Свобода людям, независимость нациям!

Məkr dağarcıqlarının kütləvi köç aksiyası

 

İldırımsürətli lokal antiterror əməliyyatından iki gün sonra, sentyabrın 22-də ermənilərin sözləşibmişlər kimi, Xankəndi və ətrafdakı rayonlardan Ermənistana doğru kütləvi köçə başlaması ilk gündən şübhəli idi.

Ölkəmizin politoloq və müşahidəçiləri əbəs yerə şübhələnmirdilər. Əsaslar vardı, bu hiylə və məkr dağarcıqlarından hər şey gözlənilirdi. Azərbaycan rəhbərliyi Qarabağda qalmaq istəyən ermənilərə təhlükəsizlik və toxunulmazlıq təminatı verirdi. Üstəlik, Rusiya sülhməramlıları da ordaydı.

Ötə yandan, Avropa ölkələrinin siyasi dairələri də gözlərini bərəldib Qarabağa baxırdılar və olub-keçən hər şeyin qeydiyyatını aparırdılar, erməni icmasına qarşı hər hansı bir qanun pozuntusu olsa, anındaca reaksiya verəcəkdilər.

Həm də həmin vaxt Azərbaycan ordusunun hissələri və hüquq-mühafizə orqanlarının əməkdaşları yaşayış məntəqələrinə daxil olmamışdılar, yarılmış cəbhə xəttinin yaxınlığında təmkinli bir şəkildə dayanmış, qanunsuz hərbi birləşmələrin, terrorçuların silahı təhvil verməsini gözləyirdilər.

Mülki sakinlərə “sizə filan qədər vaxt veririk, buradan köçməlisiniz” deyən, onları haqq-hesab çəkməklə təhdid edən yox idi. Gözlənilirdi ki, sıravi ermənilər “artsax” nağılının bitdiyini anlayaraq, sovet dövründə olduğu kimi Azərbaycan dövlətinin təbəəsi olaraq qalıb yaşamaqda davam edəcəklər.

08aa7a07297e9d0a89a72a89acd95569.jpg (113 KB)

Ancaq onlar birdən-birə kütləvi şəkildə Ermənistana adlamağa qərar verdilər. Bu, insanların öz iradəsinin qərarı kimi görünmürdü, mütəşəkkil işə oxşayırdı.

Arada azərbaycanlı jurnalistlərin müsahibə aldığı yaşlı erməni kişi ağzından belə bir söz qaçırdı ki, kənd sovetindən gəlib onlara ellikcə köçməyin lazım olduğunu deyiblər.

Bax, şübhəli məqam bu idi. Deməli, qondarma “hökumət”in xırda ranqlı məmurları belə o xaosda mülki insanları idarə edir, onların əvəzindən qərarlar verirlər: “Burada qalmaq olmaz, hamımız getməliyik”.

Daha bir şübhəli məqam köç üstə olanların qəribə bir arxayınlıq içində olmasıydı, çoxlarında dərin məyusluq yox idi, sanki bir-iki aylığa harasa “sezon”a və ya yaylağa gedirlər, sonra yenə qayıdıb gələcəkdilər.

Əgər həmin günlərdə Azərbaycan tərəfi ermənilərin qarşısını alıb, köçmələrinə mane olsa, qışqırıq səsi yenə dünyanı başına götürəcəkdi: “Azərbaycan erməniləri girov götürüb, qırmaq istəyir”.

Bu mənzərələri şəkkaklıqla seyr edən bir çox həmvətənlərimiz bu kütləvi köçdə məkrli bir niyyətin olduğunu dərhal sezdilər, yazdılar, danışdılar.

VhAz7xyOQXgoPhT1I2VW1DItYKXAZ0IqHo3Sg4eI-850-565-fit.jpg (148 KB)

Tezliklə aydın oldu ki, bu, o qədər də xaotik köç deyil, mütəşəkkil köç aksiyasıdır. Ermənistana köçənlərin siyahıya alınması, sonra bu rəqəmlərin şişirdilməsi, daha sonra BMT başda olmaqla bir çox nüfuzlu beynəlxalq təşkilatlara müraciət edilməsi göstərir ki, ermənilər bu kütləvi köçdən Azərbaycana qarşı siyasi alət kimi istifadə etmək, məsələyə qüdrətli dövlətləri qarışdırmaq istəyirlər.

Söhbətin “zorakılıqla deportasiya”ya, “etnik təmizləmə”yə gətiriləcəyi ilk günlərdən bəlliydi. Xoşbəxtlikdən, Azərbaycanın hərbi qüvvələri erməni icmasının təmsilçilərinə güldən ağır söz demədilər, heç kimi döymədilər, təhqir etmədilər, hamısını qonaq yola salırmış kimi yola saldılar, hələ yolluq su və qida da payladılar.

30-31 il öncə yüz bir zülm-zillət içində Qarabağın rayonlarından didərgin düşənlər bizimkilərin ermənilərlə bu cür rəftarını qəbullana bilmirdilər, tənqid edirdilər. Ancaq işin içində olanlar bilirdilər ki, bu xalqın məkrli başbilənlərinin əlinə nəinki səbəb, heç bəhanə də vermək olmaz.

Budur, indi onlar dünyanı ayağa qaldırıblar ki, Azərbaycandan zorakılıqla qovulublar. Ortada isə kütləvi köçdən başqa heç bir fakt yoxdur. Ermənilər evlərinə hücum edilməsi, əmlaklarının zorla əllərindən alınması, özlərinin döyülməsi, yaşayış yerlərindən zorakılıqla çıxarılması adına heç bir foto və videogörüntülərə malik deyillər. Onların 99 faizi Laçın postuna gələnə qədər azərbaycanlı hərbçilərlə heç bir təmasda olmayıblar. Posta isə onlara su paylayıblar, halı pisləşənlərə kömək ediblər. Bunun videoları isə var və çoxdur. Hamısı sənəddir.

Hətta BMT də təsdiqləyib ki, ermənilərə qarşı hər hansı bir təzyiq olmayıb.

view_IMG_20220331_105918.jpg (174 KB)

Ancaq bu, bəs olmayacaq. Onlar dünyada, əsasən də Avropada böyük bir təbliğat kampaniyası aparacaq, həm beynəlxalq təşkilatlardan və ayrı-ayrı dövlətlərdən külli miqdarda maddi yardım dilənəcəklər (artıq başlayıblar), həm də Azərbaycanın milyardlarla dollar həcmində təzminat ödəməyə məcbur edilməsinə çalışacaqlar.

Bununla da bitməyəcək, ermənilər qısa bir müddətdən sonra beynəlxalq güclərin bayrağı və himayəsi altında yenidən geriyə, Qarabağa qayıtmağa, status və təhlükəsizlik təminatı almağa çalışacaqlar. Onlar qarşılarına Qarabağda ikinci Kosovo yaratmağı məqsəd qoyublar. Açıq görünür.

Yalnız onların unutduqları bir şey var. Azərbaycanlılar özlərini onlara qarşı serblərin albanlara münasibətdə etdiklərinin mində birini etməyib. Əksinə, nə edibsə, onlar edib.

İndi tam vədəsidir. Viranəyə çevrilmiş Qarabağın rayonlarına görə beynəlxalq məhkəmələrdə 9 sıfırlı rəqəmlərlə ifadə olunan təzminat davası açmaq lazımdır ki, həm başları özlərinə qarışsın, həm də bütün dünya görsün ki, onlar heç də fağır-fasıq məxluqlar deyil.

Hələ 35 il öncə Ermənistandan didərgin salınmış soydaşlarımızın repatriasiya məsələsi də kozır kimi durur.

Нет комментариев

Новости автора