Общественно-политическая интернет газета
ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbinin əvvəl-axır Şuşaya gedəcəyi hələ ölkəmizə gəldiyi gündən bəlliydi.
Sələflərinin çoxundan yaxşı mənada fərqlənən cənab səfir xalqımıza xoş münasibəti, sadələliyi, istiqanlılığı ilə seçilirdi.
Onun ölkəmizin müxtəlif gəzməli, görməli yerlərində olması, Qəbələdə milli bayramımız Novruzda ürəkdən iştirak etməsi, Beşbarmaq ziyarətgahına getməsi ondan xəbər verirdi ki, səfir Libbinin yolu mütləq Qarabağdan da keçəcək.
Sadəcə, tələsmək, adamı fakt qarşısında qoymaq, dirəşmək lazım deyildi. Jurnalistlər ona kəskin ritorika ilə “Şuşaya niyə getmirsiniz, nə vaxt gedəcəksiniz” kimi sual verəndə, ölkəsinə hörmət qoyan istənilən səfir o cür cavab verəcəkdi.
Bu, BMT-nin üzvü olan 200 civarında dövlətin hər birində səfirliyi, on minlərlə diplomatı olan dünya hegemonu ABŞ-nin səfiridir, hansısa rayonun İH başçısının müavini deyil. Belə dövlətə və bu cür yüksək rütbəli adamlara sayğı ilə yanaşmaq lazımdır ki, qarşılığında sayğı da görək.
Bəzən biz özümüzü olduğumuzdan daha böyük, daha vacib hiss edirik və hamının mütləq bizimlə hesablaşmalı olduğunu düşünürük. Özünəhörmət və özgüvən yaxşı şeydir, amma təkəbbür və hamını özünə borclu saymaq çox zaman ziyan gətirir.
Bir də biz nəyisə beynimizə yeridir və dönüb-dolaşıb eyni məsələləri qabardırıq. ABŞ-nin və ya hansısa başqa ölkənin Qarabağın şəhərlərinə gedib-getməməsi məsələsini dövlət əhəmiyyətli məsələyə çevirməyin, bu motivlə onların üzərində basqı qurmağın mənası yoxdur. Bunu onların ərazi bütövlüyümüzü tanımaması kimi yozmaq da yersizdir. Hamısı ərazi bütövlüyümüzü, necə lazımdır, tanıyıb və məsələ bitib.
Sadəcə, bu dövlətlərin öz maraqları və öz prinsipləri var, lazımi zamanı gözləyirlər, öz mənafelərinə uyğun olanda Şuşaya da gedəcəklər, Xankəndidə hansısa tədbirdə iştirak da edəcəklər.
İndilikdə isə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmayıb, müharibə bitib, münaqişə durumu qalır, sərhəd məsələsində mübahisə davam edir. Şükür ki, delimitasiya və demarkasiya işləri öz ritmi ilə gedir. Bu gedişlə bu ilin sonuna qədər, hansısa fors-major hal baş verməsə, yəni qüdrətli dövlətlərdən biri qurdalayıb halaypozanlıq eləməsə, bu iki Qafqaz dövlətinin arasında münasibətlər normallaşacaq.
O zaman xarici ölkələrin səfirlərinin işlədikləri ölkənin ərazisindəki istənilən məkanı sərbəst şəkildə ziyarət etməsi başqa ölkələrdə kəskin reaksiya doğurmayacaq. Onları bu səfərlərinə görə tərəf tutmaqda qınayan olmayacaq.
ABŞ-nin bu sayaq naqolay duruma düşmək istəməməsini anlamaq gərəkdir. Bu dövlət Qafqazda Rusiya ilə mübarizə aparır, artıq onun ən sadiq müttəfiqinin – Ermənistanın arxa bağçasına yerləşib, orada möhkəmlənmək, gül dərmək istəyir. Ona görə də indiki halda ABŞ regiondakı diplomatlarının öz hərəkət və açıqlamaları ilə Rusiyanın, eləcə də ruspərəst ermənilərin əlinə bəhanə vermək, onların “gördünüzmü, bu da sizin tərifli Amerikanız” deyə qara piar aparmasına imkan yaratmaq istəmir.
Belə məsələlərdə əsas söz sahibi Mark Libbi kimi səfirlər deyil, ABŞ-nin xarici siyasət idarəsi, öz adıyla desək, Dövlət Departamentidir. Dövlət katibi Entonu Blinkenin başçılıq etdiyi bu idarə səfirlərə hansı tapşırığı verir, onlar da icra edirlər. Ayrıca Blinkenin erməni məsələsində nə qədər həssas olduğunu hamımız bilirik. Adam vaxtaşırı İrəvana da zəng edir, Bakıya da, gözünün biri Qafqazdadır.
Düzdür, səfirlərdən də çox şey asılıdır. Onların hansısa ölkədəki ictimai-siyasi duruma dair informasiyaları mərkəzə doğru-dürüst çatdırması, islahat və dəyişikliklərin müsbət yöndə, ümidverici olduğu barədə Vaşinqtonda normal rəy yaratması çox şeyi həll edə bilər. Zatən, səfirlərin əsas vəzifəsi təmsil etdikləri dövlətlə işlədikləri dövlətin münasibətlərini dostluq müstəvisində saxlamaq, normal əlaqələri təmin etməkdir.
Ermənistandakı ABŞ səfirinin həmişə ermənifil açıqlamalar verməsi hallarını çox müşahidə etmişik. Normaldır. Adam gəmidə oturub gəmiçi ilə dava etməyəcək. Başqa ölkələrdəki səfirlər də eləcə.
Bu baxımdan biz səfir Libbiyə media təzyiqi göstərərək dostumuzkən düşmənimizə çevirməli deyilik. Adam öz ölkəsini təmsil edir, onun siyasətini həyata keçirir. Biz isə onu dövlət büdcəsindən maaş alan məmur kimi avtobusa basıb istədiyimiz yerə aparmaq istəyirik.
P.S. Cənab səfirin o xoşagəlməz açıqlamadan sonra Şuşaya getməsi göstərdi ki, o, xoşməramlı adamdır və hər sözü söz edən deyil.
КомментарииОставить комментарий