Свобода людям, независимость нациям!

Fil qab-qacaq mağazasında – Kennedi yenə “artsax” deyib sarsaqladı!

Erməni revanşist-separatçı tör-töküntülərə Qərbdən verilən pafoslu vədlərin artıq heç “dəstəsi” də 5 qəpiyə dəymir. Çünki ağlı başında olan nə bu cür axmaq vədləri dilə gətirər, nə də onlara inanar. Zira, qatar həmişəlik gedib, “miatsum”, “status” isə çoxdan tarixin zibilliyində çürüyür.

Təəssüf ki, xəritədə heç Ermənistanın özünü belə tapa bilməyən Qərbdəki bəzi siyasi şarlatanlar və dələduzlar erməni lobbisinin pul kisəsi qarşısında yenə mifik “artsax”dan dəm vurur, ağızlarına gələni danışırlar, regionda sülhü daha əlçatmaz edirlər.

Bu qəbil siyasi təlxək və hoqqabazlar anlamaq istəmirlər ki, əslində ən böyük pisliyi bədbəxt ermənilərə edirlər. Ona görə ki, bu zavallı xalqın və süni şəkildə yaradılmış Ermənistanın yeganə xilas yolu Azərbaycan və Türkiyəyə torpaq iddialarından əbədilik imtina etməkdən keçir. Başqa variant və qurtuluş yolu yoxdur, olmayacaq!..

Zəmanəmizin siyasi illüzionistlərindən biri də ABŞ prezidentliyə müstəqil namizəd (kiçik) Robert Kennedidir. Nə yaxşı ki, onun kimilərin seçkidə qələbə şansı yoxdur. Yoxsa dünyada Amerikaya onsuz da güclü olan nifrət bir xeyli artardı. Müharibələr, qan-qadalar da eləcə.

Kennedi nəinki nüvə çamadanına, bələdiyyə sədrliyinə belə layiq olmayan namizədlərdəndir. Adam Qərbin ən qüdrətli dövləti olan ABŞ-ın başında durmağı xəyal edir, amma ağzından “horra” tökülür, çərənləyir. Adekvat və məsuliyyətli siyasətçi kimi yox, tipik erməni daşnakı kimi danışır, sarsaqlayır. Qab-qacaq mağazasındakı fil kimi özünü aparır. Yoxsa ki, “prezident olacağım təqdirdə “artsax” üzərində erməni suverenliyini bərpa edəcəyəm” nə demək?

Necə, hansı yolla bərpa edəcəksən? Bura ordumu göndərəcəksən? Beynəlxalq hüquq, suverenlik, ərazi bütövlüyü anlayaşlarından, Şuşa Bəyannaməsindən xəbərin varmı?

“Mən “artsax” üzərində erməni suverenliyini (?! – Z.S.) sülh yolu ilə bərpa etməkdən ötrü əlimdən gələni edəcəyəm”, - deyə Kennedi bu gün Cənubi Kaliforniyada çıxışı zamanı bildirib.

Ardı da var: “Dövlət Departamentində həm Ermənistana dəstək, həm də 120 minlik (? – Z.S.) “artsax sakininin Dağlıq Qarabağdakı (? – Z.S.) evlərinə qaytarılması proseslərinə cavabdeh bir şəxs təyin edəcəyəm. Bizim Türkiyəyə təsir rıçaqlarımız var. Bizim Azərbaycana təsir rıçaqlarımız var, ona görə ki, orada bizim neft sənayemiz çox fəaldır”.

Ötən ilin dekabrında isə bu bədnam namizəd nə az, nə çox, “Birləşmiş Ştatlar hökuməti tərəfindən “artsax” ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun dəstəklənməsi və onların Dağlıq Qarabağa təhlükəsiz qayıtmasına zəmanət verməsinin zəruriliyini” bəyan etmişdi...

Bir dəqiqə. Məgər sən ABŞ prezidentləri tarixində ilk dəfə saxta “erməni soyqırımı”nı tanımış Co Baydendən artıq ermənipərəst olacaqsan? O Bayden ki, Azərbaycana qarşı bədnam “907-ci düzəliş”in də müəlliflərindəndir. Amerika bununla nə qazanıb, Güney Qafqazda möhkəmlənə bilib? Bayden Türkiyə və Azərbaycan nə pislik edə bildi ki, sən edəsən?

İslanmışın yağışdan qorxusu olmaz. Neft-qazla bağlı hədələrə gəlincə, imtina edərlər, neft-qazımızı qərbə yox, şərqə satarıq. O qədər alıcı var ki. Hərgah Avropa ölkələri çətin ki, ABŞ-ın tələbinə əlüstü “ləbbeyk” desin. Çünki bu özünü-intihar anlamına gələrdi. Öz xalqlarının qənimi, dəli-zad deyilər ki, o saat Amerika “dudkası”na oynasınlar.

Hərgah, vəziyyətin bu həddə çatacağı istisnadır. O səbəbə ki, Ağ Evdə kim oturur-otursun, Güney Qafqazın açar ölkəsi dəyişməz qalacaq – Azərbaycanla hamı anlaşmaq zorunda. Əgər kimsə burada öz maraqlarını hansısa şəkildə bərqərar etmək istəyirsə, bölgəyə “qapı”dan girməlidir. Regiona “pəncərə”dən soxulmağa imkan verilməyəcək. Hətta ABŞ kimi superdövlətə də...

 

Нет комментариев

Новости автора