Свобода людям, независимость нациям!

Sərhədləri bilinməyən Rusiya və... Kamil Zeynallının başına gələnlər

Dünyada beynəlxalq hüquq, BMT-ATƏT-filan artıq çoxdan saya salınmır. Yalnızca hərbi güc. Bunu hamıdan yaxşı Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 məlum Qarabağ qətnaməsinin aqibətindən yaxşı bilir. Adı çəkilən qurumlara qalsaydı, torpaqlarımız hələ də erməni işğalı altında idi...

Əfsus ki, Azərbaycandan fərqli olaraq, hər hansı hərbi təcavüzlə üzləşməyən bəzi haqsız, böyük dövlətlər də güc amilinə önəm verməkdədır. Biri elə qonşu Rusiya. Günü bu gün də “Güclüyəm, ona görə mənə hər şey olar” mağara prinsipini rəhbər tutan Moskva Ukraynada istədiyinə çatacağı təqdirdə neo-imperialist marağını gizlətmir də.

Kremlə yaxın mediada xüsusən də Qazaxıstanla bağlı zaman-zaman təxribatçı-separatçı fikirlərin, ərazi iddialarının, yaxud müttəfiq respublikaların SSRİ tərkibindən qanunsuz çıxması haqda sayıqlamaların yer alması boşuna deyil.

Şəkk-şübhə yox ki, Putin Rusiyasının “SSRİ-2” layihəsi var və onun “küləyi” Azərbaycanı da vura bilər...

“Üçüncü dünya müharibəsinin başlanması ehtimalı ilə bağlı qorxular əsassız deyil. Çünki hərbi güc qərar qəbul edən mərkəzlərin əsas arqumentinə çevrilib. Sanki Birinci və İkinci Dünya müharibələrinin nəticələrindən dərs çıxarılmayıb”.

Bunu dünən Belarus prezidenti Aleksandr Lukaşenko yerli mediaya müsahibəsində söyləyib.

Məntiqlidir. Amma dərsi, nəticəni birinci elə Belarusla ittifaq dövləti yaradan Rusiya, onun lideri Putin çıxarmalı deyil?

Önümüzdə iki ildir qonşu Ukraynanı xarabazarlığa çevirməklə məşğul olan Rusiya var. İndi əgər rus özünə qardaş hesab etdiyi slavyan xalqının başına bu oyunları açırsa, digərlərinə nə baxır...

Gürcüstan prezidenti Salome Zurabişvili də tam haqlıdır deyəndə ki, Rusiya sərhədləri bilinməyən ölkədir. Moskvanın qonşu ölkələrə davamlı hücumlarından danışan Zurabişvili təbii ki, öz ölkəsini misal gətirərək əlavə edib: “Oxşar şeyləri Ukrayna, Moldova haqda, Rusiyanın demək olar, bütün qonşuları haqqa söyləmək olar”.

Adam zərrəcə yanılmır. Rusiya gerçəkdən sərhədləri bilinməyən dövlət. Daha dəqiqi, belə deyirlər: “Rusiyanın sərhədləri ruslar yaşayan ərazilərdən keçir”. Yəni bunu bəhanə edib istənilən qonşu ölkəyə təcavüz edə bilərlər.

Bu dövləti nəinki bölgə, artıq bütün dünya üçün, qlobal sabitlik üçün təhlükəli edən də budur – “qeyri-müəyyən” sərhədlər, imperiya iştahası, velikorus düşüncəsi...

Dünyada və regionda sülhə, barışıq və əməkdaşlığa təhdidi yaradan, potensial müharibə qaynağı olan və sərhədləri bilinməyən başqa bir “dövlət” isə bizim o biri böyrümüzdədir. Bu, əlbəttə ki, konstitusiyası qanuni ərazisinə uyğun gəlməyən, hətta 44 günlük savaşdan sonra da “yeni ərazilər uğrunda yeni müharibə” üçün alışıb-yanan Ermənistandır.

Nə qədər ki, Rusiya qanuni sərhədlərinə çəkilməyib və nə qədər ki, onun satelliti və vassalı Ermənistan da real sərhədləri ilə barışıb Azərbaycanla sülh müqaviləsi imzalamayıb bölgədə həqiqi sülh və sabitlik olmayacaq. Odur ki, Azərbaycanın üzərinə düşən əsas şey öz hərbi gücünün qeydinə qalmaq, onu durmadan artırmaq, mürgü vurmamaq və bu iki fitnəkar qonşunun hərəkətlərini diqqətlə izləməkdir.

Kamil Zeynallının başına gətirilənlər görküdür. Lap tutaq, öz vətəndaşımız Qarabağda, qanuni ərazimizdə hansısa cinayət əməli törədib. Ondan sizə, Ermənistana nə? Rusiya, Ermənistan Qarabağı Azərbaycan sayırsa, niyə o Azərbaycanda yox, Ermənistanda mühakimə olunmalı, düşmən ölkəyə təhvil verilməlidir?..

Z. SƏFƏROĞLU

Нет комментариев

Новости автора