Общественно-политическая интернет газета
Belə çıxır ki, ABŞ və Avropa Qafqaz regionuna münasibətdə yeni bir ittifaq yaratmaq üzrədir. Buna blok da demək olar. Bu bloka ABŞ, Fransa başda olmaqla bir sıra Avropa ölkələri və Ermənistan daxildir.
Bu blokun üzvlərinin mübarizə hədəfi isə indilikdə Türkiyə, Rusiya, Belarus, Azərbaycandır. ABŞ və Avropa bu üç dövləti bir-birinə zorən müttəfiq etməkdədir. Orta Asiyadan verilən açıqlamalardan aydın olur ki, onlar da ABŞ-ın çevrəsini yox, Türkiyə və Azərbaycanın, eləcə də Rusiyanın olduğu ittifaqın yanında olacaqlar.
Qərbin Cənubi Qafqazdakı davasının adı “erməni məsələsi”dir. “Xristian qardaşlığı” prinsipi ilə hərəkət edənlərin regionda ermənilərə üstünlük qazandırmaq, onların dövlətini böyütmək planları iflasa uğrasa da, ermənilərin kürəyindən əllərini çəkmək fikrində deyillər və hay-həşirlə, dönə-dönə vurğulayırlar ki, ermənilərin təhlükəsizliyinə təhdid var və onları qorumaq lazımdır.
Maraqlıdır ki, ABŞ və Fransa bu işi sentyabrın 17-də İstanbulda keçirilən gizli görüşdə Rusiyanın boynuna qoymaq istəyiblər, ancaq Kreml Qərbin sözü ilə ermənilərə sipər olmaq istəməyib.
Rusiyanın bu addımı təbiidir. Nəyə görə Ukraynada məğlub olması üçün hər ay milyardlarla dollar xərcləyən ABŞ və Fransanın iradəsi ilə Rusiya onların daha bir müttəfiqini, özü də Rusiya kimi 300 illik himayədardan üz döndərmiş satellitini qorumalıydı və buna görə həm Türkiyə, həm də Azərbaycanla münasibətini korlamalıydı?
Eyni zamanda bu durumun özü paradoksaldır. Görün, Ermənistan Qərb və Rusiya üçün nə dərəcədə əzizdir ki, indiyədək dünyanın hər tərəfində çəkişən, vuruşan, qırışan dövlətlərin maraqlarının yeganə üst-üstə düşdüyü məkan imiş. Başqa sözlə, Ermənistan adı gələndə axan sular dururmuş – həm Vaşinqton və Parisdə, həm də Moskvada.
Ancaq bu qüvvələr arasında total düşmənçilik o qədər yoğunladı, dərinləşdi, aradakı çatlar elə böyüdü ki, Ermənistan torpaq sürüşməsinə məruz qalmış kiçik təpə kimi yaranan yarğanın girdabına getdi.
Bu, əvvəl-axır baş verməliydi. Heç ola bilməzdi ki, bir-birinə düşmən kəsilmiş iki böyük dövlət, iki bədheybət Ermənistan müstəvisində sona qədər müttəfiq olaraq qalsınlar. Ermənilərdən ya amerikalılar üz döndərməliydi, ya da ruslar. Fəqət bu baş vermirdi, həm ruslar, həm də amerikalılar erməniləri kiçik qardaş gözündə görürdülər. Bu isə erməniləri ərköyünləşdirirdi. Onların bütün gücü Rusiya və ABŞ arasında yeganə bağ olmalarında, hər iki dövlət üçün əziz sayılmalarındaydı.
Sözügedən bağın nədən qopması barədə uzun-uzadı yazmaq olar, amma qısaca onu deyək ki, bu, sırf ermənilərin maksimalistliyi üzündən oldu. Burada Kremlin günahı, qələmə verildiyi kimi, ermənilərə xəyanəti olmadı. Hətta Moskva uzun müddət ermənilərin ABŞ-la, Fransa ilə mazaqlaşmasına səbrlə göz yumdu, bu münasibətlərin ciddiləşməyəcəyinə inana-inana gözlədi. Ermənistan Rusiyadan ala biləcəyini artıq aldığına, bundan sonra Qərbdən faydalanaraq daha böyük nailiyyətlər əldə edəcəyinə inanırdı. Beləcə, İrəvanın xəyanət yoluna düşdüyünü, hərəkətin geridönməz şəkil aldığını görəndən sonra Rusiya aktiv himayədardan passiv himayədara çevrildi. Bu, təxminən məişətdə işlədilən “ta özünüz bilərsiniz” durumu idi. Bununla belə, rus isteblişmeni neytral deyildi, qəlbi yenə İrəvanın yanında idi.
İndi Fransa yetkililəri, Avropa Şurasının başbilənləri Rusiyanı Ermənistana xəyanət etməkdə suçlayırlar. Rusiya da onları Ermənistana xəyanət etməkdə günahlandırır. Ermənistan Kremlə münasibətdə “xəyanət” kəlməsini daha çox təkrar edir. Aradakı qarşıdurma dərinləşir.
Yeni bloklaşmada bizim Rusiyanın səfində yer almağımız əslində o qədər də əlverişli deyil. Çünki Ukraynadakı müharibə üzündən Rusiya bütün Avropa ilə qanlı-bıçaqdır. Üstəlik, ABŞ və Avropanın Türkiyəyə münasibəti də 6-7 ildir ki, qeyri-dostcasınadır. Türkiyənin anti-Rusiya koalisiyasına qoşulmaması, Azərbaycana birmənalı dəstək verməsi Qərbin ona qarşı cəbhə almasının daha bir səbəbidir.
Ancaq ortada 35 ildən sonra hərbi həllini tapmış Qarabağ məsələsi var deyə bizim böyük dövlətlərin “blok-blok” oyununa qoşulmaq, kiminsə tərəfində aktiv şəkildə yer almaq imkanımız yoxdur. Biz öz davamızı aparır, öz başımızın çarəsinə baxırıq.
Ən ümdəsi, bir daha sübut olunur ki, qonşuya xəyanət yolverilməzdir. Uzaqda yerləşən dövlətlər bir gün işlərinə gəldikdə çəkilib gedəcəklər, qonşu isə heç yerə getməyəcək.
КомментарииОставить комментарий