Общественно-политическая интернет газета
Biz ona öz aramızda ümummili bacı deyirik. Dünən və bu gün təsdiqləndi ki, düz deyirmişik. Səhhətində porblem yaranan, komaya düşdüyü bildirilən Qənirə xanım üçün minlərlə dua edənlər vardı sosial şəbəkələrdə.
O, bu qədər sevgini xeyirxahlığıyıla, səmimi və təmənnasız yardımsevərliyi ilə qazanıb. Hamının dadına yetişməyə çalışıb, ehtiyacı olan hər kəsə yardım əlini uzadıb, bir kəsə yox deməyib. Şişirtməsiz-filansız, xalqımızın xeyirxahlıq mələyidir Qənirə bacı.
Tanıdığımız, tanımadığımız adamların təhsil, səhhət və sair problemləri ilə bağlı ona zəng etdiyimiz çox olub. Güvənc yerimizdir. Həmişə də necə olur, olsun, problemi həll etməyə çalışıb. Açığı, onun nə kiməsə yardımdan imtina etdiyini görmüşəm, eşitmişəm, nə də həll etməyə çalışdığı məsələni yarımçıq qoyduğunu.
Bir dəfə övladımın magistraturada birgə oxuduğu tələbə yoldaşının atası vaxtsız vəfat etmişdi, təhsil haqqının ödənməsində problem yaranmışdı. Köməyə ehtiyacı vardı ailənin. Əlaçı tələbənin təhsili yarımçıq qala bilərdi. Allahdan, Qənirə xanımla rastlaşdıq, problemi ona dedim, dərhal tələbənin telefon nömrəsini istədi, aldı və rəfiqəsi Arzu xanıma tapşırdı, ikilikdə məsələni həll etdilər.
Mən ondakı bu ürəyə, enerjiyə, səmimiyyətə heyranam. Qənirə xanımla yarım saat bir masa arxasında otursanız, görərsiniz ki, o, bir fincan çayı içənə qədər azı 3 zəngə cavab verir, sonra özü kimlərəsə zəng edir, həmin şəxslərdən şikayətçilərə kömək etmələrini xahiş edir, bəzən də ərklə boyunlarına qoyur.
Onun müvafiq xahiş və tapşırıqlarından imtina edən yoxdur. Bütün vəzifəli şəxslər və məmurlar onu tanıyır, hörmət edirlər, o da hamıyla xoş münasibət saxlayır və bu dostluq-qardaşlıq münasibətlərindən insanların faydası üçün istifadə edir.
Türk dövlətlərində olduğum zaman Azərbaycandan gəldiyimi biləndə mütləq mənə Qənirə Paşayevanı tanıdıqlarını deyirlər. Bu, Türkiyədə bir neçə dəfə olub, o cümlədən Qazaxıstan və Özbəkistanda da.
Bir ara o, Türkiyəni şəhər-şəhər, qəsəbə-qəsəbə gəzərək müxtəlif auditoriyalarda yorulmadan, usanmadan Qarabağ məsələsindən, Xocalı soyqırımından danışıb, iri şəhərlərin bələdiyyə başqanlarının qarşısında şəhərdə “Azərbaycan” və ya “Qarabağ” parkı inşa etmələri təşəbbüsnü qaldırıb, demək olar ki, hamısında da bu arzusuna nail olub.
Özü üçün deyil, xalqı üçün işləyən xanımdır o. Ürəyi gerçəkdən millətiylə döyünür, fikri-zikri gənclərin yaxşı təhsil alması, xüsusilə də qızların bu sahədə irəli getmələridir. Söhbətlərmiz zamanı dəfələrlə vurğulayıb ki, bir millətin gələcəyi onun təhsilli qızlarının çox olmasından, qadınların fəallığından çox asılıdır. Bir dəfə kömək etdiyi bir əngəlli gənc qızdan ona minnətdarlıq zəngi gəldi, Qənirə xanım onunla elə danışdı ki, yalnız bir ana çox istədiyi övladla o cür nəvazişlə danışa bilər. Həmin qızın nailiyyətindən elə fərəhlə danışırdı ki, sözlə ifadə edilməsi mümkün deyil.
İndi əziz keçmiş həmkarımızın səhhətində problem yaranıb və onun sevən onminlərlə insan narahatdır, kədərli intizar içində yaxşı xəbərlər gözləyir, ümid və dua edir.
Hamı dərk edir ki, həyat fanidir, heç kəs əbədi deyil, amma bu cür yaxşı insanlar çox yaşamalıdır. Onlar öz xalqları üçün, eləcə də bəşər övladları üçün faydalıdır. Xeyir və Şər arasında gedən əbədi mübarizədə Qənirə xanım kimilər olmasa, Xeyir təklənər, zəifləyər, Şər təntənə edər.
Neçə dəfə neçə ağızdan eşitmişəm, deyiblər, kaş parlamentdə Qənirə xanım kimi deputatlar çox olaydı, o zaman bu xalqın həll edilməyən problem qalmazdı. Başqa seçki dairələrinin seçicilərinin onun üstünə xahişlə gəldiyimi, məmnun getdiyini, “kaş onun kimi deputatımız olaydı” dediyini görmüşəm. Sanki o, 105 saylı Tovuz seçki dairəsinin deputatı deyil, bütün 125 seçki dairəsinin yarısının deputatıdır. Millət vəkli ünvanının ən çox yaraşdığı adamdır Qənirə bacı.
Əgər onu hansısa bir nazirliyin başına gətirsəydilər, əmin olun ki, o, ən nümunəvi nazirlik olar, xalqa xidmət sahəsində öhdəsinə düşən hər şeyi edər, barmaqla göstərilərdi. Çünki onun rəhbəri Qənirə xanım kimi çalşqan, dürüst, xeyirxah, elcanlı biri olacaqdı.
İndi əlimizdən dua etməkdən başqa bir şey gəlmir. Onun yaxşılaşması insanlardan asılı olsa, hər kəs bir an belə tərəddüd etmədən ona kömək edərdi.
Uca Yaradan sənə kömək olsun, əziz bacı!
КомментарииОставить комментарий