Общественно-политическая интернет газета
Neçə illərdir kənd ortalığına dönmüş sosial şəbəkələrin milli seqmenti bu günlərdə media mövzusuna köklənib. İnşallah, bu trend bu gün də tam şiddəti ilə davam edər, birisigündən etibarən söhbət öləziyər.
İndilikdə isə hər iki statusdan, şərhdən biri belədir: “Mətbuat ölüb, yoxdur”; “Media can verib, qurtarıb”; “Mətbuat nə gəzir, o, çoxdan rəhmətə gedib”; “Allah Azərbaycn mediasına rəhmət eləsin” və sair və ilaxır. (Jurnalistləri aşağılayan, “vuran”, yerlə bir edən mesajlar başqa mövzudur).
Bəri başdan deyək: mətbuatın ölümü haqda yazılanlar şişirtmədir, qərəzli yanaşmadır, doğru təsbit deyil, obyektiv dəyərləndirmədən uzaqdır, gəlişigözəl, diletant, səthi fikirlərdir.
Media ölüb-eləməyib, yaşayır, ölməyəcək.
İndiki halda yalnız medianın zəifləməsindən, yaralanmasından, sürüncəkli olmasından, ələbaxımlılığından, gözüqıpıqlığından, dişsizliyindən danışmaq olar.
Bəli, desələr ki, 25 il əvvəllə müqayisədə media dişsizdir, caynaqsızdır, pəncəsizdir, razılaşmaq olar. Hətta “media letargiya yuxusuna dalıb” desələr də, qismən yeri var.
Əslində bu da tam obyektiv dəyərləndirmə olmayacaq, çünki medianın dişindən, caynağından çəkinənlər və vaxtaşırı onları öz dərisində hiss edənlər var.
Bu ölkədə medianın tənqid oxlarından kənarda qalan bir neçə adam var. Yerdə qalanların elə bir immunitetti yoxdur və saytları izləyənlər bunun şahidi ola bilərlər.
Fəqət, medianın tənqidçiləri umurlar ki, hamı bir nəfər kimi tənqid yazsın – həm də ağına-bozuna baxmadan, daşdan keçən faktlar əldə etmədən. Birincidən sonuncuya qədər bütün məmirlar ifşa olunmalıdır – tələb və umacaq budur.
Yalnız bundan sonra demək olar ki, mətbuat diridir, etmirsə, edə bilmirsə, demək, ölüb.
Elə çıxır ki, dünyanın ən demokratik, söz və mətbuat azadlığına heç bir basqı olmayan ölkələrində bütün qəzetlər, saytlar döşənib səhərdən axşama qədər dövlət başçılarını, nazirləri tənqid edirlər.
Elə şey yoxdur. O ölkələrdə də rəhbər şəxsləri tənqid edənlərlə yanaşı, müdafiəsində duranlar, təbliğatını aparanlar, həmişə dəstək verənlər var.
Azərbaycan kimi ölkələrdə isə vəziyyət fərqlidir. Burada artıq qəzet alıcısı yoxdur, olsa-olsa sayt oxucusu, izləyicisi, baxıcısı var və onlar özləri heç bir vətəndaş fəallığı, prinsipiallığı göstərmədən, eləcə, “böyüklər”in ifşasına dair materiallar oxumaq istəyirlər.
Əgər o şəxslər oxumaq istədikləri ifşaedici materialların birini şəxsi kanalları vasitəsi ilə bilsələr və bunun ictimailəşməsi zamanı təsdiqləyici şahid olmaları lazım olsa, kütləvi şəkildə imtina edəcək, “mənim adım olmasın” deyəcəklər.
Düstur belədir: “Mənim adım olmasın, amma sənin imzan olsun”. Bu da bərabərdir buna: “Mənə, işimə, ailəmə heç nə olmasın, amma səni öldürsələr də, olar”.
Bu olmursa, demək, media ölüb, rəhmətə gedib.
Amma heç ola bilməz ki, diri cəmiyyətin mediası ölü olsun. Mətbuat ölübsə, demək, cəmiyyət də ölüdür. Bunlar bir-birindən ayrı deyil.
Ona görə də rəngləri tündləşdirmək, problemi olduğundan daha böyük göstərmək lazım deyil.
1920-ci ildə sovet-bolşevik işğalçıları Bakını işğal edəndə müstəqil dövlətin mətbuatına hücum etdilər, qəzetləri bağladılar, mətbəələrdə inqilab vərəqələri buraxmağa başladılar, yaxşı jurnalistlərin qaçanı qaçdı, tutulanı tutuldu, vaxtilə özünü qoruyanlar isə pero dəyişdirdilər.
Amma mətbuat ölmədi, yön, mövzu dəyişdirdi, sosializm ideyalarının təbliğatçısına çevrildi, burjua tör-töküntülərinin, kapitalistlərin, mülkədarların ifşası ilə məşğul oldu. Bu, Avropa ölkələrinin mediasından fərqli fəailiyyət idi, amma hər halda bu da belə bir mətbuat idi. Elə bir rayon yox idi ki, sovet dövləti orada qəzet təsis etməsin.
Sonrakı illərdə ABŞ və Avropa qəzetləri ən maraqlı şeylərdən, sensasion yeniliklərdən, ölkənin, dünyanın taleyi üçün vacib məsələlərdən, dəhşətli qəzalardan, qalmaqallı hadisələrdən yazanda sovet qəzetləri eyzən kommunizm quruculuğundan, Qərbdəki mənfur kapitalizmdən, kolxozların əmək məhsuldarlığından, neftçilərin fədakar əməyindən, heyvandarlığın inkişafından, bir beşillikdə iki beşilliyin planının yerinə yetirilməsindən yazırdı və ölkədə baş verən istənilən neqativ hadisədən (təyyarə, gəmi, qatar qəzaları, terror aktları və s.) bəhs etmirdi.
Göz önündə iki media vardı, ikisi də diri idi. Biri eləydi, o biri belə.
Ancaq total şəkildə kommunizm təbliğatı aparan ideoloji qəzet və jurnallarda yeni nəsil jurnalistlər yetişirdi. Felyetonçular pleyadası vardı və hər kəs onları “kəsərli qələm sahibləri” adlandırırdı.
İndiki media ilə müqayisədə totalitar sovet quruluşundakı daha ölü mətbuatda belə maraqlı oçerklər, məhkəmə reportajları, resenziyalar, ədəbi jurnallarda isə publisistik materiallar tapıb oxumaq olurdu.
İndiki dövrdə o cür materiallar yüz dəfə çoxdur, ölkənin bütün fəaliyyət sferalarına aid yüzlərlə xəbər, yazı oxumaq olar. Saytlar hər cür materiallarla aşıb-daşır.
Belə olandan sonra medianı necə ölü hesab etmək olar? O cür yazıları axtarıb, arayıb, oxumursan, sonra da gileylənirsən ki, indiki jurnalistlər bir şey yazmırlar. Sovet dövründə adi pambıq toplanışına aid xəbəri milyonlarla adam oxuyurdu, indi o cür materialı heç bir qəzet, sayt səhifəyə qoymaz. Ancaq milyonların oxumalı olduğu vacib bir materialı 2-3 min adam oxuyanda sevinirik.
Dediyim odur ki, medianın ölü olduğundan ağız dolusu bəhs edən həmkarlar, dostlar, bədxahlar bir də ona baxsınlar ki, özləri oxucu və vətəndaş kimi nə qədər diridirlər.
КомментарииОставить комментарий