Общественно-политическая интернет газета
Rusiyada fəaliyyət göstərən “Nezavisimaya qazeta” nəşri 2023-cü ilin 5 əsas hadisəsinin sırasında Azərbaycanın Dağlıq Qarabağ problemini həll etdiyini göstərib və bu mövzuya məqalə həsr edib.
Bu, əlbəttə, real təsbitdir. Gerçəkdən də Qarabağdakı erməni separatizminin bu ilin sentyabrında tamamilə ləğv olunması ilin əsas hadisələrindən biridir. Bu, ABŞ üçün 10-cu, Rusiya üçün 5-ci dərəcəli hadisə ola bilər, Azərbaycan üçün isə ən mühüm hadisədir.
Rusiya mediasının Qarabağ məsələsinə bu diqqəti və ona belə böyük əhəmiyyət verməsi də səbəbsiz deyil. SSRİ boyda azman imperiyanın dağılmasının detanatorlarından biri olan erməni separatizmi bu 36 il boyunca Rusiyanın da başağrılarından biriydi. Bu dövr ərzində Rusiya dəfələrlə pislənən, söyülən arbitr rolunda qalmışdı.
Bu da ondan irəli gəlirdi ki, Moskva heç də ədalətli, obyektiv arbitr ola bilmirdi, tərəf tuturdu. Hazırda Ermənistan məhz bizim Rusiyanın hakimiyinə 10, 20, 30 il öncə yanaşdığımız hisslərlə yanaşır. Hərçənd Rusiyanın 1988-ci ildən bəri Ermənistan-Azərbaycan münaqişəsində neytral olduğu dövr yalnız son 3 ilə təsadüf edir.
Nəysə ki, 1988-ci ilin əvvəllərindən açıq şəkil almış və Azərbaycanın ərazi bütövlüyünü ciddi şəkildə yaralamış separatizm bəlası 2023-cü ildə sona çatdı və xalq rahat nəfəs almağa başladı. İndilikdə erməni xalqı, əsasən də Qarabağdan köçən ermənilər özlərini əzilmiş zərərçəkən durumunda hiss etsələr də, bir müddətdən sonra, cəbhə xəttində snayper atəşi ilə ölən, öz basdırdıqları minaya düşüb həlak olan gənclərin qara xəbəri gəlmədikcə, onlar da rahat olacaq, müharibənin heç kəsə lazım olmadığı qənaətinə gələcəklər.
Bu, təkcə ilin hadisəsi deyil, əsrin, hətta iki əsrin hadisəsidir. 100 il əvvəl bu günlərdə, aylarda İrəvanın həyasızlığı, Moskvanın tərəfgirliyi, Bakının dişsizliyi nəticəsində ədalətlə həll edilməyən, zamanın axarına buraxılan “Qarabağ məsələsi” nəhayət, qanla olsa da həll olunub. Ötən əsrin 77, bu əsrin isə 23 ilini mübahisələr, münaqişələr və müharibələr plasdarmı olan Qarabağda indən belə sakitlik, sabitlik hökm sürəcəyi gözlənilir. Bu mahalın hər yerində artıq üçrəngli bayrağımız dalğalanır.
Bu xüsusda yeganə qaş düyünlədən məqam ermənilərin yenidən Qarabağa qayıtması ehtimalıdır. Bu, prinsipcə, nüfuzlu beynəlxalq təşkilatların, superdövlətlərin israrları, həlledici iradələri ilə baş tuta bilər.
Ancaq ermənilərin ağılları olsa, yenidən iç-içə yaşaya bilmədikləri, mütləq problem çıxardıqları yerə, yamanlıqlar etdikləri xalqın dizinin və qulağının dibinə gəlməzlər. Çünki 100 illik mübarizələri fayda vermədisə, hər cür hiyləyə əl atmaları əməl yemədisə, bundan sonra onların Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaları əsla mümkün olmayacaq. Bu sevda bitib, qara gəlib.
100 il əvvəl erməni bolşeviklərin, eləcə də onlara qahmar çıxanların sayca bizimkilərdən bir neçə dəfə çox və nüfuzlu olmaları səbəbindən onlar Azərbaycanın bağrında özlərinə muxtar vilayət qura, belə bir status ala bilmişdilərsə, hazırda onlara belə bir status verən, hətta perspektivdə vəd edən də yoxdur.
Başqa sözlə, ermənilərin bir hissəsi Qarabağa qayıtsa da, sover dövründəki kimi “dövlət içində dövlət” yarada, ərköyünlük edə bilməyəcəklər. Ölkənin başqa rayonları necə idarə olunursa, ermənilər yaşayan şəhər və qəsəbələr də o cür idarə olunacaq. Onlara bir daha əl altından silah toplamaq, gizli yığıncaqlar keçirərək təşkilatlanmaq imkanı verilməyəcək.
Heç İrəvandan, ordan-burdan gələrək separatizm təbliğatı aparan, erməni icmasını təxribata, açıq çıxışlara təhrik edən missionerlər də əl-qollarını sallayaraq Qarabağda gəzə bilməyəcəklər. O dəftər qapanıb.
Ona görə də ermənilər üçün daha rahatı o olardı ki, onların bir qismi Ermənistanda, bir azı Gürcüstanda, daha çoxu isə Rusiyada məskunlaşar, özlərinə yeni yuva qurardılar. Ermənistandan qaçqın, Qarabağdan köçkün düşmüş 700 mindən artıq azərbaycanlının sonrakı aqibətləri göstərdi ki, çətinliklə olsa da, bu mümkündür. Qarabağdan gedən ermənilərin sayı Füzuli, Ağdamı, Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xocavənd, Xocalı köçkünlərinin sayında 8 dəfə azdır. 28 il ərzində onların hamısı yerləşdi, onlar üçün yeni məskənlər salındı.
Bu baxımdan ermənilərin başqa ölkələrdə məskunlaşması qat-qat asandır və bu, onların təhlkəsizliyi baxımından daha əlverişlidir. Çünki onlar ortalığa elə bir qan və namus düşmənçiliyi salıblar ki, bu, 30-40 il boyunca, yəni nəsil dəyişməyincə, zaman qara ləkələri retuşlamayınca iki xalqın dinc, yanaşı yaşaması mümkün olmayacaq. Üstəlik, ermənilər toplum olaraq elə bir xasiyyətə malikdirlər ki, ədavəti unudan deyillər, kin bəsləyəndirlər. Bu üzdən bu kiçik mahalda o boyda kin-küdurətlə yaşamaq çətin olar.
КомментарииОставить комментарий