Свобода людям, независимость нациям!

“Fransız canavarı” – V Filippdən axırıncı Makrona qədər tarixin 700 ili

 

Bu gün dünyada, ətrafımızda baş verənlərə, xüsusilə haqsız yerə üstümüzə gələnlərə baxanda, adamlar çox vaxt öz-özlərinə düşünürlər ki, axı niyə belə olmalıdır, məgər avropalılar həqiqəti görmürlərmi, bizim torpaqların 30 il ermənilərin işğalında qaldığını, İsrail dövləti boyda ərazimizin yağmalanıb-yandırıldığını, xarabaya çevrildiyini bilmirlərmi?

Əlbəttə, hamı hər şeyi bilir. Fəqət bir həqiqəti bilməklə onu dilə gətirmək, hələ-hələ həqiqətin yanında durmaq eyni şey deyil. Həqiqəti bilib susmaq var; həqiqəti bilə-bilə özünü bilməzliyə vurmaq var; həqiqətin ağzına daş basıb, yalanın bayrağını qaldırmaq var.

“Bu, niyə belədir” sualının cavabı isə tarixdədir. Hərdən onun səhifələri ya təsadüfən önümüzə çıxanda, ya da biz onu məqsədyönlü şəkildə vərəqləyəndə görürük ki, dünya köhnə dünyadır, hücumçuları təzədir.

Bu gün müsəlman dünyasına qarşı yeridilən islamofobiya siyasəti də, Türkiyənin 50 ildən artıq müddətdə Avropa İttifaqına qəbul edilməməsi də, son üç il yarımda Avropada bizə qarşı səslənən sərt tənqidi fikirlər də təsadüfi deyil, onun qaynağı tarixin dərin qatlarındadır.

Tarixçilər 1095-1270-ci illər arasında Şərqə, müsəlman dünyasına qarşı səkkiz səlib yürüşü olduğunu yazır, əlavə edirlər ki, bunlardan başqa, kilsənin himayəsi altında çoxsaylı kampaniyalar da aparılıb.

İndi o xaçlı yürüşlərini təşkil edən dövlətləri təsis edən millətlərə baxaq: fransızlar, almanlar, ingilislər, bəzən italyanlar, hərdən ispanlar.

Hazırda Türkiyəyə və Azərbaycana qarşı sözlü hücumda fəallıq göstərənlər isə bunlardır: fransızlar, almanlar, ingilislər, ispanlar, hərdən italyanlar, bir də bunların sözü ilə oturub duranlar.

Bircə Roma papası artıq sırf dini işlərlə məşğuldur. Keçmişdə isə bütün xaçlı yürüşlər papaların fitvası və xeyir-duası ilə həyata keçirilib.

Birinci dünya müharibəsində Antanta qüvvələrinin gəlib İstanbulu, İzmiri, Urfanı, Maraşı, Antepi, Bakını tutmaları, məgər, təsadüfi idi? Əsla. Bu da əslində səlib yürüşü idi, sadəcə, adı başqaydı. Missiya və məqsəd eyniydi. Bir şey ki, İstanbulu, Yerusəlimi tutmaq avropalıların 700-800 illik məqsədi olub və onlar bunu 20-ci əsrin ikinci onilliyində müvəqqəti olsa da, həyata keçiriblər, başqa nə olsun?

Məşhur fransız yazıçısı, bir müddət Fransanın mədəniyyət naziri olmuş (1973-1974) Moris Druonun (1918-2009) çoxsaylı romanlarının içində “Fransız canavarı” adlanan biri də var, o əsərdə belə bir abzas mövcuddur, V Filipp Valua deyir:

“Bu ilin əvvəlində Kiçik Ermənistanın elçiləri türklərə qarşı onlara kömək etmək xahişi ilə bizə gəldilər. Mən qardaşım oğlu kral IV Karla bu addımın gətirə biləcəyi faydanı başa düşdüyünə və bununla bağlı gördüyüm tədbirləri bəyəndiyinə görə minnətdaram; iş o yerə çatıb ki, indi o, bu ideyanı ilk olaraq özünün ortaya atdığını iddia edir! Nə yaxşı ki, o, səlib yürüşünə inanır, qalanı isə o qədər də vacib deyil. Beləliklə, biz tezliklə öz qüvvələrimizi toplayaraq yürüş edib bu barbarlara onların uzaq torpaqlarında sarsıdıcı zərbələr endirəcəyik”.

Diqqət edin, söhbət 700 il öncə Fransa imperiyasına başçılıq edən V Filipp Valuadan, müasir Türkiyənin içində olmuş və kiçik Ermənistan adlanan mahaldan Fransaya gedərək türklərə qarşı kömək istəyən ermənilərdən gedir. Və fransızlar yeni səlib yürüşünə hazırlaşır, “sarsıdıcı zərbələr endirməyi” planlaşdırırlar. Bu gün ermənilərin rəhbəri Paşinyan da eyni cür hərəkət edir, o da Fransadan, onun müasir hökmdarı Emmanuel Makrondan mədəd umur. Makron isə “sarsıdıcı zərbələr endirmək” barədə fikirləşir.

Ardınca oxuyuruq: “Robert məsələnin əsl mahiyyətini çox yaxşı bilirdi. O bilirdi ki, həqiqətən də türklərə qarşı kampaniya hazırlanır, amma onu da bilirdi ki, eyni zamanda xristianları da bir az geri oturtmaq qərara alınıb, məlum olduğu kimi, Bizansı idarə edən imperator Andronik Paleoloq Məhəmmədə sitayiş etməsə də, oradakı kilsə burdakından daha pisdir. Əlbəttə, möminlər orada fərqli şəkildə ibadət edirlər, amma hər halda edirlər! Lakin bu, əlahəzrət Valuanın məşhur Konstantinopol imperiyasını, o cümlədən təkcə Bizans torpaqlarını deyil, həm də Kipr, Rodos, Ermənistanı... israrla öz himayəsi altına almasına səy göstərməsinə mane olmurdu”.

Tarix budur: keçmişi, bu günü, gələcəyi birdir, löhrəm dəvə yerişi ilə, yazıla-yazıla davam edir. Biz bəzən yanlış olaraq deyirik ki, filan-filan məsələlər, xüsusilə də düşmənçiliklər tarixdə, keçmişdə qalıb, daha aktual deyil. Bu, bəzi hallarda elə ola bilər. Fəqət, 700 ilin müttəfiqliyi və düşmənçiliyi davam edirsə, başımızı müasir terminlərlə, yeni ortaya atılmış şüarlarla, yalançı kriteriyalar və prinsiplərlə aldatmayaq.

Uzun sözün kəsəsi, türk-müsəlman dünyası yeni səlib yürüşü ilə üz-üzədir.

P.S. Moris Druonun “Fransız canavarı” əsərini oxumağı tövsiyə edən Kənan Quluzadəyə təşəkkürlər.

Нет комментариев

Новости автора