Общественно-политическая интернет газета
Rusiya mediasını müntəzəm izləyənlər bu ölkədə iki istqamət üzrə mübarizə görə bilərlər.
Bunlardan biri Rusiya-Ukrayna müharibəsidir. Rusiya mediası adını “xüsusi əməliyyat” qoyduğu, 2,5 ildən bəridir davam edən müharibəyə aid hər güm yüzlərlə informasiya və dezinformasiya yayır.
İkinci bir mübarizə xətti isə miqrantlarla bağlıdır. Son aylarda elə bir gün olmaz ki, miqrantlarla bağlı nəsə bir xoşagəlməz felli (“...zorladılar”, “...oğurladılar”, “... qovuldular”, “... dalaşdılar” və s.) xəbər yayılmasın.
Bundan başqa, miqrantlara qarşı tətbiq edilən tədbirlər, onların işə qəbul edilmələrini və ölkədə qalmalarını çətinləşdirən müxtəlif qanunvericilik aktları hazırlanmasına dair xəbərlər də intensiv xarakter daşıyır.
Bir sözlə, hazıda Rusiya ictimaiyyətinin iki dərdi var: Ukrayna müharibəsi və miqrantlarla mübarizə.
Dünən-srağagün yayılan xəbərə görə, RF-nin Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov parlamentə cəza çəkən miqrantların məcburi deportasiyası haqqında qanun layihəsi təqdim edib.
Bu qanun layihəsinin hazırlanması ona görə vacib olub ki, ötən il miqrantlar arasında cinayətkarlıqda 75% artım qeydə alınıb. Misal olaraq, bir neçə gün öncə Özbəkistan vətəndaşı olan 3 miqrantın “Matç TV” telekanalının qadın əməkdaşını zorlaması göstərilir.
Bir yanı Kalininqrad, o biri yanı Kuril adaları olan azman federasiyada həmin gün qeydə alınan və alınmayan zorlama hadisələrinə diqqət yetirsək, məlum olar ki, jurnalist qadının başına pis iş gəldiyi gün Rusiyada minlərlə qız, qadın zorlanıb. Amma gözə görünən, informasiya olub mediaya çıxan və ajiotaj doğuran məhz özbəklərin törətdiyi cinayətdir.
Bu, o deməkdir ki, asiyalı miqrantlar artıq dilə-dişə düşüb. İndən belə, min quldurluq hadisəsi olsa, onun yalnız birini miqrantlar törətsə, qalmaqala səbəb olan məhz onların etdiyi olacaq. Başqa cinayətlər də onun kimi.
Bir ara icrimaiyyətin diqqəti “Qafqaz millətindən olan şəxslər”in kriminal fəaliyyətinə dair xəbərlərə fokuslandırıldığı kimi, indi də bütün diqqətlər “asiyalı miqrantlar”a yönəldilir.
Davankov tərəfindən Dumaya təqdim edilmiş qanun layihəsi əcnəbi vətəndaşların Rusiyada cinayət cəzasını çəkdikdən sonra məcburi deportasiyasını təklif edir. Bunun üçün miqrantların Rusiya ərazisində qalmalarının arzuolunmazlığı barədə qərar qəbul edilməliir.
Miqrantlarla mübarizənin incəlikləri bir bununla məhdudlaşmır, miqrant ailələrinin Rusiyaya girişinə qadağa qoyulması, əmək mühacirlərinin övladlarının rus dilindən imtahan verdikdən sonra məktəblərə qəbulunun planlaşdırıldığı, əcnəbilərin isə vahid “idarə olunan işə qəbul”qəbul edilməsi kimi məhdudlaşdırıcı filtrlərin tətbiqi də nəzərdə tutulacaq.
Xüsusilə də “rus dilində mükəmməl bilmək” tələbi miqrantların Rusiyaya axışmasının qarşısını ala biləcək vasitədir. Aydın məsələdir ki, miqrantların tam əksəriyyəti rus dilini mükəmməl bilmirlər və öyrənə bilməyəcəklər. (Bu dili heç rusların özləri də 90 faiz civarında mükəmməl, tələb olunan səviyyədə bilmir).
Bu da maraqlıdır ki, RF ərazisində yaşayan və ya yaşamaq istəyən qeyri-millətlərdən “rus dilində yaxşı danışmağı, yazmağı” tələb edən rusiyalı deputatlar vaxtaşırı olaraq Özbəkistan, Qırğızıstan, Qazaxıstan, eləcə də Baltikyanı ölkələrdə rus dilinin sıxışdırıldığı barədə məlumat yayır, etirazlarını bildirirlər.
Yəni Rusiya başqa millətlərdən onların rus dilində yaxşı bilmələrini tələb edə bilər, amma başqa ölkələrdə rusdilli əhalidən yerli dili öyrənməyi tələb etmək olmaz. Birinci mütləqdir, vacibdir, ikinci isə təzyiqdir, sıxışdırmadır.
Hiss olunur ki, tacik millətindən olan terrorçuların bu ilin martında Moskva ətrafındakı “Krokus” konsert zalında törətdikləri terror aktından sonra rusiiyalı qanunvericilər, eləcə də icraçı məmurlar miqrantlarla bağlı nə edəcəklərini bilmirlər, çaşbaş qalıblar.
Bir tərəfdən, sosioloqlar iddia edirlər ki, Rusiya əhalisinin azalmasının qarşısını almaq, əhali sayını sabit saxlamaq üçün ildə 1,1 milyon miqrant qəbul etmək zəruridir, digər tərəfdən, miqrantları kütləvi deportasiya etməkdən danışırlar.
İş adamları həyəcan təbili çalırlar ki, miqrantların kütləvi deportasiyası əmək bazarında ciddi işçi qıtlığı yaradacaq, bir çox sahələr inkişafdan qalacaq, amma hüquq-mühafizə orqanlarını iqtisadi inkişaf yox, kriminogen durumun nəzarət altında saxlanması maraqlandırır.
Onu da deyək ki, miqrantların axınını azaltmaq üçün tətbiq edilən dil baryeri Azərbaycandan olan mühacirlərin mənafeyinə də ciddi şəkildə toxunur. Çünki bizimkilərin də çoxu rus dilini məişət, bazar ticarəti səviyyəsində bilir.
КомментарииОставить комментарий