələrdə daha beşbetər səviyyəsiz, əxlaqsız, iyrənc verilişlər, realiti-şoular təqdim edən telekanallar mövcuddur. Məsələn, İtaliyada, Rusiyada, İspaniyada, Hollandiyada, Fransada elə telekanallar var ki, realiti-şouya topladıqları insanların məhrəminə belə girir, onların necə yatıb-durduqlarını, cinsi əlaqədə olduqlarını milyonlara göstərirlər (təbii ki, bəlli saatlardan sonra). Bir ara belə verilişlərin kopyasını bizdə də etmək istəyirdilər, amma bu təşəbbüs yüksək səviyyədə boğuldu.

Fəqət bu ölkələrdə hər saatbaşı xəbərlərlə, siyasi icmallarla efir açan ciddi telekanallar da mövcuddur, o cümlədən sırf idman verilişləri verənlər də, uşaqlar üçün fəaliyyət göstərənlər də var.

Heç kim tələb edə bilməz ki, bir telekanal bütün günü politoloqları, sosioloqları, iqtisadçıları tok-şouya dəvət etsin və onlar səhərdən axşamacan, necə deyərlər, “millətin dərdi”ndən danışsınlar. Bu, hamını bezdirər. Futboldan maraqlı oyun yoxdur, iki matça ard-arda baxmaq olmur. Son illərdə isə oturub 90 dəqiqə boyunca futbola baxanlar azalıb, xeyli adam (xüsusilə də gənclər) sonradan 10-15 dəqiqəlik icmala baxır.

Ancaq sənət, şou-biznes adamlarının da səhərdən axşamacan ekranda görünməsi, “toy tutmaq”, “qarderob”, “tətil” söhbəti etmələri, bir-birilə süni “qalmaqal” yaratmaları da eyni dərəcədə bezdirici, hətta iyrəncdir.

Telekanalların veriliş proqramları rəngarəng olmalıdır. Necə ki, köhnə vaxtlarda televiziyada xəbərlər bülleteni də verilirdi, siyasi icmallar da, yumoristik verilişlər də, konsertlər də, filmlər də, uşaq verilişləri də. Hər verilişim öz yeri, vaxtı, auditoriyası vardı. Səviyyəsizlik, iyrənclik, şitlik isə yox idi.

Dediyim odur ki, tənqidi top-tüfənglə qarşılamaq düzgün deyil. İmkan varsa, tənqiddən nəticə çıxarın, yoxdursa, canınız sağ olsun, davam edin, amma unutmayın ki, o cığır uçuruma aparır.

Нет комментариев

Новости автора