Свобода людям, независимость нациям!

Pezeşkian o sözü deyibmi, deməyibmi? – Nə təsdq var, nə təkzib

Hələ də müəmmalıdır: İran yeni prezidenti Məsud Pezeşkian İsrailin Azərbaycandakı bazalarına zərbələr endirməyi təklif edibmi, etməyibmi.

Ortada nə rəsmi təsdiq var, nə də analoji təsdiq. İran tərəfi özünü bu barədə xəbər yayan “The Telegraph” (Britaniya) nəşrinin iddiasına cavab verməyə borclu saymır.

Belə anlaşılır ki, Azərbaycan tərəfi də bir qəzet xəbəri üçün rəsmi Tehrandan XİN səviyyəsində izahat tələb etməyib.

Prinsipcə, İran hökumətindəki söz sahiblərindən biri bağlı qapılar arxasında keçirilən müşavirədə belə bir mülahizə səsləndirə bilər. Zatən, İran hakimiyyətində Azərbaycanı, yumşaq desək, istəməyən, öz adıyla desək, düşmən gözündə görən qüvvələr var.

Onlar 2020-ci ildən bəri dəfələrlə Azərbaycana qarşı sərt fikirlər səsləndiriblər – özü də çox əsassız yerə. Çünki Azərbaycanın 44 günlük müharibədə öz əzəli torpaqlarını azad etməsi İranın deklarasiya etdiyi mənafelərinə toxunmurdu, əksinə, 30 il boyunca əzilən, mərhumiyyətlər içində yaşayan 700 mindən artıq şiə-müsəlman kəsimin haqlarının bərpa olunması demək idi. Başqa məzhəbdən olan Fələstin ərəblərinin haqqını müdafiə edərkən İsrail və ABŞ ilə düşmənçilik aparan İran yeni status-kvonu ikiəlli alqışlamalıdır.

Doğrusuna qalsa, prezident postuna seçilməzdən əvvəl və seçiləndən sonra Məsud Pezeşkianın verdiyi mesajlar, sərgilədiyi davranış onun belə bir mülahizə səsləndirməsi ehtimalını sıfıra endirir. “Bu şəxs bu düşüncənin yiyəsi ola bilməz” qənaəti daha güclüdür. Bu, heç də onun etnik kökəncə Azərbaycan türkü olmasına görə yaranmış rəy deyil, Pezeşkian mötədil siyasi xətt tərəfdarı kimi görünür, “müharibə partiyası”nın adamı deyil, humanist obraza malikdir.

Ona görə də böyük ehtimalla məhdud tərkibli hökumət müşavirəsində “bəlkə biz də İsrailin Azərbaycandakı obyektlərini vuraq” ifadəsi Pezeşkiana yox, İran dövlətində söz sahibi olan başqa birinə məxsus olub.

Hər halda bu fikirin səslənməsi ehtimalı da çox böyükdür. “The Telegraph” durduq yerdə öz reputasiyasını yerlə bir edən xəbər yayıb etibarını itirməz.

Əslində elə bir fikir səslənibsə, bu, İran dövlətini idarə edənlərin çarəsizliyinin göstəricisidir. Adamlar öz sifətlərini qorumaq üçün nəsə bir tədbir görməlidirlər, ancaq arsenalında atom bombası və modern ballsitik raketlər olan, Tehranda qonaq evini yüzdəyüz dəqiqliklə vuran İsraillə açıq müharibəyə girməkdən çəkinirlər. Bu baxımdan “bəlkə biz də...” variantlarının birində Azərbaycanın adı çəkilmiş ola bilər.

Hazırda İranda qeyri-rəsmi şəkildə ikihakimiyyətlilyin təzahürləri müşahidə olunur. Pezeşkianın açıqlamalarından da hiss olunur ki, ona qarşı müqavimət və sabotaj var. Özünü islam inqilabının keşikçisi, qoruqçusu adlandıran hərbi-siyasi qüvvə mülki hakimiyyətin ikinci planda qalmasına çalışırlar. Güman ki, SEPAH-ın yüksək rütbəli rəhbərləri belə bir iddia ilə çıxış etməklə həm Pezeşkianı etibarsızlaşdırmaq, həm də Azərbaycandan nəyinsə qisasını almaq barədə düşünüblər.

Bu davranışın analoqunu 1990-cı ilin avqust ayında tapmaq olar. Həmin il İraq Küveyti işğal etmişdi. Başda ABŞ olmaqla dünya birliyi İraqı Küveytdən çıxmağa çağıranda Səddam Hüseyn demişdi ki, İsrail Fələstinin işğalını dayandırsın, mən də dayandırım. Bu iddia beynəlxalq miqyasda ironiya dalğası doğurmuşdu. Hətta qəzetlərdə belə fikirlər yazılırdı: Səddamın bu iddiası ona oxşayır ki, bir qardaşı girov götürülmüş adam o biri qardaşını da özü ölümlə hədələyir ki, onu buraxmasalar, bunu öldürəcəyəm.

Tehranda İsraildən necə qisas almaq barədə axtarışların edilməsi və birbaşa İsrailin özünə hücum etməyərək, başqa yerlərin hədəfə alınmasını izah edən bir atalar məsəli də var. Lətifəsi çox yerə toxuna bilər deyə konkretləşdirmirik, amma o məsəl təxminən belədir ki, əsas hədəfə gücü çatmayan şəxs acığını onun aksessuarlarından çıxır.

Yaxşı, tutaq ki, İran rəsmiləri İsraildən çəkinir və ona hücumun “ciddi nəticələrə səbəb ola biləcəyini” düşünürlər, bəs başqa yerlərə hücum ciddi nəticələr doğura bilməzmi? Konkret olaraq, Azərbaycanın iki böyük dövlətlə - Rusiya və Türkiyə ilə hərbi əməkdaşlıq sazişi var, onlar işə düşə bilər. Ən azı, Türkiyə bu hücuma biganə qalmaz. İkincisi, İranın özündə yaşayan və Azərbaycan Respublikasına böyük ümid və rəğbət bəsləyən milyonlarla Azərbaycan türkü nə reaksiya verər? Üçüncüsü, dünya birliyi bu hadisəyə gülməzmi və bu avantüra İranın olan-qalan reputasiyasını heç-puç etməzmi?

Bəs İran nə etsin, düşdüyü durumdan necə çıxsın?

Doğrudur, İsrailin HƏMAS lideri İsmayıl Haniyəni Tehranda öldürməsi ağır təhqirdir və buna cavab verilməsini haqq edir, ancaq dövlət qüruru ilə bir fərdin qüruru eyni şey deyil. Dövlət belə situasiyalarda soyuqqanlı olmağa, təmkin göstərməyə məhkumdur. Bir də intiqamın soyuq yeyilən yemək olduğu barədə məşhur ifadə var. Əgər İran Haniyənin Tehranda öldürülməsini sinirə bilmirsə, bunun üçün öz əlverişli saatını gözləməlidir, sağa-sola həmlə etməklə nə düz-əməlli qisas almaq olar, nə də reputasiya qorumaq.

Bir çox siyasi dairələr Haniyənin öldürülməsini “İrana mesaj”, “İrana sataşmaq” kimi qələmə verir, Tehranı qızışdırırlar. Amma bu hadisə daha çox elə Haniyəyə qarşı yönəlmiş akt idi. Ötən ilin oktyabr ayının 7-dən etibarən İsrail kəşfiyyatı israrlı şəkildə HƏMAS liderini öldürmək istəyirdi və bu məqsədinə çatdı.

Нет комментариев

Новости автора