Общественно-политическая интернет газета
Nikol Paşinyan “iki”, hətta “üç stul” siyasətini heyrətamiz inadkarlıqla davam etdirir. Qırıq vallar kimi, elə hey eyni şeyi təkrarlayır, Qərbə inteqrasiyanı imitasiya eləməkdən o yana keçə bilmir. Onun Avropa Parlamentində dünənki çıxışı ən çox bu xüsusda yadda qaldı. Özünə və yalançı dostlarına xoş gəlsə də.
Strasburqa ənənəvi “sülh göyərçini” roluna girən Nikol yenə Azərbaycan əleyhinə üstüörtülü və açıq ittihamlar səsləndirdi. Faktiki Bakı ilə şərt dilində danışdı. Şərəfini 5 qəpiyə satmış avrodeputatların alqışları altında ölkəmizi “etnik təmizlımə”də, “Ermənistan ərazisinə girmək”də suçladı. Sülh sazişi ilə bağlı “nala-mıxa” vurdu.
Qısası, bu qətiyyən sülh sənədi imzalamağa hazır liderin mesajı deyildi və sayılmaz! Hər şey qırağa, səmimi şəkildə barışıq istəyən ölkənin rəhbəri də qarşı tərəfə permanent ittihamlar yağdırarmı? – Üstəlik, haqsız və məğlub statusda ola-ola.
Beləcə, adam gözündəki “çəhrayı eynəyi” çıxarmağa hazırlamır. Ancaq nə qədər o, ermənilərin, havadarların qulağına xoş gələn sözlər səsləndirsə də, acı gerçək başqadır. Odur ki, kapitulyant ölkə Rusiyanın siyasi-hərbi və iqtisadi-energetik asılılığında qalmaqdadır, Kremlin vassalıdır. Azərbaycan və Türkiyə tərəfdən haqq elədiyi blokada da öz yerində...
Bu arada Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili türmədən Paşinyana bəzi məsləhətlər göndərib. Onu tələsməyə çağırıb. Mişanın digər tövsiyələri ilə işimiz yox, amma ən azı, iki məsələdə o yüz faiz haqlıdır. Birinci, sabiq prezident doğru olaraq, Paşinyana vaxt itirmədən Azərbaycanla sülh müqaviləsi imzalamağı məsləhət görür, əks halda Ermənistanın dövlət kimi varlığını itirəcəyini bildirir.
İkinci məntiqli təklifi də tam yerindədir. Sitat: “Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni imkanlar açır. Müəyyən müddətdən sonra biz sərhədləri açıq olan üç Baltikyanı ölkə kimi yaşaya, üçünün hər birinin üstünlüklərindən istifadə eləməklə bütöv bir logistik, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı tərəddüdü kənara atmalısınız”.
Əslində eks-prezident yeni şey demir. Sadəcə, böyük Məmmədəmin Rəsulzadənin hələ 105 il öncə irəli sürdüyü “Qafqaz Evi” ideyasını yada salır. Harada ki, erməni xalqı da öz xoşbəxtliyini və təhlükəsizliyini tapmış olardı. Yəni Saakaşvili bütövlükdə erməni xalqına çağırış edib, təkcə onun baş nazirinə yox.
Əfsus ki, erməni toplumu iki əsrdir xarici məkrli güclərin əlində bölgəni qarışdırmaq üçün əsas alətə çevrilib – altını hamıdan çox özü çəkdiyi halda. Buna son vermək, qonşularla anlaşmaq, dostlaşmaq vaxtı yetişmədimi?
“Yadda saxlamaq lazımdır ki, vaxtınız çox azdır. Hakimiyyətə gələndən sonra siz fundamental islahatlar apara bilmədiniz və ya həyata keçirmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin “5-ci kolonu”dur. Avropaya inteqrasiya üçün gecikmisiniz!” – Bunu da Saakaşvili açıq məktubunda vurğulayıb...
Nə əlavə eləmək qalır? Əlbəttə ki, Azərbaycanla sülh müqaviləsi Ermənistan üçün eyni zamanda, Rusiyanın energetik (qaz) asılılığından qurtulmaq şansı deməkdır. Qonşu ölkənin mavi yanacaq ehtiyacını biz asanca ödəyə bilərik.
Ümumiyyətlə, ağılları olsaydı, “miatsum” mərəzindən vaxtında sağalsaydılar, Bakı-Ceyhan neft (2005), Bakı-Ərzrum qaz (2006) və Bakı-Qars (2017) dəmiryolu xətləri Gürcüstandan yox, ən qısa və sərfəli marşrutlar kimi Ermənistandan keçərdi. Çırtdan ölkə tranzitdən yaxşıca qazanar və üstəgəl, Rusiya qazından asılılığa düşməzdi. Mavi yanacaq isə bəlli ki, mühüm enerji daşıyıcısı olmaqla ərzaq məhsulları və xidmətlərin qiymətinə, lap elə hakimiyyətlərin, hökumətlərin taleyinə bilavasitə təsir edən amildir.
İndiliksə “Qazprom” Ermənistanda monopolist şirkətdir. Energetik asılılıq da ki, birbaşa siyasi asılılıq yaradır. Gəl ki, Nikol Paşinyan öncə bu problemin təcili həllini tapmaq əvəzinə, Strasburqda yüksək kürsüdən Avropa Birliyinə inteqrasiya haqda boşboğazlıq edir. Hələ biz qonşu ölkələrin Putin layihələrində (KTMT və b.) təmsilçiliyini, Gümrüdəki 102 saylı rus hərbi bazasını, Türkiyə və İranla sərhədlərin FTX (“FSB”) əsgərləri tərəfindən qorunmasını demirik...
Bəlkə, nəhayət, ciddi olasan və tələsəsən, Nikol Vovayeviç! Qum saatı həqiqətən bitir. “Dava”, “qan-qan” deyən qərbli avantüristləri və təxribatçıları yox, arada ağıllı adamların məsləhətlərini eşitmək lazımdır. Öz xeyriniz üçün...
КомментарииОставить комментарий