Общественно-политическая интернет газета
Ermənistan baş naziri Nikol Paşinyanın öz xalqı ilə “tərbiyəvi” söhbətləri davam edir. Hərgah, onun özü ideal “tərbiyəçi” sayılmaz. Ancaq nə etməli, hələ ki, ən ağıllıları odur. Adam hər halda nəsə müsbət iş görmək istəyir. Amma və lakin...
Məsələn, bir yandan o, “Qarabağ Azərbaycan ərazisidir” deyir, o biri yandan da Qarabağda öldürülən erməni hərbçilərini radikal-revanşistlər kimi qəhrəman sayır. Məntiq hanı? Axı həmin hərbçilər Paşinyanın təbliğ elədiyi 29.7 min kv km-lik “real Ermənistan” uğrunda ölməyib, Azərbaycana qarşı işğalçılıq müharibəsində məhv ediliblər. Onların yad torpaqlarda nə iti azmışdı görəsən? Üçüncü yandan, Nikol 10 noyabr (2020) kapitulyasiya sənədinə imza atmaqla Ermənistanın və onun ordusunun işğalçı olduğunu rəsmən təsdiqləyib.
İndi isə kiçik təfərrüat. Dünən baş nazir Qərbi Zəngəzurda (“Sünik”) əhali ilə görüşdə addımbaşı xaçkarların olmasından əsəbiləşib.
Sitat: “Nə qədər xaçkar quraşdırmaq olar: bir, iki, on, əlli, yüz. Gəlin hamının boynuna xaçkar bağlayaq, sonra deyək ki, uşaqlar, bu sizin missiyanızdır. Məgər həlak olanlar ona görə ölüb ki, biz bu uşaqların boynuna xaçkar asaq? Xeyr, onlar uşaqlar yaşasınlar, azad yaşasınlar, həyatdan həzz alsınlar, həyatdan həzz almaqdan utanmasınlar deyə ölüblər”.
Qəribə və təzadlı bir yanaşma. Əlbəttə, xaçkar məsələsində o haqlı. Fəqət, işğalçı əsgərlər öz ucuz ölümləri ilə erməni uşaqlarına necə azad, rahat həyat bəxş edə bilərdilər? Təcavüzkarın adı üstündə. Belələrini müqəddəsləşdirmək normal ağlın məhsulu ola bilərmi?..
Yaxud Azərbaycan və Türkiyə ilə barışıq tərəfdarı olduğunu bildirən Paşinyanın xeyir-duası ilə ötən ilin aprelində İrəvanın mərkəzində erməni terrorçulara qoyulan “Nemezis” abidə-kompleksi. Yeri gəlmişkən, Türkiyə hökuməti həmin kompleksin sökülməsini İrəvandan tələb eləmişdi.
Problem də ondadır ki, Nikol daxil, erməni toplumu 44 günlük savaşda haqq elədiyi acı məğlubiyyətdən sonra da batil dəyərlərə tapınmağa davam edir. Görünür normal millətlər cərgəsinə qatılmaq üçün bədnam qonşulara xeyli vaxt, bir də şübhəsiz, müdrik rəhbər lazımdır. Paşinyan öz xalqının xilasına gətirəcək bu tarixi missiyanın öhdəsindən gələcəkmi? Ümid edək ki, yarı-yolda qalmayacaq, terror qurbanı olmayacaq...
Zaman-zaman yazmışıq, yenə təkrarlayaq ki, erməni cəmiyyətinin hakimiyyət dəyişikliyinə yox, təfəkkür dəyişikliyinə ehtiyacı var. Saxta dərsliklərin təcili dəyişdirilməsinə, batil dəyərlərdən uzaqlaşmasına ehtiyacı var.
İlk baxışda Nikol Paşinyan “ən faydalı erməni” olaraq, bütün bunları anlatmağa çalışır öz soydaşlarına. Onun erməni cəmiyyətinin cismində “qarayara”ya çevrilmiş, yaranandan terror və fitnə-fəsad yuvası olan erməni kilsəsinin cəmiyyətə təsir imkanlarını məhdudlaşdırmağa yönəlik addımları, keşiş-katolikosların son iki əsrdə ermənilərin faciələrində əsas rol oynadığı haqda topluma cəsarətli mesajları, konstitusiyada erməni kilsəsinə tanınan imtiyazın referendumla ləğvi yönündə səyləri, “xəyali Ermənistan”ı şüurlardan çıxarmağa hesablanmış təbliğatı, sözsüz ki, təqdirə layiqdir. Ancaq kifayət deyil. Niyə?
Çünki nəticə yoxdur. Artıq hamı onu gözləyir – konkret nəticəni. Müharibəni, düşmənçiliyi mümkünsüz edəcək böyük sülh sazişini, Ermənistan konstitusiyasının beynəlxalq hüquqa uyğunlaşdırılmasını deyirik...
Yaxşı qonşu qonşunun şad gününə sevinər, kədərinə şərik olar. Bu xüsusda biz əlbəttə, Paşinyanın ötən il Ərdoğanın andiçmə mərasiminə qatılmasını və dəhşətli zəlzələdən sonra humanitar kömək (xilasedici qrupu da daxil) göndərməsini də qiymətləndiririk. Eləcə də dünən onun Ərdoğana telefon açıb Türkiyə liderini Qurban bayramı ilə bağlı təbrik, ikitərəfli münasibətlərin gələcəyini müzakirə eləməsi yaxşı jestdir. Təqdiredici gedişdir, normaldır. Bir şərtlə: davamını yerdə, konkret sənədlərdə, sülh anlaşmalarında görək.
“Amerika” açmarıq yazsaq ki, normal qonşuluq əlaqələri üçün öncə ölkələr arasında diplomatik münasibətlər qurulmalı, səfirliklər fəaliyyət göstərməlidir. Əks halda, Nikol lap Bakıya zəng eləsin, çifayda? Nə qədər ki, İrəvan atı arabanın arxasından açıb qabağına bağlamayıb, reallıq ciddi dəyişməyəcək...
КомментарииОставить комментарий