Общественно-политическая интернет газета
Ermənistan baş naziri Nikol Paşinyan yeni prezidentin andiçmə mərasiminə qatılmaq üçün İrandadır. Artıq onu yeni seçilmiş prezident Məsud Pezeşkian və ölkənin ali dini lider Əli Xamenei qəbul edib.
Paşinyan təxminən iki ay öncə də Tehranda olmuşdu - faciəvi şəkildə həlak olan prezident İbrahim Rəisinin dəfn mərasimində. Bu, onun baş nazir olduğu dönəmdə Həsən Ruhani və Rəisidən sonra əl uzatdığı üçüncü İran prezidenti idi...
Siyasi müşahidəçilər onun budəfəki Tehran səfərində maraqlı detala diqqət çəkiblər. Söhbət əvvəlki prezidentlərdən fərqli olaraq, Pezeşkianın Paşinyanla qucaqlaşıb görüşməməsindən (öpüşməməsindən) və əl verərkən onu özündən uzaq saxlamasından gedir.
Əlbəttə, xarici siyasətdə, ikitərəfli diplomatik münasibətlərdə belə mesaj xarakterli detalların özünəməxsus anlamı, önəmi ola bilir. Bəlkə bu, İranın “qulağının dibi”ndə İrəvanın Qərbə (ABŞ-a) yarım-hərbi, casus missiya üçün səxavətlə şərait yaratmasına, ümumiyyətlə, son vaxtlar Tehranın düşmənləri ilə əlaqələri getdikcə dərinləşdirməsinə bir etirazdır? Yaxud cənab Pezeşkian mənsub olduğu 50 milyonluq Türk soyuna qarşı törədilmiş erməni vəhşiliklərinə bu cür etiraz bildirməık istəyib? Hər halda az sonra dəqiq biləcəyik.
Fakt budur ki, Paşinyan hökuməti sələfləri kimi, günü bu gün də, eyni vaxtda həm İran və Rusiyaya, həm də kollektiv Qərbə dost-tərəfdaş olmağı xəyal edir. Azərbaycan torpaqlarının işğalı dövründə buna xeyli dərəcə nail da olmuşdular. Rusiya, İran, ABŞ və Avropa Birliyini təmsil edən Fransa Azərbaycan torpaqlarının işğalına eyni dərəcədə laqeyd idilər. Üstəlik, onların heç biri təcavüzkardan maliyyə-hərbi dəstəyi bu və digər dərəcədə əsirgəmədilər. İran Ermənistan üçün hətta “nəfəslik” rolunda idi...
Ancaq vəziyyət artıq dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü və suvertenliyini bərpa edib. İşğalçıları torpalarımızdan iti qovan kimi qovub. Yəni Bakını “erməni kartı” ilə şantaj edəcək bir şey qalmayıb. Məntiqlə indi yeganə ağıllı yol kapitulyant ölkəni Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa məcbur etməkdir.
Hələ ki, bu yöndə ciddi cəhdləri nə kollektiv Qərbdən, nə də qonşu İran və Rusiyadan görürük. Yalnız quru bəyanatlar. Hələ harasıdır, Tehranın İrəvandakı İ.Rəisi hökumətindən qalma səfiri Mehdi Sübhani dünənədək Azərbaycan əleyhinə qalmaqallı açıqlamalar verməkdə idi...
Əlbəttə, Peşekianın Paşinyanı qucaqlamamasından eyforiyaya düşüb də uzaqgedən nəticə çıxarmaq doğru olmazdı. Öz vəzifəsinin icrasına o, indi-indi başlayır. Pezeşkian necə bir prezident olacaq? Hələ ki, bu, “bağlı boğça” kimi bir şey.
Onun ilk 100 günlüyü göstərəcək, cənab Pezeşkian “limondan limonad düzəldə” biləcək, ya yox? Çünki İranın xarici siyasət kursunu başqa bir azərbaycanlı - Xamanei müəyyən edir. Bu kurs isə aşağı-yuxarı məlum. Pezeşkian ona yalnız bəlli çərçivə daxilində yeni ştrixlər əlavə edə bilər.
Çətin olacaq. Bunu Məsud bəyin özü də bilir. Təsadüfi deyil ki, az öncə o, belə bir fikir söyləmişdi: “Məni tərifləməyin, təklif verin”. Yəni eyforik gözləntilər məsələsi.
Ona uğur arzulayarıq. Paşinyana verdiyi ilk mənalı mesajdan dolayı ümid edək ki, siftəni korlamaz...
КомментарииОставить комментарий