Общественно-политическая интернет газета
Mühacirət həyatı yaşayan həmvətənimiz Rəşid Hacılı dünən sosial şəbəkədə İranın Qum şəhətindəki “Azad İslam” universitetinin professoru Əhməd Kazeminin dərc etdirdiyi məqalənin xülasəsi barədə paylaşım edib.
Fars şovinisti olduğu elə yazısının başlığından məlum olan Kazeminin məqaləsi gələn ay Bakıda keçiriləcək iqlim sammiti COP29-a həsr olunub. Alimin yazısının məzmunu belədir ki, Bakı BMT-nin iqlim dəyişmələri konfransı (COP 29) üçün düzgün seçilmiş yer deyil.
Anti-türk və anti-Azərbaycan yazıları ilə məşhur olan qumlu professor qənaətini əsaslandırmaq üçün 10-15 arqument də gətirib.
Onlardan ən “gözəgəlimliləri” binlardır: “Azərbaycan özü ətraf mühiti, xüsusilə də Xəzəri neftlə çirkəndirir”; “Azərbaycan Gədəbəy rayonunun Söyüdlü kəndində təbiətə ziyan vurur”.
Söyüdlü söhbəti tanış gəldimi? Dünyanın qızıl çıxaran elə bir ölkəsi yoxdur ki, orada qızılı sənaye üsulu ilə çıxarmasınlar və bu zaman ayrıca götürülmüş bir ərazidə süni gölməçələr yaradılmasın və oraya çirkli sular axıdılıb toplanmasın. Harada mədən var, təbii sərvətlərin istismarı var, orada mütləq ekoloji problem var. Guya İranda qızılı, gümüşü üfürə-üfürə hasil edirlər? Yaxud CAR-da, ABŞ-də, Avstraliyada, Argentinada necə edirlər? Bütün ölkələrdə proses eynidir.
Amma işə baxın ki, Azərbaycan fərqli hərəkət etməliymiş. Bu, “keçi suyu bulandırdı” məsələsidir. Demaqogiyadır. Bir daha aydın olur ki, ötən ilin yayında Söyüdlüdə öncədən hazırlıq görülərək başlanmış “ekoloji hərəkat” əslində sırf siyasi təxribat xarakterli hadisə olub, məhz Azərbaycana qarşı iddiaları olan dövlətlərin əlinə dəstəvuz vermək məqsədi daşıyıb. Göründüyü kimi, hazırda bundan istifadə olunur. İranla yanaşı, Fransadan da bənzər iddia səslənsə, təəccüblü olmaz.
Daha sonra Əhməd Kazemi deyib ki, Azərbaycan milli azlıqların (talış, udi, tat, avar, kürd, ləzgi) haqlarını pozur. Necə pozur, pozub nə edir, professor yazmayıb. Bunu İranda sayı 30 milyondan çox olan Azərbaycan türklərinə, milyonlarla bəluca və digər milli icmalara öz dillərində yazıb-oxumaq imkanı verməyən, milli hüquqlar tələb edən fəalları repressiya edən, tikinti kranlarından asan ölkənin professor rütbəsi daşıyan vətəndaşı deyir.
Kazeminin yazdığına görə, Azərbaycanda əhalinin 80%-ini təşkil edən şiə dindarların haqları da pozulur.
Yaxında ola, soruşasan: Azərbaycanda şiə dindarların hüququ necə pozulur? Onlara namaz qılmağa, oruc tutmağa, digər dini ayinləri icra etməyə imkan verilmir, yoxsa şiə olduqlarına görə kimisə təqib edirlər?
Birincisi, bu ölkədə insanların 80 faizinin şiə məzhəbinə etiqad etməsi o demək deyil ki, onların hamısı qatı dindardır. Elə deyil. Azərbaycan dünyəvi dövlətdir və burada ruhani həyat yaşayan, özünü tamamilə dinə həsr edən insanların sayı digər dünyəvi dövlətlərin möminlərinin sayından nə azdır, nə də çoxdur. Bu ölkədə, sadəcə, dindarların siyasətlə fəal şəkildə məşğul olmasına, siyasi partiya təsis etmələrinə icazə verilmir və bu, belə də olmalıdır. Heç kəs Allahın, peyğəmbərin, müqəddəs kitabların kölgəsinə girərək partiya (hizb) yaradıb, süni şəkildə başqaları qarşısında üstünlük qazana bilməz. Bu ədalətsizlik olar. Dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə dini partiyaların yolverilməzliyini hələ 105 il əvvəl bəyan edib.
Ölkəmizdə “5 mindən çox siyasi məhbus”un olduğunu yazan Kazemi isə, görünür, xarici ölkələrə işləyən casusları, terror aktı törətməyə hazırlaşanları, deputatı və başqalarının həyatına sui-qəsd cəhdi edənləri və sair təxribatçıları da siyahıya salır. Ancaq onların hamısı yenə də “5 min” eləməz. Professor yanlış hesablamalar aparır.
Azərbaycanın 30 ildən sonra öz işğal olunmuş torpaqlarını, Qarabağı azad etməsini “ermənilərini etnik təmizləməyə məruz qoymaq” kimi şərh edən Kazeminin nə dinə-məzhəbə qulluq etdiyi aydın görünür. Bu adamın son 30 ildəki publisistik yaradıcılığına baxaq, görək, heç olmasa bircə dəfə Qarabağdan didərgin salınmış 700 min şiə müsəlmanın haqqını müdafiə edibmi, “kafir aqressor”u qınayıbmı?
Əmin ola bilərsiniz ki, bu adamın qələmindən bizim xeyrimizə, haqqımızın müdafiəsinə bir cümlə də çıxmayıb.
Ona görə də o yazanda ki, “Azərbaycan qonşu Ermənistana təzyiq göstərir, ingilislərin və Türkiyənin layihəsi olan Zəngəzur dəhlizini açmağı tələb edir”, bu, bizi təəccübləndirmir. Zatən, İran dövlətinin başbilənləri düz dörd ildir ki, bu ifadəni dönə-dönə təkrarlayırlar, hətta bu dəhlizi özlərinin “qırmızı xətt”i elan ediblər.
Kazemi Zəngəzur dəhlizindən yazarkən, bu yolun açılmasında daha maraqlı olan dövlətin – Rusiyanın adını çəkmir. Əslində isə dəhlizdə gözü olan əsas ölkə Rusiyadır. İranın Rusiya qarşısındakı xofunun ömrü 200 ildir. Vaxtilə Moskvadan, eləcə də SSRİ-nin başqa nöqtələrindən gələn qatarlar və sair nəqliyyat vasitələri məhz Zəngəzurdan keçib Naxşıvana, İrəvana, Türkiyəyə gedirdi, heç o zaman bu dəhliz “qırmızı xətt” olmurdu. Bəs indi nədən olur? Çünki İran bölgəni yiyəsiz görüb.
Bir sözlə, iranlı professor digər həmkarları, eləcə də ölkəsinin sabiq diplomatlar kimi bu fürsətdən də yararlanaraq ölkəmizə qarşı öz səmimi və səfeh duyğularını qələmə alıb.
Sadəcə, o duyğular məkrlə, nifrətlə doludur.
КомментарииОставить комментарий