Общественно-политическая интернет газета
Azərbaycanın daşı həmişə ağırdır. O qədər ağır ki, hətta qüdrətli dövlətlər də artıq ondan ehtiyatlanır. Kürklərinə birə düşmüş kimidirlər. Çünki biz müsəlman-Türk dünyasının önəmli dövləti, faktiki ikinci gücü. Bununla hər şey deyilib. Yerdə qalanlar – “universal haqlar”, mifik demokratik dəyərlər üçüncü, beşinci dərəcəli şeylərdir.
Gəldik mətləb üstünə.
Özünü “ədalət etalonu”, nə bilim, qlobal “əxlaq polisi” sayan ABŞ indi də allahsızcasına “din kartı” ilə üstümüzə gəlməyə başlayıb. Axır iki gündə bu absurd yalana yetərincə sərt reaksiyalar verilib, tənqidlər səslənib.
İşə bax, Azərbaycanı ən güclü yerindən vurmaq istəyirlər. Dini-milli tolerantlığa görə Birləşmiş Ştatların özünə belə örnək olan bir multikultural məmləkəti - Azərbaycanı (Amerikada polis təkcə son illər məhz qaradərili olduğu üçün neçə-neçə insanı güllələyib!) gör nədə ittiham edirlər.
Qalır bircə Con Kennedinin qətlinə, yaxud İkinci Dünya müharibəsinə görə də bizi suçlu çıxarmaq. Hitlerin cəmi günahlarını, cinayətlərini, yəhudilərə qarşı soyqırımını da ayağımıza yazmaq...
Dövlət Departamentinin məlum hesabatı sözsüz ki, ən əvvəl Azərbaycan xalqına atılan böhtandır, 50 milyonluq ulu topluma təhqirdir. Çünki bu xalqın əsrlərdir digər inanclılara və millətlərə qarşı necə tolerant, səbirli və mərd davrandığı, çörəkverən, xeyirxah və səmimi olduğu çoxdan bəlli.
Əfsus ki, bu təkcə Vaşinqtonun qərəzli yanaşması yox, ümumən ABŞ-ın avanqard olduğu Qərb düşərgəsinin mövqeyidir. Həm də xristian təəssübkeşliyin qaynaqlanan bir mövqe. Avropa Parlamentinin, AŞ PA-nın əleyhimizə çıxardığı qərəzli, iyrənc, gerçəyə dəxli olmayan, tər-təmiz siyasi həyasızlıq nümunələri olan son qətnamələrini yada salın.
Doğru, bu qəbil əsassız hesabatlarda, qərar və qətnamələrdə adətən “erməni barmağı” olur. Amma özümüzü aldatmayaq. Əsas səbəb əlbəttə ki, erməni məsələsi deyil. Amerikanın başında durduğu Qərbin Güney Qafqazın açar ölkəsini, bir müsəlman-Türk dövlətini daim təzyiq və təhdid altda saxlamaq, sıxma-boğmaya salmaq, qaralamaq üçün yürütdüyü şantaj siyasətidir. Erməni sadəcə, vasitə, bəhanə, maşa...
Bu o deməkdi ki, Azərbaycanda ideal demokratik rejim də bərqərar olsa, bizdən əl çəkəsi deyillər. Ta ki, Qərbdən ötrü qapazaltı, vassal və “proksi-ölkə”yə çevrilənədək. Ağ Evdən, ABŞ Konqresindən, Dövlət Departamentindən gələn təlimatlar və qaydalar əsasında həyat tərzimizi quranadək. Ki, o tayda Sem dayı, yankilər asqıranda biz də asqıraq. Qısası, millət olaraq manqurtlaşanadək.
Bu isə əlbəttə, istisnadır. Boşuna özlərini yormasınlar. Zira, biz ABŞ toplumu kimi cəmi 250 il öncə formalaşan, homoseksualizmi “dəyər” olaraq rəsmiləşdirib irqçilik kimi insanlığa zidd əcaib xüsusiyyətdən qurtula bilməyən qondarma millət deyilik. Qədim və dərin kökləri, minilliklərə dayanan adət-ənənəsi, mentaliteti olan böyük və aborigen xalqıq. Qadınlara Amerikadan da qabaq seçib-seçilmək hüququ verən bir cümhuriyyət qurmuş mədəni millətin təmsilçiləriyik...
2024-cü ildə Azərbaycana qarşı belə alçaq ittihamlarla yəqin ki, yenə rastlaşacağıq. Bu cür böhtan və iftiraları Ermənistanla imzalanacaq sülh müqaviləsi müəyyən qədər səngidə bilər. Ancaq tam aradan qaldırmayacaq. Əmin olun. Hər halda böyrümüzdə ibrətamiz Türkiyə nümunəsi var.
Odur ki qardaş ölkə ilə əbədiyyən düşmən bağrı çatladacaq dərəcədə əl-ələ, çiyin-çiyinə, ət-dırnaq kimi olub yola davam eləməli, ortaq gücümüzü daima artırmalıyıq. Bütün sahələrdə - hərbi, iqtisadi, siyasi-diplomatik, humanitar-mədəni, təbliğat sferalarlnda.
Qarabağı azad elədik. Ancaq Şər qüvvələrə qarşı başqa bir davamız hələ indi başlayır. Ya Allah, bismillah...
КомментарииОставить комментарий