Общественно-политическая интернет газета
Makron Fransası heç bir lüzum olmadan Azərbaycanla körpüləri bir-bir yandırmağa davam edir. Siyasi müşahidəçilər bu minvalla hətta iki ölkə arasında diplomatik əlaqələrin kəsiləcəyini də istisna etmirlər.
Əlbəttə, Azərbaycan bundan çox şey itirməz. Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa Parlamentində əleyhimizə əl-qol atmasını, açıq-aşkar düşmən davranışını gördük və görürük. Faktiki ciddi müttəfiqlərsiz-zadsız qalıb.
Bizim bu ölkəyə ixrac etdiyimiz elə bir qiymətli mal-məhsulumuz da yox. Amma iqtisadçılar bilir, Fransa biznesi, onun neft-qaz şirkətləri Azərbaycana görə böyük zərərə düşər. Ən əsası, Parisin Güney Qafqaza yolu həmişəlik bağlanar.
Ümumiyyətlə, Güney Qafqazın açar ölkəsi kimi Azərbaycanı itirmək istənilən dövlətə ucuz oturmaz – həmin dövlət nə qədər qüdrətli olsa belə. Uzaqgörən liderlər belə ağılsızlığa heç vaxt qol qoymazlar.
Amma nə etməli ki, Fransa kimi bir dövlətin rəhbərliyində son beşilliklər cırlaşma gedir. Siyasətin, geosiyasətin əlifbasından bixəbərlər dövlətin sükanı arxasına asanca keçə bilirlər. Aydındır ki, o sırada yer olan Makron da özünə, başına-yaşına uyğun komanda formalaşdıracaq.
Doğru, rəsmi Parisin ölkəmizə qarşı aşırı qəzəb, kin-nifrət püskürməsi təkcə erməni amili ilə yox, həm də qardaş Türkiyə ilə, öncəliklə də 44 günlük müharibədən sonra “ət-dırnaq” kimi olan və bölgədə getdikcə möhkəmlənən Bakı-Ankara müttəfiqliyi ilə bağlıdır.
Təsadüfi deyil ki, Makron təzə il girər-girməz, yeni xarici işlər naziri postuna özünün ən yaxın dostlarından və silahdaşlarından olan qatı türkofob Stefan Sejurneni gətirib. Ancaq təzəlikcə cənab Sejurnenin qəribə mərəzi üzə çıxıb.
Öz dilindən eşidək. “La Parisien” qəzetinə müsahibəsində Sejurne deyir: “Gənc olanda mənə ağır disleksiya diaqnozu qoyulub (“dis” – “çətinlik”, “leksiya” – “dil” – red.). 15 il əvvəl sizə bu cür müsahibə vermək mənim üçün çətin olardı. Lakin zəhmət və məşq nəticəsində şifahi nitqdəki çatışmazlıqlardan demək olar, tam qurtuldum. Hərçənd yorğunluq və stress halında onlar yenidən yaranır və mənə onları dəf etmək çətin olur”.
Göründüyü kimi, yeni nazir xəstəliyinin “residivi”ni mümkün sayıb. Onun cinsi azlığı təmsil etməsi və peşəkar diplomat olmaması bir yana, belə birisi, indi Fransa kimi dövlətin xarici siyasətində abı-havanı müəyyənləşdirəcək.
Nə vacib idi görəsən? Axı səhhətində xroniki nasazlığı olan şəxs adətən həkim nəzarəti altında qalır, nəinki ona məsuliyyətli dövlət postu tapşırılır. XIN rəhbərliyi isə məhz elə stress, gərginliklə dolu vəzifədir.
Tutaq ki, günün birində, “fors-major” durumunda müsyö Sejurne özünün etiraf etdiyi kimi, ya stressdən, ya da zəlzələ və ya vəlvələdən şifahi nitqini düzgün qura bilmədi, ifadələri, sözləri yanlış seçdi (disleksiyanın əsas simptomlarından biri) və Azərbaycan, yaxud Türkiyə ilə bağlı ağzına gələni söylədi və aləm qarışdı. Qalmaqalı onun xəstəliyinəmi bağlayacaqlar? Bu ki, təyyarəni şizofrenik pilota həvalə etmək kimi bir şey.
Bütün hallarda bu, elə yüzdə yüz Makrona yaraşan bir kadrdır. Gerçəkdən “su axar, çuxurunu tapar”. Allah hər ikisinə şəfa versin...
КомментарииОставить комментарий