Общественно-политическая интернет газета
Dünən sosial şəbəkələrdə belə bir status vardı: “Ramiz Rövşəndən sonra Rasim Balayevi də belə itirdik”.
Bilməyən olsa, elə bilərdi ki, bir gün əvvəl böyük şairimiz Ramiz Rövşən, iraq-iraq, dünyasını dəyişib, ardınca da Rasim Balayev həyata vida edib.
Söhbət isə 75 illik yubileyinin tamamında böyük sənətkarımız Rasim Balayevin dövlət başçısı İlham Əliyevlə görüşməsindən və “İstiqlal” ordeni ilə təltif olunmasından gedirmiş.
İlham Əliyevlə kim görüşür, 3-5 dəqiqəlik ixtilat, iltifat edirsə, xalq üçün, daha dəqiqi, öz üzərlərinə xalqın adından danışmaq funksiyası götürənlər üçün itirilmiş sayılır.
Bu, 100 ildən çoxdur bu coğrafiyada, eləcə də buradan çox-çox uzaqlarda, şərqdə, qərbdə, şimalda yaşayan insanların şüuruna hakim kəsilmiş bolşevizm xəstələyinin təzahürüdür.
32 ildir müstəqil dövlətik, hələ də rus-sovet rejimindən bizə sirayət etmiş bu mərəzdən sağala bilmirik. Hələ də “bizimlə olmayan bizə düşməndir” və ya “düşmənimin dostu mənim düşmənimdir” düşüncəsindəyik.
Yaxşı, nə olub, nə baş verib? Hələ 50 il öncə ölkənin kino sənayesində iz buraxmış, möhtəşəm obrazlar yaratmış, mədəniyyət və incəsənətimizə önəmli töhfələr vermiş müqtədir bir sənətkar 75 yaşında dövlət başçısının audensiyasında olub və onun tərəfindən qiymətləndirilib. Bu, qəbahətdirmi?
Əksinə olsaydı, qəbahət olardı. Rasim Balayev sinninin bu çağında, səhhətinin gerilədiyi bir vaxtda sayılmasaydı, qiymətləndirilməsəydi, o zaman hamımızın giley-güzar etməyə haqqı olardı. Deyərdik, o boyda sənətkarı saymadılar. Dünənə qədər məşhur aktyorumuzun dərman-dava probleminə görə əlaqədar strukturları qınamırdıqmı? Qınayırdıq.
Bu gün isə Rasim Balayevin özünü qınayırlar ki, nədən prezidentlə görüşüb, onunla qucaqlaşıb.
Yəqin hamı fikir verib, qucaqlaşmaq təşəbbüsü prezidentdən gəldi, Rasim Balayev ədəb-ərkan gözlədi, bir saniyə gec hərəkət etdi və bir neçə saniyə sonra çox səmimi şəkildə dedi ki, müharibədən sonra belə bir arzusu varmış, Allah indi qismət eləyib.
Rasim Balayevin qucaqladığı şəxs Ermənistanın, İranın, Rusiyanın prezidenti deyil, onun öz ölkəsinin prezidentidir, onun sənətinə qiymət verən, şəxsiyyətinə hörmət edən şəxsdir.
Ancaq illərdir bu ölkədə çox yaramaz bir tendensiya var: başğa ölkələrin dövlət büdcəsindən, fondlarından ətək-ətək pul, qrant alanlar öz dövlətindən maaş və dotasiya alanları xalqa xəyanətdə, satqınlıqda qınayır. Başqa ölkələrin prezidentləri, baş nazirləri və s. yüksək ranqlı məmurları ilə görüşən, şəkil çəkdirən, daha sonra bunu fəxrlə mediada, sosial şəbəkədə paylaşanlar öz dövlətinin başçısı ilə, nazirləri ilə, deputatları ilə şəkil çəkdirən adamları hoydu-hoyduya götürür, rişxənd hədəfi edir, onlara qarşı pisikdirmə kampaniyası aparırlar.
Prinsipcə, tərsinə olmalıdır.
Heç kim danmır, dana da bilməz, demokratiya və insan haqları sahəsində ölkədə problemlər var, Avropa standartlarından geridəyik və ona nə vaxt uyğunlaşağımız bəlli deyil. Amma bu, o demək deyil ki, beləyik deyə, müstəqil dövlət olaraq yaşamaq haqqımız yoxdur. Bu, yenə o demək deyil ki, ölkədə siyasi mübarizə sinfi mübarizə (varlılar-kasıblar, yuxarı kastalar, aşağı zümrələr) səciyyəsi alsın və düşmənçilik ovqatı barışmazlıq səviyyəsinə çatsın.
Aldığı ordenə görə “Rasim Balayev xalq hərəkatında olmayıb” yazanlar da var. 1988-ci ildə ölkədə xalq hərəkatına qoşulmayan qalmamışdı. Bəs fəxrlə dediyimiz “meydana 1 milyon insan yığılırdı” fikrindəki rəqəm necə düzəlirdi? Meydana hamı gəlirdi. AzTV-nin diktoru mərhum Rafiq Hüseynovdan tutmuş ta rəhmətlik aktyor Fuad Poladova, Flora Kərimovaya qədər hamı hərəkatçı idi. Ancaq biri fəal idi, üzdəydi, mini sıravi hərəkatçıydı, arxa plandaydı.
Məsələn, baxaq, görək, məşhur heykəltəraş Ömər Eldarovun sənətkar oğlu, mərhum Müslüm Eldarovun AXC-ni yaradan 27 nəfərdən biri olmasını neçə nəfər bilir?
Bu barədə dəfələrlə yazılıb ki, sənətkarları, ədibləri hansısa siyasi cərəyana, partiyaya qoşulmadıqları, vaxtaşırı baş verən hansısa hadisə zamanı “öz etiraz səslərini ucaltmadıqları” üçün qınamaq, “yıxıb-sürümək” olmaz. Bu, onların missiyasına aid deyil. Sənətkardan belə şeylər tələb etmək təxminən belə bir iddia irəli sürməkdir: “Sən mənim hakimiyyətə gəlməyimə kömək etmirsən, ona görə də pis adamsan”.
Təcrübə göstərir ki, ömürlərinin qürub çağında müəyyən motivlərlə siyasətə atılan sənətkarlar öz əzəmətlərini, hörmətlərini itirirlər. Məsələn, Rüstəm İbrahimbəov kimi korifey sənətkar yaşının o çağında siyasətə atılınca, olan-olmaz söz-söhbətlərin hədəfi oldu, ölkəyə, evinə gələ bilmədi, barəsində hər söz yazıldı.
Xalq hərəkatının öndərləri olan, ölkəyə istiqlal qazandıran şəxslərin “İstiqlal” ordeni ilə təltif edilməməsinə gəlincə, bir dəfə bir həmkarmız durumu çox doğru təsbit etdi: “Onlara istiqlalın özü lazım idi, ordeni neynirlər?” Gerçəkdən də, əsas məsələ istiqlalı əldə etmək, müstəqil yaşamaqdır.
КомментарииОставить комментарий