Общественно-политическая интернет газета
Bu gün ölkəmizin tarixininin qara günlərindən biridir. Qarakənd faciəsi və ya 20 noyabr faciəsi adı ilə tanınan, Azərbaycanın dövlət xadimlərinin həlak olduğu helikopter terrorunun 32-ci ildönümüdür.
Bu hadisə 1991-ci ilin noyabr aynın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində baş verib. Erməni terrorçuları tərəfindən vurulan hərbi helikopterdə 22 nəfər həlak olub. Onlardan 12-si azərbaycanlı idi.
O zamana görə də, indinin özündə də bu, sıradan bir hadisə deyildi. Həlak olanlar arasında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, nazir müavini Qurban Namazəliyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.
Bundan başqa, helikopterin vurulması nəticəsində Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Saylau Serikov, yüksək rütbəli rus hərbçilər də olub.
O zaman SSRİ-nin dağılmasına 1 ay qalırdı. Əslində SSRİ-yə daxil olan müttəfiq respublikaların, demək olar ki, hamısı dövlət müstəqilliyinə dair bəyannamə qəbul etmiş, Moskvaya itaət etmək istəmədiklərini göstərmişdilər. SSRİ prezidenti Mixail Qorbaçov isə hələ də ölkədə situasiyaya, eləcə də milli münaqişələrə nəzarət etdiyini göstərmək istəyirdi. Elə Azərbaycanın dövlət adamlarınndan, Rusiya və Qazaxıstanın hərbi xadimlərindən ibarət heyəti helikopterlə Xankəndiyə göndərmək, orada mühüm bir toplantı təşkil etmək də onun təşəbbüsü idi.
Bəs bu detaldan çıxış edərək güman etmək olarmı ki, helekoptor terrorundan Qorbaçovun və ya SSRİ xüsusi xidmət orqanlarının öncədən xəbəri olub?
Üstündən 32 il keçəndən sonra çox şey demək olar, amma bu terror aktı və onun acı nəticəsi nə Qorbaçova, nə də o zamankı Azərbaycan prezidenti Ayaz Mütəllibova (ona qarşı da bu cür iddia var) heç cür sərfəli deyildi. Bu hadisə Ayaz Mütəllibovun iqtidar komandasının belini qırdı, onu tək qoydu, zəiflətdi. Eləcə də bu terror aktı Qorbaçovun artıq ölkəyə rəhbərlik edə bilmədiyini, SSRİ-nin son dərəcə laxlamış, çökmək üzrə olduğunu göstərdi.
Söz yox, rus müstəntiqlər və təbliğatçılar ortalıqda nə qədər informasiya kirliliyi yaratsalar da, separatçıları təmizə çıxarmağa çalışsalar da, helikopteri ermənilərin vurduğu şəksiz idi. Hadisə yerinə də birinci ermənilər və ruslar çatmışdı. Açılmış cinayət işini ruslar aparsa da, demək olar ki, əsasən, işi ört-basdır etməyə çalışmış, hadisəni qəza kimi qələmə vermis, helikopterin qara qutusunun “yararsız” olduğunu bəyan etmişdilər. Halbuki mütəxəssislər Mİ-8 N72 helikopterlərində olan qara qutuların yanma ehtimalının 0-a bərabər olduğunu qeyd edirlər.
Zatən, o “qara qutu” asanlıqla sıradan çıxacaq bir şey olsa, onu təyyarələrə və helikopterlərə quraşdırmağın mənası olmazdı.
Yeri gəlmişkən, 1991-ci ildə parlament sədrinin müavini vəzifəsini tutan Tamerlan Qarayevin son anda helikopterə minməməsi faktına istinad edərək onun helikopter terrorunda əlinin olması barədə hələ də davam edən manipulyasiyalar var. Ancaq bu hadisəyə dair təfərrüatlarda Xankəndiyə gedəcək rəhbər şəxslərin siyahısının Moskvanın xahişi ilə bir neçə dəfə dəyişdirildiyi, Vaqif Cəfərov və Vəli Məmmədovun adlarının siyahıdan bir dəfə çıxarılması, daha sonra yenidən əlavə edildiyi məlumdur, Tamerlan Qarayevdən isə söhbət getmir. Bu da ona dəlalət edir ki, T.Qarayevin Xankəndiyə getməsi öncədən nəzərdə tutulmayıb. Adamı 32 ildir ki, minməli olmadığı helikopterə minmədiyi üçün şantaj edirlər.
Maraqlıdır ki, bu hadisədən 40 gün sonra SSRİ dağılsa da, onun varisi Rusiya öz vətəndaşlarının həlak olmasına görə davam etdirməli olduğu istintaqı sona çatdırmayıb. Beləliklə, bu boyda cinayət işi ört-basdır edilib. Sonrakı illərdə Azərbaycanın bu istiqamətdə hər hansı bir təhqiqat aparması isə çox çətin idi.
Bununla belə, Qarabağin aran və dağlıq hissəsi erməni terrorçularından, silahlı separatçılardan tamamilə azad olunduqdan, terrorçubaşıların bir qisminin yaxalanaraq Bakıya gətirilməsindən sonra bu məsələyə yenidən qayıtmaq, 1991-ci ilin 20 noyabrında Azərbaycana məxsus hərbi helikopterin kimlərin əmri ilə kimlər tərəfindən vurulduğunu soruşmaq olar. Qondarma “DQR”-in “sabiq prezidentlər”i, əl-əlbət, bu məsələyə dair hər hansı yeni informasiyaya malik olarlar.
Bu cür hadisələrin unudulmaması isə o baxımdan əhəmiyyətlidir ki, bu günlərə hansı ağrı-acılardan, itkilərdən, silsiləvi məyusluqlardan keçib gəldiyimizi bilək və necə bir kəmfürsət və məkrli düşmənlə üz-üzə olduğumuzu həmişə yadda saxlayaq.
КомментарииОставить комментарий