Общественно-политическая интернет газета
Dünyada nə miqyasda olay, faciə baş verir, versin, bunun “razılaşdırılmış oyun”, “ssenariləşdirilmiş düzməcə” olmasından şübhələnənlər olur.
Hazırda İran-İsrail müharibəsinə də o prizmadan baxanlar var. Onların nə dərəcədə haqlı və ya haqsız olmasını yaxın gələcək göstərəcək.
Ancaq bu, acı gerçəklikdir ki, region əməlli-başlı böyük bir hərbi kataklizmin astanasındadır. İki ballistik raketləri olan dövlət arasında ölüm-dirim savaşı başlayıb. Davamlı olarsa, böyük faciələr yaşanacaq.
İsrail və İran arasındakı ixtilafın özəlliyi ondadır ki, bu iki dövlət sərhəd qonşusu deyil və bir-birinə ərazi iddiası irəli sürmür, başqa alıb-verəcəkləri də yoxdur. O da bəllidir ki, şah dönəmində İsrail və İran müttəfiq olublar. İsraili ilk tanıyan müsəlman dövlətlərindən biri İran olub.
Bu hadisə 1960-cı ildə baş verib. ABŞ-ın bölgədəki sadiq müttəfiqi olan İranın şahı Məhəmmədrza Pəhləvi ölkəsinin İsraili tanıdığını açıq şəkildə təsdiqləyib. Misir buna cavab olaraq Tehranla diplomatik münasibətləri kəsib və bu əlaqələr 10 ildən sonra bərpa edilib. Daha 10 ildən sonra Misir də İsraili tanıyıb. Çünki o da ABŞ-ın müttəfiqi idi.
Ancaq İranda dini qüvvələr hakimiyyətə gələndən və ölkədə teokratik rejim yaradandan sonra ABŞ-la düşmən olan yeni hakimiyyət avtomatik olaraq, onun regiondakı baş müttəfiqiylə - İsraillə də düşmən olub.
İsraillə İranın düşmənçiliyinin dini-tarixi əsasları da var. Məlum olduğu kimi, İslam dünyası İsrail oğullarını lənətlənmiş qəbilə sayır və onların Yer üzündə yaşamaq haqqı olmadığına inanırlar. İran isə İslam dünyasında nüfuzlu olmaq, ətrafında dini birgəliyə əsaslanan koalisiya yaratmaq üçün bu tarixi düşmənçiliyi sürdürmək əzmindədir.
Əslində Təl-Əviv İran rejiminin yəhudi dövlətinə qarşı bəslədiyi düşmənçilik hisslərinin gerçək şiddətini çoxdan və yaxşı bilir, ancaq bu dövlətə qarşı hücumçu mövqe tutmaq istəmir, yalnız ondan müdafiə olunmağı üstün tutur. İsrailin əsas dərdi Fələstin ərəbləri ilə baş etməkdir.
Başqa vaxt sünni ərəbləri düşmən sayan, onlar tərəfindən isə daha ağır şəkildə düşmən hesab edilən, “dindən dönmüş”, “rafizilər ölkəsi” adlandırılan İranın Fələstinə qahmar çıxması heç də səmimi din qardaşlığı amilinə görə deyil. Burada din faktoru İran üçün pərdə rolunu oynayır. İran rejimi gerçəkdən də özünü dünyada əzilən müsəlmanların pasibanı, arxa-dayağı kimi aparsaydı, Çində əzilən uyğurlara, Qarabağdan didərgin salınan, soyqırıma məruz qoyulan qarabağlı şiələrə, Hindistanda küçədə namaz qıldığı yerdə təpiklənən müsəlmanlara, Myanmada güllələnən, deportasiya edilən rohincalara sahib çıxar, etiraz səsini qaldırar, həmin ölkələrə irad bildirərdi.
Bu qədər əzilən müsəlman icmaları bir tərəfə, İsraildə geniş muxtariyyat qazanmış, müstəqil dövlət qurmaq üzrə olan fələstinlilər bir tərəfə? O birilər əzilən müsəlman deyil, yalnız Fələstin xalqı əzilir?
Təəssüf ki, İran rejimi heç zaman bu suallara cavab vermir və israrla öz arqumentlərini, təhdidlərini səsləndirir.
Hazırda 14 aprel gününün ilk saatlarında İranın İsrailin üzərinə dronlarla, adi və ballistik raketlərlə təşkil etdiyi hava hücumuna verilən əsas şərhlərdən biri budur ki, bu addımla Tehran öz sifətini qorudu. Bu, bir gerçək ola bilər. Amma demək lazımdır ki, bu “sifətqoruma əməliyyatı” yalnız daxili istifadə üçün yararlıdır.
Bəlkə də İsrailə hücum daha effektiv alınsaydı, belə hesab etmək olardı ki, Tehran məqsədinə çatdı, üzünə vurulmuş şilləni ənsəsinə atmadı, düşməninin cavabını layiqincə verdi.
Ancaq bu, bir reallıqdır ki, cavab layiqincə olmadı, effektisiz oldu. Bu, sifəti qorumaq deyildi. İndi İsrail cavab verəcəksə, təkcə sifəti yox, həm də aşağı ətrafı, bunkerləri, bütövlükdə Buşəhri qorumaq lazım gələcək.
İsrail də həmişə sifətini, hətta çeçələ barmağını qoruyan, bu zaman amansız cavab tədbirləri görən, mülki insan-hərbi şəxs fərqi qoymadan qarşısındakını bütövlükdə hədəf alan dövlətdir.
Diqqətimizi HƏMAS-ın ötən ilin oktyabrında etdiyi məşum səhvə yönəldək. Bu təşkilat 1000 civarında yəhudi və əcnəbini öldürməklə, girov götürməklə öz xalqını qırğına məruz qoydu, Qəzzada ölənlərin sayı 33 minə yaxınlaşıb və İsrail dayanmaq fikrində deyil. Qəzzada insanlıq faciəsi yaşanır və onun iki əsas günahkarı var: HƏMAS və İsrail hökuməti.
İndi görək, arı yuvasını çubuqla qurdalamış İran “qisas bombardmanı”na məruz qalacaqmı. Çünki sifət qorumaq növbəsi indi İsraildədir.
КомментарииОставить комментарий