Общественно-политическая интернет газета
Beynəlxalq siyasətdə hozuluğun yeri yoxdur. Burada zəif qonşuları qapazlamaq, xox gəlmək, göz ağartmaqla idarə etməyə çalışmaq qəbul olunmur.
Rusiya hələ də o fikirdədir ki, nə vaxtsa əsgərinin ayağı dəydiyi hər yer əbədi olaraq ona məxsusdur, sadəcə, oralardan müvəqqəti çəkilib, bir gün yenə gedəcək və orada yaşayan aborigen xalqlar ona sözsüz tabe olmalıdırlar.
Bu üzdəndir ki, SSRİ-yə daxil olan respublikalarda Rusiyanı sevmirlər. Bu ölkənin yanında artıq bir Belarus qalıb, onun da əlacı yoxdur. Lukaşenko ölkəsinin Avropaya yolunu baölamasaydı, belaruslar da indiyə “aradan çıxmış” olardılar.
Budur, Rusiya slavyan qardaşı Ukraynanın ərazisinin böyük bir hissəsini işğal edib, özününkünə qatıb, oyuncaq “respublika”lar yaradıb, sentyabrın 8-10-da o bölgələrdə seçki keçirib, indi yaxınlığında yerləşən müstəqil dövlətlərdən tələb edir ki, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən həmin “seçki”nin legitimliyini tanısınlar.
Bax, hozuluq, beynəlxalq qanunlara məhəl qoymamaq budur. Buna elə arasında “Ağanəzərəm, belə gəzərəm, bir söz deyənin başını əzərəm” davranışı deyirlər.
Özünə, öz ərazi bütövlüyünə və sərhədinə hörmət edən heç bir dövlət nə qanunsuz dövlət təsisatlarını, nə də onda keçirilən saxta seçkilərin qanuniliyini tanıya bilməz. Bu, həmin dövlətin demokratik prinsiplərə, beynəlxalq qanunlara qarşı çıxması demək olaar.
Ona görə də Azərbaycanın Xarici İşlər Nazirliyi Ukraynanın ərazi bütövlüyünü tanıdığını, dolayısı ilə ölkənin şərq hissəsinin işğal olunmuş vilayətlərində keçirilən seçkilərin qanuniliyini tanımadığını bəyan edib.
Bu isə Rusiya Federasiyasının Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın xüsusi bəyanat verməsinə səbəb olub. Zaxarova deyib ki, bu cür bəyanatlar qəbuledilməzdir və ölkələr arasında müttəfiqliyin xarakterinə uyğun gəlmir.
Belə çıxır ki, bu iki dövlət müttəfiqlik haqqında saziş imzalayıb deyə bütün hallarda eyni mövqedə olmalıdırlar. Əgər Rusiya bu gün Ukraynaya hücum etdiyi kimi, sabah da başqa bir ölkəyə, tutaq ki, Türkiyəyə hücum etsə, Ərzurumda, Qarsda oyuncaq hökumət qurub seçki keçirsə, Azərbaycan onu dəstəkləməlidir?
Göründüyü kimi, sağlam məntiq yoxdur.
Zaxarova sözünü qüvvətləndirmək üçün belə bir cümlə də işlədib: "Hesab edirəm ki, azərbaycanlı dostlarımız yeni regionların tarixini yaxşı bilirlər”.
Yəni seçki keçirilən ərazilər nə vaxtsa Rusiyanın bir parçası olub və indi tarixi ədalət bərpa olunub.
Bu, beynəlxalq siyasətdə tutula biləcək ən təhlükəli mövqedir. Ona qalsa, dünyadakı 200+ dövlətin hamısı ləğv olunmalı, yerində 10-15 imperiya qalmalıdır: İngiltərə, Fransa, Almaniya, İspaniya, Portuqaliya, Türkiyə, Rusiya, Hollandiya, Çin, Yaponiya, İtaliya, İran...
Hazırkı müstəqil dövlətlərin hamısı vaxtilə bu dövlətlərin müstəmləkələri olublar, yüz illərlə əsarət altında yaşayıblar.
Onda ərəblər 500 il boyunca idarə etdikləri Əndəlisə, türklər Yəməndən Balkanlara qədər böyük bir əraziyə, İspaniya Cənubi Amerikanın yarısına ərazi iddiası irəli sürməlidirlər. Eləcə də Fransa yenidən Əlcəzairə, Mərakeşə, Tunisə soxulmalıdır.
Bəşər tarixinin qara ləkəsi, insanlığın utanc səhifəsi olan müstəmləkə əsrləri artıq arxada qalıb. İndi dünya və region ağalığı iddiasına düşənlər uğur qazanmırlar. Böyük dövlətlərin əlində-ovcunda qalan yerlər də yarımmüstəmləkə və ya asılı vassal statusundan xilas olur, əsl müstəqillik əldə edirlər.
Hələlik bu xüsusda ən çox dirəşən ölkə Rusiyadır. Bu dövlət hələ də Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Ermənistan kimi yaxın qonşuları üzərində dominantlıq etməyə çalışır.
Rusiya adı çəkilən Ukrayna vilayətlərindəki seçkilərə loyallıq tələb edərkən anlamır ki, bu məsələdə Azərbaycan Belarusla eyni qatarda ola bilməz. Belarusun vecinə deyil, daxilində hələlik heç bir separatçı hərəkat yoxdur (gələcəkdə olacaqsa, bunu da Rusiya təşkil edəcək). Azərbaycanın başqa ölkədə separatçı qurumun keçirdiyi seçkiləri tanıması öz baltasını öz ayağına vurması demək olardı. O zaman o biri dövlətlər bu presedenti əsas götürərək Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin düzəltdiyi qurama “təsisat”a yanaşmazdılarmı?
Məhz bu faktora görədir ki, Azərbaycan dövləti heç Kipr adasının 40 faizində dövlət qurmuş və 50 ildir yunan Kiprindən ayrı yaşayan Şimali Kipr Türk Respublikasını tanımır. Eyni şey Serbiyadan ayrılan Kosovoya da aiddir. Dünyanın ən qüdrətli dövlətləri Kosovonun dövlət müstəqilliyini tanıyıb, amma Azərbaycanın belə bir imkanı yoxdur.
Hətta ola bilər ki, Kataloniya ikinci bir həmlə ilə yenidən İspaniyadan ayrıldığını bəyan edəcək və tutaq ki, 199 ölkə katalanların dövlətini tanıyacaq. Ancaq İspaniya müstəqil Kataloniya dövlətini tanımadıqca, Azərbaycan da bunu etməyəcək.
Ona görə də Rusiyanın xarici suyasət idarəsi bu cür məsələlərdə umu-küsü edərkən gərək öz müttəfiqlərinin vəziyyətini də nəzərə alsın və onları müşkül seçimlər qarşısında qoymasın.
КомментарииОставить комментарий