Общественно-политическая интернет газета
Moskvadakı Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi növbəti rəy sorğusu keçirib. Qurumun gəldiyi nəticələrə görə, rusiyalıların nə az, nə çox – 78,8%-i prezident Vladimir Putinə etimad göstərir. Yəni belə çıxır, mütləq əksəriyyət rəhbərin daxili və xarici siyasətini, o sırada Ukraynaya, Qərbə qarşı davasını dəstəkləyir.
Sorğu bu il mayın 29-dan iyunun 4-dək, 18 yaşdan yuxarı 1600 respondent arasında keçirilib. Bir qədər öncə - martın sonunda Rusiya liderinin mətbuat katibi Dmitri Peskov cəmiyyətin mütləq konsolidasiyası barədə danışmış və iddia eləmişdi ki, “xüsusi hərbi əməliyyat”ın öz hədəflərinə çatacağına inam cəmiyyətə hakim kəsilib. Belədirmi?
Diqqət edin, rəy sorğularının keçirildiyi zaman kəsiyi Ukraynanın işğal altındakı Kaxovka SES-in ruslar tərəfindən partladıldığı günü də özündə ehtiva edir. Adamın inanmağı gəlmir ki, belə böyük eko-cinayətə rəvac vermiş bir dövlətin başçısına hələ də əhalinin yüksək etimadı var. Axı SES-in sıradan çıxarılmasının zərbəsi elə orada çoxluqda olan yerli ruslara dəyib və dəyməkdədir. Bu, öz xalqına qənim kəsilmək deyilmi?..
Hər bir dövlət başçısının əsas iki missiyası (vəzifəsi) var: ölkənin təhlükəsizliyini və xalqın rifahını təmin eləmək. Artıq müharibə Rusiya ərazisinə (Belqorod) keçib. Rus xalqının rifahından danışmağa isə dəymir. Amma gəl ki, rəhbərlik inadından dönmür. “Xüsusi əməliyyat bütün hədəflərinə çatanadək davam edəcək” deyib durur.
Bəlkə də. Bəs onda Rusiyadan, onun toplumundan nə qalacaq? Nədənsə “Pirr qələbəsi” barədə düşünmək həvəsləri yoxdur. Rusiya isə Putinə “yüksək etimad”la uçuruma doğru yolunu inamla davam etdirir. Mineral təbii qaynaqlar hesabına “inersiya” üzrə yəqin ki, ölkə, hələ bir müddət də ayaqda qalacaq. Sonra?
Həmin resursları satmağa alıcı tapılmayanda necə olacaq bəs? Axı, sanksiyalar bir ilə, iki ilə aradan qalxası deyil. Əksinə, Rusiyaya qarşı üstəlik, fantastik təzminat davası açılacaq. O zaman rusiyalı tanınmış jurnalist-publisist Aleksandr Nevzorovun təbirincə desək, “Ukrayna banketinin pulu”nu, hesabını kim ödəyəcək?..
Ötə yandan, Rusiyanın öyündüyü hərbi-sənaye kompleksi Ukrayna avantürası nəticəsində xeyli gözdən düşüb. Məlum olub ki, ən müasir, ən modern, ən keyfiyyətli rus silahları haqda deyilənlər əslində mif imiş. Bundan sonra onlara dünyada maraq əlbəttə ki, azalacaq. Silah bazarında Rusiya öncüllüyünü itirəcək. Artıq itirməkdədir.
Demək, Rusiya büdcəsində yaranan daha bir “dəlik” getdikcə böyüyəcək. Bura ölkədən güclü “beyin axını”nı, gənc və orta yaşlı yüz minlərlə rusiyalının geridönməz şəkildə ölkədən qaçmasını, əhalinin daha sürətlə azalmasını, xarici banklarda yüz milyardlarla dollar vəsaitin dondurulmasını və s. də əlavə edin.
Ukrayna “banketi” getdikcə “izqoya” çevrilən Rusiyaya və onun liderinə gerçəkdən baha başa gələ bilər. Rəhbərə ictimai etimad lap yüz faiz olsun, çifayda?..
“Rusiyanı idarə edənlər xəstə təfəkkürlülərdir. Onlarda insanpərvərlik, məntiqi düşünmə qabiliyyəti yoxdur, öz xalqlarına, digərlərinə qarşı çox amansızdırlar. Amma nə edəcəklərini kimsə deyə bilməz. İllərlə müharibə aparmağa hazırdırlar, öz xalqlarına qarşı da zərrəcə mərhəmətləri yoxdur. Rusiya hakimiyyəti rus xalqının gələcəyinə laqeyddir, onu sevmir. Mən Rusiyanın gələcəyini çox faciəli görürəm”.
Politoloq Zərdüşt Əlizadənin bu dəyərləndirməsi ilə razılaşmamaq çətindir...
Sonda yada 1991-ci il martın 14-də SSRİ-nin saxlanması barədə keçirilmiş referendum düşür. O vaxt guya sovet xalqının əksəriyyəti imperiyanın saxlanmasına səs vermişdi. Ancaq cəmi 9 ay sonra – həmin ilin dekabrında ölkənin birinci və sonuncu prezidenti Mixalil Qorbaçov SSRİ dağıldığını rəsmən elan elədi.
Səbəb bəsit idi: uçacağı qaçılmaz hala gəlmiş köhnə binanın mövcudluğu onun sakinlərinin orada yaşamaq həvəsinə bağlı deyil. Odur ki, Putin üçün daim 80 faizlik reytinq düzəldən “sorğu mərkəzi” həqiqətdə ən əvvəl ona və rus xalqına böyük pislik edir. Sərt gerçəyin üzünə güllü pərdə çəkməklə...
КомментарииОставить комментарий