Общественно-политическая интернет газета
Bu gün Ermənistan baş naziri Nikol Paşinyanın doğum günüdür. Nikol Vovayeviç 49 yaşını tamamlayır.
Maraqlıdır ki, ad günü ilə bağlı həm Rusiya Prezidenti Vladimir Putin, həm də bu ölkənin hökumət başçısı Mixalil Mişustin ona şəxsən zəng edib. Hərgah, Putin və Paşinyan ən yaxşı halda “mehriban düşmən”lər sayıla bilər...
Əlbəttə, Rusiya rəhbərinin jesti adi hesab olunmaz. Birinci o səbəbə ki, dövlətlərarası münasibətlərdə bu qəbildən bütün jestlərin konkret siyasi anlamı, çəkisi var.
Bəs Ermənistanda son yaşananlar fonunda Vladimir Vladimiroviç Putin nə demək istəyir bununla? Onu ki, Rusiya Nikolun hakimiyyətdən zor gücünə getməsinin tərəfdarı deyil?
Bəlkə bu, keşiş Baqrat və onun arxasında gizlənən Qarabağ klanına, “yerinizdə oturun, məndən hakimiyyətə qarşı dəstək gözləməyin” mesajı?
Axı cəmi iki gün qabaq İrəvan KTMT-yə (“Rus NATO-su”) üzv ölkələrin müdafiə nazirlərinin Almatı sammitini boykot edib. Ardınca xəbər yayıldı ki, Ermənistan KTMT dövlətləri spikerlərinin zirvə görüşünə də qatılmayacaq. O zaman Rusiya prezidentinin bugünkü ad günü “lütfkarlığı”ın anlamı nə?
Dəqiqini yəqin ki, elə Kreml sahibi özü bilir. Hər necə olmasa, inanmaq çıtindir ki, bu, “səni sevəcəyəm, sən sevməsən də” sentimental kateqoriyasından bir gedişdir. Zira, Paşinyan və Putinin hər ikisi sıradan vətəndaşlar deyil, ölkə rəhbərləridir...
Rusiya lideri N. Paşinyanın iqtidardan getməsində gerçəkdənmi maraqlı deyil? Belədirsə, iki gün öncə Putinin sədri olduğu Rusiya hakim partiyasının tanınmış üzvü, Dumada komitə sədrinin müavini Konstantin Zatulinin Nikolu aşağılayan sözləri nə idi? (“Paşinyanın hakimiyyətdə qaldığı hər gün Rusiyaya təhqirdir”).
Yaxud Zatulindın bir gün sonra Dövlət Duması sədrinin müavini Pyotr Tolstoyun, yeni müdafiə naziri Andrey Belausovun Ermənistan daxil, postsovet ölkələrini hədələməsini hara yazaq? Moskvada hələ də yeni imperiya həsrəti ilə yaşayanların klassik “qamçı və kökə” siyasətinəmi?
Bişəkk, bu da var. Yəni ki, “Zatulinə, Tolstoya, Belausova çox da fikir verməyin, mənim mövqeyimə baxın”.
Putinin mövqeyi isə xarabazarlığa çevrilən Ukraynaya münasibətdə çılpaqlığı ilə ortada. İndi kim zəmanət verə bilər ki, Ukraynada öz hərbi hədələrinə çatan Rusiya üzünü Qazaxıstana, Ermənistana döndərməyəcək? “İştah diş altındadır” deyirlər...
Sonra. Tostoyun “Ukrayna məsələsini tezliklə qapatmasaq, postsovet ölkələri ilə problemlərimiz olacaq” nə demək? Bu ölkələr Moskvanın təsir zonasından uzaqlaşır, inamla öz müstəqil yolunu tutmağa çalışır deyə, Kremldə bir narahatlıqmı var?
Nəhayət, bomboş Xankəndində qəfil səfirlik açmaq istəyi hardan peyda olub? Ya Rusiya Federasiyasının üzvü, senator, xarici işlər nazirinin keçmiş müavini Qriqori Karasinin az öncə Azərbaycandan separatçı Donbasa da yardım gözləməsini necə oxuyaq? Kreml “qamçı və kökə” siyasətini təkmilləşdirmək qərarımı verib?
Görünən budur ki, Moskva hələ də öz “arxa bağçası” saydığı Güney Qafqaz və Orta Asiya sarıdan həqiqətən əndişəlidir. Odur ki, nə edəcəyini bilmir. Bir yandan danışmanları vasitəsilə hədə tonunu qaldırıb, o biri yandan da ad günü təbrikləri göndərir...
Konkret Cənubi Qafqazda mümkün Rusiya təhdidinə qarşı ən yaxşı “peyvənd” şübhəsiz, bölgənin üç ölkəsinin bir-biri ilə bütün sahələrdə sıx əlaqələr qurub, ərazi iddialarına təcili son verməsi, sülh müqavilələri imzalaması ola bilər. Çünki Moskva regiondakı hərbi varlığını əsrlərdir region xalqlarının çəkişməsi üzərindən qurur.
Bizim Gürcüstanla problemimiz yox. Qalır Ermənistan. Əgər Paşinyan gerçəkdən Ermənistan adlı dövlətin dünyanın siyasi xəritəsində qalmasını və onun varlığına etibarlı zəmanət istəyirsə, Bakı ilə sülh sənədi məsələsində tələsməlidir. Ola bilsin bu şans bir də ələ düşməyəcək.
Yalnız o halda Nikol “Məşədi İbad yaşı”nı vassal yox, müstəqil Ermənistanın rəhbəri kimi, erməni xalqının xilaskarı olaraq qeyd edə biləcək. Əks halda, gərək zindanı da gözardı eləməsin...
КомментарииОставить комментарий