Свобода людям, независимость нациям!

O keçini kim öldürüb?

 

Mat qalmalı işdir: Kəlbəcərdə o yazıq çöl heyvanını niyə o günə qoyublar? Məqsəd nə olub?

Kəlbəcər Rayon Polis Şöbəsindən deyiblər ki, ilkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb.

Müvafiq ekpertizanın rəyindən sonra heyvanların hansı səbəbdən tələf olması məlum olacaqmış.

İlkin baxış azdır, yaxşı-yaxşı baxmaq lazımdır.

Ortada o boyda, sapsağlam bir dağ keçisinin cəsədi var. Onun ürək çatışmazlığından ölməsi istisnadır. Həyatlarına qəsd olmasa, o cür çətin relyefdə yaşayan, sıldırım qayalara dırmaşan heyvanlar yolun ortasında ölmürlər.

Demək ki, onları bir öldürən var. İndi görək müvagiq ekspertiza nə deyəcək? Bəlkə deyəcək ki, dağ keçisi şəkər komasına girib və vaxtında tibbi yardım almadığına görə keçinib?

Yaxşı, bu ovçuluq əməlinin nəticəsidirsə, prinsipcə, ovçular güllələnmiş heyvanın dərisini soymalı, içalatını ətrafa tökməli, ətini aparmalıydılar. Elə etməyiblər.

Belə çıxır ki, bu ovçuluğun məramı ət əldə etmək olmayıb və heyvanı eləcə əyləncə üçün, zövq üçün öldürüblər.

Ya da ola bilər, gecənin qaranlığında səhv salıblar, yaxınlaşan heyvanı ayı və ya canavar bilib güllələyiblər.

Hər nədirsə, bu, cinayətdir, təbiətə qənim kəsilməkdir, mərhəmətsizlikdir.

İndi əsas sual budur: bu bəd əməli kimlər törədib? Ona görə “kimlər” ki, bu tək adamın işi deyil. O dağda, dərədə heç kim ova tək getməz.

Bu əməlin kimlər tərəfindən törədildiyini müəyyən etmək də çətin deyil.

Etiraf olunsa da, təkzib edilsə də, açıq-aydın ortadadır ki, bu, silahlı adamlar tərəfindən törədilib.

Kəlbəcərdə isə silahlı adamlar çox deyil. Yəni artıq Kəlbəcərdə yaşamaq, təsərrüfat aparmaq hüququ əldə edən adamlarda silah yoxdur.

Buradan o nəticə çıxır ki, heyvanları dövlət tərəfindən silah gəzdirmək hüququ verilən adamlar öldürüb.

Yerə tökülmüş gilizlərdən silahın növünü, markasını müəyyən etmək mümkündür.

Öldürülmüş canlı dilsiz-ağızsız heyvan yox, insan olsaydı, mütləq istifadə olunmuş silahın təsbit olunması üçün ballistik ekspertiza təşkil ediləcək və silahın sahibi tapılacaqdı.

İndiki halda isə ortada şikayətçi yoxdur, Kəlbəcər isə çox uzaqdır, heç kimin hadisənin əsl mahiyyətini öyrənmək imkanı yoxdur. Ekspertiza rəy versə ki, heyvan öz əcəli ilə ölüb, mübahisə etmək mümkün olmayacaq. Sadəcə, rəyə şübhə yaranacaq.

Amma bu, işğaldan azad olunmuş rayonlarda təbiətə qənim kəsilmə hallarını durduracaqmı?

Biz o zonada nələr edildiyini yalnız ağızdan-ağıza eşidirik. Ötən il əməkdaşlarımızdan biri çay hövzəsində suya elektrik cərəyanı verərək balıq tutan bir zabit və iki əsgər görüb, yaxınlaşıb, deyib ki, bu, təbiətə qəsddir, elektrik cərəyanı irili-xırdalı bütün balıqları öldürür, siz irilərini seçib götürürsünüz, ölmüş xırda balıqlar axıb gedir.

Zabit əməkdaşımıza deyib ki, biz özbaşına deyilik, bizi bura hərbi hissənin komandiri göndərib, əmri yerinə yetirməliyik.

Əlbəttə, balığı qarmaqla və torla da tutmaq olardı, amma onda komandirin istədiyi kəmiyyəti əldə etmək çətin olacaqdı, effektivi balığı ya suda qumbara prtlatmaqla, ya da elektriki cərəyanı verməklə tutmaqdır.

Bilgili adamların dediyinə görə, Bakıdan, yuxarı vəzifəlilərdən Kəlbəcərdə, Laçında dislokasiya edən hərbi hissələrin komandirlərinə zəng edərək cüyür, təkə əti sifariş edənlər olur və onlar öz əsgərlərini ova göndərirlər.

Beş-altı il əvvəl Müşviqabad qəsəbəsindən Sumqayıta gedən qolun 5-6 kilometrliyində, yolun solundakı hərbi şəhərciyin yaxınlığında göl vardı. Şahidlər danışırlar ki, o, balıqlı göl imiş və ətrafda yaşayanlar hər gün gəlib o göldən qarmaqla balıq tuturmuşlar, sonra kimlərsə gecəylə gölün başına nə oyun açıblarsa, göldən çeçələ boyda balıq da çıxmayıb.

elskond.jpg (76 KB)

İki il öncə əməkdaşımız Elşad Məmmədli və Məğrur Salmanovla ilə Şuşadan gələrkən, yolüstü Füzulidəki aeroportla üzbəüz Köndələnçay dəryaçasına burulduq. Həvəskar balıqçı Elşad böyük dəryaçaya tilov atdı. Amma tilova balıq düşmədi. Bu qənaətə gəldik ki, göldə ümumiyyətlə balıq yoxdur, işğal zamanı ermənilər su hövzəsində ya böyük torlarla, ya da partladıcı maddələrlə balıq tutublar və gölün eləcə suyu qalıb, canlı həyatını məhv ediblər.

Erməni işğalçıları anlamaq olar, torpaq onların deyildi, hər yanı talamağa, dağıtmağa, məhv etməyə çalışırdılar. Bəs bizə nə gəlib? Niyə öz torpağımızın sərvətinə qənim kəsilmişik, onun resurslarını tükətməyə çalışırıq?

Bir-iki il öncə bir yerli bloqer Araz çayının İmişli rayonundan keçən hissəsində iki nəfərin çaya elektrik cərəyanı verərək çoxlu balıqları tələf etdiklərini çəkib göstərmişdi. Hərdən elələrindən bir-ikisi suya verdikləri elektrik cərəyanının qurbanı olub ölmüşdü.

Təbiəti məhv edənlərlə bağlı hadisələr çox olub. Cəzalananlar da var, cəzadan yayınanlar da. İkincilər birincilərdən on dəfə çox olar ki, az olmaz.

Ekspertizanın rəyini gözləyək. Əminlik var ki, rəy dağ keçisinin ölümündə heç kəsin günahkar olmadığı barədə olacaq.

 

Нет комментариев

Новости автора