Свобода людям, независимость нациям!

Əsas instinkti oyadan qətliam

 

Hər dəfə ölkəmizdə dəhşətli bir cinayət hadisəsi, dilə alınmayacaq qəbih bir olay baş verəndə təbii olaraq ictimai polemikalar olur, müxtəlif insanlar baş verənlərə öz prizmalarından yanaşır, ağılları, savadları və əllərindəki məlumatlar əsasında fikir bildirirlər.

Bir tərəfdən normaldır və xoşagələndir ki, cəmiyyət sıradan olmayan dəhşətli hadisəyə biganə qalmır, rəy bildirir, “yaxşı nədir, pis nədir” sualına düzgün cavab verməyə, optimal mövqe tutmağa çalışır.

O biri tərəfdən anormaldır ki, bu polemikalar zamanı ucundan tutub ucuzluğa gedənlər, əsas məsələni kənara qoyaraq, üçüncü, beşinci dərəcəli məqamlardan yapışanlar, tamamilə yanlış, hətta səfeh mövqe tutanlar, eləcə də olayı əsassız yerə ümumiləşdirənlər olur.

Budur, 5 əzizini amansızcasına qətlə yetirən psixopatın törətdiyi hadisəyə dair rəy yazanlardan bir xeylisi belə fikirlər qeyd ediblər: “Bu, cəmiyyətin üzüdür”; “Bu da saxta ailə dəyərlərinin sonu”; “Müasir gənclik zay olub gedib”; “Bu məsələdə hamının günahı var”; “İnsanlıq deqradasiyaya uğrayıb”, “Axırımız necə olacaq?” və sair və ilaxır.

Sanki hər gün bir xeyli adam ölkənin şəhər və kəndlərində öz qohumlarını kütləvi şəkildə qətlə yetirir və bu elə bir tendensiyadır ki, qarşısını almaq mümkün deyil.

Fakt isə budur ki, 10 milyondan artıq əhalisi olan ölkədə bu cür hadisələr 2-3 ildən bir olur, ya olmur.

Düzdür, belə hadisələr, ümumiyyətlə, olmamalıdır, amma öz növündən olan canlıları qırmaq Yer üzündəki minlərlə növ canlıların içində cəmi bir neçə məxluqa xasdır, onlardan biri də insan türüdür. (Yaşıl çəyirtkələr və bir-iki başqa canlılar da öz həmnövlərini öldürür). Bəşər əhlinin ilk dönəmində də belə hadisələr olub. Habil-Qabil rəvayətini xatırlatmağa ehtiyac varmı?

Yəni bir hadisəyə görə 10 milyonluq ölkə, bir neçə milyon normal ailə haqqında mənfi xarakterli ümumiləşdirmələr aparmaq düzgün deyil. Ata-anasına əl qaldırmış bir psixopata görə bu ölkədəki yüz minlərlə vəfalı oğul-qızları bir qələmlə rəzil elan etmək insafsızlıqdır. Ölkədə və xaricdə təhsil alan minlərlə işıqlı gənc var. Bu ölkədə 16-17 yaşından əlini zəhmətə alışdıran, usta yanında şagirdlik edən, qara işlərdə çalışan, qazandığını ailəsinə aparan, özündən balaca qardaş-bacılarının təhsil almasını təmin edən minlərlə gənc yaşayır. İstisna olan o cür dəhşətli qətl törədənlərdir.

Onun etdiyi təqsirsizlik prezumpsiyası kimi bir hüquqi prinsipi absurd edən, heçə-puça çıxaran hərəkətdir.

Srağagündən bəri bəzi dostlar cinayəti sübut olunmamış, barəsində məhkəmə hökmü olmayan şəxsin cani adlandırılmamasını nəzərdə tutan hüquqi prinsipdən – təqsirsizlik prezumpsiyasından yazır, Əhmədi “qatil” və “cani” adlandıranları qınayırlar. Müəyyən mənada onlar haqlıdır. İndi necə olsun? Ailəsinin 5 üzvünü amansızcasına öldürən adam “cinayət törətməkdə şübhəli bilinən şəxs” adlandırılsın, amma barəsində məhkəmə hökmü olan və hüquqi müstəvidə mübarizəsini davam etdirən İlkin Süleymanova “qatil” deyilsin? Halbuki az qala bütün ictimaiyyət inanır ki, İlkinin günahı yoxdur və ona qarşı cinayət iş tamam quramadır. Elə işin yenidən məhkəmə istintaqına qaytarılmasının səbəbi də budur.

Hələ bir başqa variant da var. 5 adamı öldürən biri milyarder oliqarxın və ya nüfuzlu bir nazirin oğlu olsaydı, atası onu cinayət məsuliyyətindən yayındırmaq üçün hər yola əl atsa və məqsədinə çatsaydı, necə olardı? Heç nə. Əsl qatil kənarda qalardı, onun yerinə işi ya kiminsə boynuna qoyardılar, ya da kimisə cinayəti öz boynuna götürməyə razı salardılar, nəticədə günahsız adam içəri gedərdi, əsl qatil isə azadlıqda gəzərdi və heç kəs ona cani deyə bilməzdi – çünki barəsində məhkəmə hökmü yoxdur.

Başqa sözlə, təqsirsizlik prezumpsiyası da mükəmməl hüquqi prinsip deyil. Bir çox hallarda bu günahsız adamların müdafiəsindən çox, təqsirkar adamların məsuliyyətdən yayınmasına yol açır.

Qətliam törətməkdə şübhəli bilinən Əhmədin psixi sağlamlığına gəlincə, heç demə, ona münasibətdə “psixi xəstə” sözünü də işlətmək olmaz. Bəs əzizlərini bu cür amansızlıqla həyatdan qoparan adamı ağıl-kamal yiyəsi hesab etmək olarmı?

Uzun sözün kəsəsi, belə hadisələr olanda kütləvi həyəcanlanmalar, əndişələnmələr əsaslıdır, təbiidir. Hər kəs o cür aqressiv psixopatların cəmiyyət içində olmasından, bir gün şəxsən onlara da rast gələcəyindən qorxur, ona görə də o tip insanların hamısının nəzarətə götürülməsini, təcrid olunmasını istəyir.

Ancaq nəyə görəsə hər dəfə cəmiyyəti təqsirkar çıxaranlar da tapılır. Birdəfəlik bilmək lazımdır ki, bu cür anormal və istisna hallara görə bütövlükdə cəmiyyət yox, əsasən ailə təqsirkardır. Heç həmin ailənin yaxın qohumlarının da hər hansı bir məsuliyyəti yoxdur. Çünki ailə işinə müdaxilə edəndə onlara sərt təpki verilir, deyirlər, çox da ki qardaşsan (bacısan), heçimiz ayrı, köçümüz ayrı, öz ailənlə qayğılan, bizim işimizə də qarşıma. Beləcə, hər kəs bir kənara çəkilir.

Qətlə dair təfərrüatları bilmək istəyən, bu yöndəki hər cür informasiyanı “su kimi içən”, fotoları, videoları görməyə çalışanları qınamağın da yeri yoxdur. Bu, nə qana hərislikdir, nə də potensial manyaklıq. Bu, baş verən hadisənin detallarını bilmək, bu qətliama səbəb olan səhvlərin harada, necə buraxıldığını öyrənmək istəyidir və tam normaldır, özünüqoruma instinktindən doğur.

 

Нет комментариев

Новости автора