Общественно-политическая интернет газета
Tanınmış mühacir jurnalist, Parisdə yaşayan Elnur Məcidli maraqlı bir məqalə yazıb.
Musavat.com həmin məqaləni təqdim edir.
***
2005-ci il Hollywood istehsalı, xaçlı səfərlərindən, Qüds xristian krallığından və Səlahəddin Əyyubinin Qüdsü tutmasından bəhs edən Kingdom of Heaven (Cənnət Krallığı) adlı möhtəşəm bir film var.
Yaxın Şərqdə baş verən hadisələrin işığında bu tarixi filmə baxmaq nəinki faydalıdır, həmçinin tarixdən ibrət və dərs almaq üçün bir vasitədir.
Filmdə, ilk xaçlı səfərindən sonra Qüdsdə qurulan xristian krallıqdan bəhs edir, tarixi fakt və hadisələrin böyük ölçüdə reallığı qorunmuşdur.
1 əsrə yaxın sürən bu krallıq, daha sonra Səlahəddin Əyyubi tərəfindən süquta uğradılmış və Qüdsün təkrar müsəlmanlar tərəfindən idarə edilməsinə şərait yaratmışdır.
1-ci xaçlı səfərində (1096-1099) Qüdsə hücum edən xaçlı ordusu, Qüdsü tutduqdan sonra, şəhərdəki bütün yəhudi və müsəlmanları qətl edərək, 1 əsrə yaxın bu şəhəri sadəcə xristianların yaşadığı şəhərə çevirdi.
Bu epizodu, biz 1-ci Qarabağ müharibəsi və erməni separatçılarının xalqımıza qarşı törətdikləri vəhşiliklərlə müqayisə edə bilərik.
Buranı yadda saxlayın.
Ötən 1 əsrə yaxın dövrdə, müsəlmanlar dəfələrlə Qüdsü geri almağa çalışsalar da, bu mümkün olmamışdı.
Səlahəddin Əyyubi də, Qüdsü geri almaq istəyən müsəlman sərkərdələrdən biri idi. Onun da ilk cəhdləri uğursuzluqla nəticələnmiş, hətta bir dəfə ordusunun böyük hissəsi qırılmış, o öz canını güclə qurtarmışdı.
Buna baxmayaraq, Qüdsü xristianlardan azad etmək, onun həyat amalına çevrilmişdi.
Nəhayət, cüzamlı Qüds kralının ölməsi, saray qarışıqlıqlarını meydana gətirdi, bu barədə uzun yazmaq istəmirəm, qısa bir axtarışla ətraflı oxuya bilərsiniz.
Qüdsün sonuncu kralı, Səlahəddinin gücünü doğru dəyərləndirə bilmədi, Əyyubilər, Hittin yaxınlığında xristian ordusunu böyük məğlubiyyətə uğradaraq Qüds kralını əsir aldıqdan sonra Qüds şəhərinə doğru irəlilədilər.
Qüdsü mühasirəyə alan Səlahəddin Əyyubi, şəhərdəki xristianların böyük dirənişi ilə qarşılaşdı. Bu dirənişə fransız əsilli İbelin baronu Balian rəhbərlik edirdi.
12 günlük mühasirədən sonra, Səlahəddin Əyyubi və Balian Qüds qala divarları önündə görüşür.
Onların bu tarixi dialoqu möhtəşəmdir:
Balian, şəhərin təslim olmayacağını son qanlarına qədər döyüşüb Əyyubi ordusuna maksimum itki verəcəklərini bildirir.
Balian düşünürdü ki, onların başqa yolları yoxdur, şəhəri təslim etsələr, Səlahəddin Əyyubi, xristianların 1 əsr öncə etdiyi kimi, bütün şəhər əhalisini qətl edəcək.
Bu fikrini Səlahəddinlə bölüşəndə, Əyyubilərin sərkərdəsi deyir:
O qətliamı edən xristian ordusu idi. Mən isə, Səlahəddinəm! Qadın və uşaqlar daxil olmaqla, bütün xristianlara şəhəri tərk etmək üçün şərait yaradılacaq.
Balian, Səlahəddin Əyyubinin bu qətiyyətli sözləri qarşısında, şəhəri təslim edir və doğrudan da, şəhərdə heç bir qətliam baş vermir.
Katoliklərə şəhəri tərk etməyə şərait yaradılmaqla yanaşı, ortodoks xristianlarına və yəhudilərə şəhərdə müsəlmanlarla bərabər yaşama izni verilir.
Bu da 2-ci epizoddur.
İkinci Qarabağ müharibəsindən və 1 günlük antiterror əməliyyatından sonra Azərbaycanın ortaya qoyduğu humanist mövqe də, bu epizodla örtüşür.
Necə ki, qalib Əyyubilərin sərkərdəsi "Mən Səlahəddinəm, sözüm sözdür!" deyir, antiterror əməliyyatından sonra Ali baş komandan Ilham Aliyev də "Bizim sözümüz imzamız qədər keçərlidir" cümləsini işlədir və işğalçı ermənilər üçün humanitar koridor açaraq heç bir itki olmadan Xankəndini bolşaltmasına şərait yaradır.
Bu baxımdan, cənab prezidenti, günümüzün Səlahəddin Əyyubisi saymaq olar.
Nə vaxtsa, Qarabağın 30 illik işğalı və qaytarılması bağlı film çəkilərsə, bu tarixi məqam mütləq nəzərə alınmalıdır.
Elnur Məcidli, Paris
КомментарииОставить комментарий