Общественно-политическая интернет газета
Elə oldu ki, qatıldığımız konqresin toplantılarından bir az macal-mafar edən kimi üç həmvətən Səmərqəndin mərkəzinə, dükan-bazara getmək istədik. Bilirsiniz, bazar ziyarəti adətdəndir. “Həm ziyarət, həm ticarət” məsələsi... Harada olarıqsa, iki muzeyə gedəndə üç də ticarət mərkəzlərinə gedərik.
Ancaq qaldığımız otel şəhərin kənarındaydı, hesab edin ki, Ümid qəsəbəsində, ya da At yalı adlanan yerdə. Piyada getmək mümkün deyil, marşrut avtobusu-filan da yox. Taksi çağırası olduq. Gəldi. Mindik. Oturan kimi sürücüyə “salam-əleyküm” dedim, o da 50+ yaşda adam idi, ədəblə “əleyküm-salam” dedi. Mən “tərpənək” deyəndə onun cavabı “baş üstə, ağsaqqal” oldu və ardınca soruşdu: “Azərbaycandansız?”. Təsdiqlədik.
Arxada əyləşən və muzey işçisi olan bacılardan biri “burdan ora nə qədər yoldur, görəsən” deyə ortalığa ünvanlanan sual səsləndirəndə, sürücü təmiz ana dilimizdə dilləndi: “6-7 kilometrdir, xala, çox döül”. Mən onun öz yaşındakı (bəlkə də daha cavan) qadına “xala” deməsinə zarafatyana irad tutdum. Sürücü dedi, bə nə deyim? Dedim, bacı de, apa de. Razılaşdı.
Yolda o, önümüzdə ağır-ağır gedən bir avtomobilin sürücüsünə səsləndi: “Ə, sür dana, day”.
Bir də fikir verdim ki, adam Azərbaycan dilində eynilə bizim kimi danışır, ləhcəsi isə Gəncə-Şəmkir zonasının adamlarınınkı kimidir. Zarafatla soruşdum ki, qardaş, sən Şəmkirdən deyilsən. Sürücü, deyəsən, sualı bir az ciddi qarşıladı, dedi: “Yox, səmərqəndliyəm, amma şəmkirlilərlə işləyirdim Moskvada”.
Məlum oldu ki, o, ana dilimizdə belə təmiz danışmağı meyvə-tərəvəz bazasında birlikdə çalışdığı şəmkirli həmvətənlərimizdən öyrənib, xüsusilə də Nizami adlı müdirindən.
Nadir adlı sürücü Moskvadan 1 il öncə gəldiyini, daha dəqiqi, deportasiya olunduğunu dedi. “Sizin pulla 700 manat cəriməm varmış, bilməmişəm, ödəməmişəm, tutuf deport elədilər”, - Nadir əkə izahat verdi və əlavə etdi: “Yaxşı ki, gəlmişəm. Qrajdanstvası olan bizim kimilərdən qabaxlarına keçəni basırlar müharibəyə. Baxmırlar ki, yaşı düşür, ya yox. Məjburux, puldan-paradan basıf canımızı qutarax dana. Gedif Ukrayna qırılası döyülük ha”.
Xüləseyi-kəlam, Şəmkir ləhcəsində danışan əkəylə ordan-burdan danışa-danışa (arada hətta siyasətdən, İsrail-Qəzza münaqişəsindən də) gəlib çıxdıq mənzil başına. Yetişhayetişdə o, arxada əyləşən bacıya bir daha “xala”, mənə də “ağsaqqal” dedi, pulunu ödəyib sağollaşanda isə arxadan səsləndi: “Çox sağ ol, qaqa”.
Görünür, əkənin ağdamlı iş yoldaşları da olub.
Bizim “Vosmoy bazarı”na oxşayan bazarı bir az gəzib-dolaşdıq. Özbəkistanın milli valyutasının – somun çoxsıfırlı olması bir neçə dəfə çaşqınlıq yaratdı. Məsələn, bir suveniri – tutaq ki, üstünə “SAMARKAND” yazılmış soyuducu maqnitini götürüb soruşursan ki, neçəyədir, deyirlər, 15 min. İstər-istəməz fikirləşirsən ki, buna bir “Prius”un pulunu necə verəsən.
Hərçənd bazarda alış-veriş edərkən nə rus, nə ingilis dilini bilməyə ehtiyac yoxdur, öz dilimizdə danışmağımız kifayətdir. Həm dillərimiz yaxındır, həm də alver edənlərin, demək olar ki, hamısının azərbaycanlı dost-tanışları olub və bazar terminlərini yaxşı əxz ediblər.
İndi buna təsadüfmü deyim, ya obyektiv gerçəklikmi, bilmirəm, qayıdanbaş daha bir taksiyə mindik və onun sürücüsü də 1 ay öncəyə qədər Moskvada azərbaycanlılarla işləyən özbək çıxdı. 40-45 yaşlı kişinin adı Behzad idi. Behzad da Gəncə-Şəmkir ləhcəsində danışırdı, deyirdi, çoxlu dostları var: Röyal, Elşən, Elçin, Fərid və başqaları. Behzadın dediyinə görə, 44 günlük müharibənin gedişatını azərbaycanlılarla birlikdə “perejivat” eləyiblər, hər qələbə xəbərindən sonra da oturub “otmeçat” edirmişlər.
Behzad da, özü demişkən, “gül kimi yaşadığı və pul qazandığı” Moskvadan müharibə üzündən qaçaq düşüb. Həm son bir ildə işlər axsamağa başlayıb, həm də onun kimilərdən Rusiya vətəndaşlığı almağı tələb edirmişlər ki, elə ertəsi gün də “povestka” göndərib bassınlar müharibəyə. O da məcbur olub qayıdıb doğma şəhəri Səmərqəndə.
Arada Behzaddan soruşdum ki, burası aydındır, Moskvada özbəklər və azərbaycanlılar ortaqlıq, dostluq edirlər, bəs həm özbəklərin, həm də azərbaycanlıların bizim düşmənlərimizlə əlaqələri necədir. Behzad dedi ki, əlaqələr yox dərəcəsindədir. “Kimdir onları yaxın qoyan? Qnidadırlar. İşləri düşəndə sənə “daraqoy-daraqoy” deyirlər, sənin onlara işin düşəndə isə - “paşol so svoey doroqoy”. Amma qaqalar qardaşdır”.
Beləcə, qayıtdıq gəldik otelimizə. Amma mənə çox maraqlı gəldi. Bir saatın içində iki taksiyə minəsən, sürücünün ikisi də Moskvadan gəlmiş ola, ikisi də azərbaycanlılarla, xüsusilə də şəmkirlilərlə dost-ortaq çıxa, ikisinin də həyatı müharibə üzündən dəyişmiş ola. Kim bilir, postsovet məkanında nə qədər belə insan var.
КомментарииОставить комментарий