Свобода людям, независимость нациям!

Revanşistlərə bəd xəbər – Nə qədər ki, Laçın postu açıqdır...

“Hər şər işdə bir xeyir başlanğıcı var”. Əlbəttə ki, ağıl və hikmət sahibləri üçün. Əfsus ki, rusun bizə 200 ildir zorla qonşu elədiyi məlum millət, daha doğrusu, onun önündə gedənlər yaşadıqları bunca fəlakətlərdən sonra da dərs götürmək istəmirlər. Türklə mənasız çəkişmə-davanı dayandırmaq, düşmənçilik səhifəsini bağlamaq, hamı kimi normal həyata başlamaq əvəzinə, kin-ədavəti nəsildən-nəslə ötürməyə çalışırlar. Keçək mətləbə.

Qonşu ölkədəki partiyalardan birinin sədri, özünü demokratların (?!) lideri sayan Aram Sərkisyan deyib ki, Ermənistanda “mühacirətdə olan Dağlıq Qarabağ hökuməti” qurmaq lazımdır. “Heç kimin Artsax Respublikasını ləğv etmək hüququ yoxdur. O, referendum yolu ilə yaradılıb və bunu yalnız xalq edə bilər. Xalq isə tamamilə Ermənistanda cəmləşib, ona görə də onların mühacirətdə öz hökuməti, parlamenti olmalıdır”, - Sərkisyan sərsəmləyib.

Səbəbi isə görün necə izah edib: “Bu, Dağlıq Qarabağın qorunub saxlanılması kursunu davam etdirməyə və gələcəkdə qayıdış ideyasını dəstəkləməyə imkan verəcək. Hər halda belə olmalıdır. Əks halda, bu, Dağlıq Qarabağ hüququndan imtina demək olacaq”.

Dağlıq Qarabağ Münaqişəsi: Bir iddia, iki sual | Briefly: The Law Blog

Az öncə “mühacir” (s)“arsaq hökuməti”nin yaradıla biləcəyini yazmışdıq. Yəqin ki, revanşist-daşnaklar, “miatsum”çular bu sonuncu hoqqadan da çıxacaqlar. Təki erməni etnik azlıq nə vaxtsa Qarabağda konstitusiyamız çərçivəsində yaşamaq niyyətinə düşməsin və ən əsası, Azərbaycana qarşı ərazi iddiası həmişə gündəmdə qalsın. Belə görünür, indi də bu yolla erməni icmasını qorxu-ürkü altında saxlamağa çalışacaq, terror edəcəklər - bu dəfə Ermənistanın özündə.

Olsun. Biz öyrəncəliyik. “Yüzə dözən yüz birə də dözər”. Ancaq o halda “mühacir DQ hökumətİ”in başçısı uzağı Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşə bilər. Və nə vaxt Ermənistandan qovulmuş soydaşlarımız öz dədə-baba torpaqlarına geri dönər, onların hüquq və təhlükəsizliklərinə İrəvan beynəlxalq birlik qarşısında yazılı zəmanət verər, Bakı da Qarabağdan könüllü getmiş ermənilərə eyni haqqı tanıyar.

Yəni “güzgü prinsipi”. Evə-ev, həyətə-həyət, statusa-status. Bax, bu olacaq həm beynəlxalq hüququn, həm də ilahi ədalətin təntənəsi. Necədir?

4a74aaa87fccbe8ef5f9f079a90a4184.jpg (105 KB)

Sərkisyanın istinad eldədiyi “referenduma” gəlincə, bəllidir ki, onun nəticələrini heç Ermənistanın özü tanımayıb. Hamı bilir ki, bu, qanunsuz, beynəlxalq hüquqa və hətta SSRİ Konstitusiyasına zidd olaraq həyata keçirilmiş, Azərbaycanın təməl haqqına kobud şəkildə girən bir təxribat, pozucu əməl olub. Yoxsa dünya “artsax”ı çoxdan tanımalı idi...

“Biz sürətli və operativ hərəkət etməliyik. Göstərmək lazımdır ki, biz Azərbaycanın işğalını qəbul etməmişik və etməyəcəyik”. Bunu da xam xəyallara qapılan Aram Sərkisyan söyləyib.

Azərbaycan Qarabağı işğal edibmiş! Bu sırtıqlar sürüsünə, nadan-həyasızlara heç cür çatmır ki, bir dövlət öz ərazisini işğal edə bilməz, işğaldan azad edər! Elə bu qanmazlığın nəticəsidir ki, erməni xalqı fəlakətlər girdabından çıxa bilmir.

Kimdir işğalçı? Hələ 1995-ci ildən keçmiş DQMV-ni özünə “birləşdirilib” konstitusiyasında müvafiq düzəliş edən Ermənistan, yoxsa beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü 28 ildən sonra bərpa edən Azərbaycan? Yalançının yaddaşı olmaz. Əgər “DQMV” hələ də rəsmən Ermənistan ərazisi sayılırsa, onda hansı “mühacir hökumət”dən dəm vurur Sərkisyan? Heç olmasa, konstitusiyanızı dəyişib “DQMV”-dən imtina edin ki, dünyanı indi də özünüzə bu cür güldürməyəsiz...

Aram Sərkisyan: "Ermənistanın müstəqilliyinə son qoyuldu"

Əlbəttə, bu, bizim problem deyil. Azərbaycan xalqının “səni sevəcəyəm sən sevməsən də” kimi bir öhdəliyi, dərdi-zadı yox. Biz ərazi bütövlüyümzü vı suverenliyimizi bərpa eləmişik. Kimsəyə qayıdış üçün yalvar-yaxar edəsi də deyilik. Yuxarıda yazdıq: yalnız “güzgü prinsipi” üzrə hərəkət edəcəyik: bizim qaçqınlara qədim Türk yurdu Ermənistanda hansı münasibət, qayğı olacaqsa, erməni qaçqınlar da onun eynisini bizdən uma bilərlər.

Qayıdarlar-qayıtmazlar, öz işləridir. Bircə şərtlərini bizdən uzaq eləsinlər. Hələ ki, Laçın postu açıqdır. Nə qədər ki, səbrimiz tükənməyib, şadlıqlarına şitlik eləməsinlər. Yoxsa bir azdan geri dönmək üçün tək yol Bakıdan keçəcək...

Zahid SƏFƏROĞLU

Нет комментариев

Новости автора