Общественно-политическая интернет газета
Nobel ödüllü Belarus yazıçısı Svetlana Aleksiyeviçin müharibə haqqında dəhşətli bir kitabı var - “Müharibə qadın üzlü deyil” adlanır.
O əsəri birbaşa oxumaq mümkün deyil, çünki tükürpədici, qandondurucu, ətçimçəşdirici səhnələri var. İnsan faciəsinin hər üzünü, ən ağlagəlməz ştrixlərini açan bu əsəri oxuduqca adam haldan-hala düşür, əsəbləri gərilir, müharibəyə nifrət edir.
Oxuyursan, dəqiq bilirsən ki, müharibə heç də “savaş filmləri”ndə təsvir olunan, öz romantikası, yaxşı tərəfləri olan, zamanla xiffət doğurası yaşantılara malik bir şey deyil. Müharibə meydanı dəhşətlərlə, vəhşətlərlə, faciələrlə, qanla, kədərlə doludur.
Nə yazıq ki, bəşər tarixində saysız-hesabsız savaşlar olub, milyardlarla gənc insanın ömrü həmin, çoxu da mənasız müharibələrdə yarıda kəsilib.
Ötən əsrin ortalarına qədər özünü böyük sayan, ordusunu çoxsaylı və güclü görən qəsbkar dövlətlər dünyanı başdan-başa müstəmləkələrə çevirmiş, yüzlərlə xalqı əsarət altına almışdılar. Azadlıq, müstəqillik istəyən xalqlar çoxsaylı qurbanlar verməyə məcbur idi. Yoxsa imperiyalar onlara öz təbii haqlarını vermək istəmirdilər.
Əslində imperialistlərin həmin savaşı başqa adla, başqa sifətlə hələ də davam edir.
Bu dünyada özünü müdafiə edə bilməyən xalqın günü qaradır, onu asanlıqla qapazaltı edir, torpağını yağmalayır, insanlarını əsir edir, dədə-baba yer-yurdundan qovurlar. Bunu önləmək üçün xalq toparlanmalı, pis-yaxşı bir dövlət qurub, onu gücləndirməli, yadelli qəsbkarın qarşısına güc qoymalıdır. Başqa cür mümkün deyil.
Belə olanda isə müharibəyə cəlb edilirsən və qurbanlar verirsən.
Biz 35 ildir şəhidlər verə-verə gəlirik. Xalq onları bağrından qoparıb verir. Bu qədər gənc insanın faciəsi dəftər-kitaba sığan iş deyil. Bu, övlad itirən ailələr və onların yaxınları üçün də, bütövlükdə vətən üçün də qaysaq tutmayan yaradır.
Fəqət bundan qaçmaq, şəhid vermədən millətinin mövcudluğunu qorumaq mümkün deyil. Öz azadlığı uğrunda döyüşməyən millətin nə dövləti, nə də təhlükəsiz yaşayışı ola bilər. Ordusu böyük olmayan xalqın dərdi böyük olar.
Günümüzdə bizdən on qat çoxsaylı olan xalqlar var, vaxtında döyüşüb milli dövlət qura bilməyiblər deyə, əzilə-əzilə gedirlər, mövcudluqları vaxtaşırı olaraq təhlükə altına düşür, hansısa böyük xalqın mərhəmətinin, insafının ümidinə qalır.
3 il öncə başlanan 44 günlük müharibədə verdiyimiz 3 min şəhidin ardınca sonrakı illərdə də şəhid verməli olduq. Bir həftə öncə yenə gənclərimiz vətən yolunda canlarını verdilər. Lokal hərbi əməliyyatlarda azı yüz gənc həyatını itirib. Bu rəqəmlərin bir neçə dəfə çox olduğunu deyənlər də var.
Böyük və ağır itkidir, söz yox.
Hazırda Qarabağın tamamında dövlət suverenliyimizin 35 ildən sonra bərqərar olunması kimi yüz illik bir tarixi nailiyyəti görməzliyə vuraraq, şəhidlərin sayının çox olması üzərində manipulyasiya edənlər elə qələmə verirlər ki, guya Qarabağdan, ərazi bütövlüyündən ötrü bu qədər şəhid verməyə dəyməzmiş.
Elə deyil. I dünya müharibəsi zamanı - 1915-1916-ci illər arasında Osmanlı dövləti ilə İstanbulu, daha sonra bütün Anadolunu işğal etmək istəyən Antanta dövlətləri (İngiltərə, Fransa, Rusiya, Avstraliya, Yeni Zelandiya, Britaniya Hindistanı və b.) arasında baş verən döyüşdə türklər 250 mindən artıq şəhid verməsəydilər, 300 mindən artıq işğalçını məhv etməsəydilər, bu gün dünyada nə Türkiyə, nə də Azərbaycan adlı dövlət olardı.
(1918-ci ildə Osmanlı ordusu gəlib paytaxtı olmadan elan edilmiş Azərbaycan Respublikasını müdafiə etməsəydi, Bakını götürmüş ermənilər bu dövləti tezliklə məhv edəcək, yerində öz respublikalarını quracaqdılar).
İndi bu gün Türkiyədə kimsə işğalçılara dirənən və 250 min əsgərini qurban verən komandanları – Mustafa Kamal, Əsəd, Vehib, Cavad, Fuad paşaları qınayırmı? “Çox itki verdik, Çanaqqalanı qorumağa dəyməzdi” deyirmi?
II dünya müharibəsində ən çox itki verən ölkə SSRİ olub. SSRİ-yə daxil olan müttəfiq resbublikalarda yaşayan elə bir xalq yoxdur ki, sayından asılı olaraq, minlərlə, yüz mnlərlə, hətta milyonlarla oğul-qızını qurban verməsin. O müharibədə həlak olanlardan 300 mini bizim həmvətənimiz olub.
Bəs bu qədər böyük itkiyə - 20 milyon insanın həlak olmasına görə Stalinə, sovet rəhbərliyinə tənqid ünvanlayan olubmu? Söz yox, bunu onların vəzifədə olduqları dövrdə heç kim edə bilməzdi. Amma sonradan, ötən əsrin 70-ci, 80-ci, 90-cı illərində, lap elə günümüzdə deyə bilərdilər ki, o qədər itki vermək lazım deyildi, qoyardılar, alman nasistləri bütün dünyanı işğal edərdi.
Müasir ruslar nəinki belə demir, hətta II dünya müharibəsindəki qələbəni Stalinin ən böyük nailiyyəti hesab edərək, onu yenə də göylərə qaldırırlar, bir neçə milyon əsgəri qabağa verib qırdıran Georgi Jukovu “qələbə marşalı” deyə öyürlər. O biri marşal və generalları da həmçinin.
Bizim dövlət Qarabağdakı terror yuvasını, qan çanağını dağıtmağa məcbur idi, çünki ora potensial təhlükə mənbəyi idi. Budur, 5 gündür ermənilərdən silah təhvil alınır, sonu görünmür, hər cür silahları varmış. Asfalt üzərinə sırayla düzülən minlərlə “Kalaşnikov”un hər biri əvvəl-axır 18-19 yaşlı əsgərimizə tuşlanacaqdı.
1994-cü ildən 2020-ci ilə qədər Ermənistan və Azərbaycan ordusu arasında hərbi əməliyyatlar olmayıb (1-2 istisna hal xaric), atəşkəs rejimi hökm sürüb və bu, rejim, demək olar ki, hər gün 50-100 dəfə ermənilər tərəfindən pozulub. Bəs bu atəşkəs dövründə snayperlə vurulan hərbçilərimizin sayı, bilirsiniz, nə qədərdir? 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayından çox.
Əgər son lokal əməliyyat olmasaydı, qondarma “dqr rejimi” mövcudluğunu sürdürsəydi, təmas xətlərindəki səngərlərdə gənc hərbçilərimizin vaxtaşırı “ovlanması” davam edəcəkdi.
İndi heç olmasa bir təsəllimiz var ki, 1-ci və 2-ci Qarabağ müharibəsinin şəhidlərinin və qazilərinin övladları, kiçik qardaşları, eləcə də xalqımızın bundan sonra hərbi xidmətə gedəcək növcavan balaları düşmən gülləsi ilə şəhid olmayacaq, yaralanmayacaqlar.
Bu müharibə nə yollasa, necəsə bitməliydi, bitdi. Daha bir təskinlik də budur ki, savaş zəfərimizlə bitdi. Əksinə olsaydı, gənc əsgərlərimizin itkisinin ağrısı beşqat artıq və dözülməz olardı.
КомментарииОставить комментарий