Свобода людям, независимость нациям!

Ermənistan “artsaxı” tanıyıb ki, “prezidenti”ni təbrik edə? – Nikol “Minsk üçlüsü”nü utandırdı

Bədnam Minsk Qrupunun keçmiş “üçlüsü” - ABŞ, Rusiya və Fransa hələ də Qarabağda saxta prezident seçkisini pisləməyib. Fransa məlum, “qozbeli qəbir düzəldər”. Bəs Moskva və Vaşinqton? Görəsən bu susqunluğun adı nə? Kimə etirazdır o – Azərbaycana? Niyə görə? Suçumuz nə? Hələ ki, gözləyirik.

Həmçinin Avropa Birliyinin böyük dövlətlərindən olan Almaniya. Hansı ki, “Beşli format”da o da guya qərəzsiz vasitəçi qismində özünü bizə sırımaq istəyir (Liderlərin iyundakı Moldova sammitini yada salın). Amma rəsmi Berlindən də səs-səmir yoxdur. Ədalətli vasitəçilik beləmi olur?

Bəlkə Paris kimi Vaşinqton, Moskva və Berlin də separatçıların seçki şousundan məmnundur? Susqun təbrik, susmaqla təbrik yəni. Ya bəlkə bunu o qədər xırda, cılız məsələ sayırlar ki, münasibət bildirməyə lüzum görmürlər?

O biri yandan, yada salanda ki, Xocalıdakı “sülhməramlı” qüvvələrin qərargahı önündə Rusiya bayrağı ilə yanaşı, oyuncaq rejimin əski parçası da dalğalanır, “xırda məsələ”dın danışmağa dəymir. Ən azından Moskvanın payına...

Bir də İran. Yalnız bu gün qonşu ölkə XİN-in sözçüsü Nasir Kənani 9 sentyabr “seçkilər”i haqda suala cavabında deyib ki, İran Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. “İranın mövqeyi aydın, sabit və şəffafdır. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”, - Kənani bildirib.

Xub. Amma ardınca o söyləyib: “Bu bölgənin (erməni) sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyən edilməli və təmin olunmalıdır”.

Bax, axırıncı cümləyə gərək yox idi. Xüsusən də İranda kütləvi etirazlar zamanı yaşanmış o boyda həngamədən sonra Tehranın bizə insan hüquqları ilə bağlı ağıl verməsi yersizdir. Güneydə 35-40 milyonluq köklü azərbaycanlıya adicə ana dilində təhsil almaq haqqı tanımayan rejimin Qarabağda bir ovuc separatçının hüququndan danışması absurddur...

Mövzudan uzaqlaşmayaq və gələk İranın qəvi düşməni ABŞ-la bu gün öz ərazisində hərbi təlimə başlayan Ermənistana. Tehranın üstündə əsdiyi situativ və hərdəmxəyal müttəfiqinə. Çörəyi dizi üstə olan haylara.

İki gündür orada – kapitulyant ölkədə radikal-revanşit ünsürlər mərəkə qoparıb, ağlaşma qurublar. “Blokada”, “genosid” şivəni az qala, yalan olub. Paşinyanı divara dirəyiblər ki, nədən “Şeytan yuvası”ndakı növbəti oyuncaq prezidenti - Samvel Şahramanyanı təbrik etməyib.

Nə böyük fəlakət, qlobal faciə!..

Ciddiliyə gəlincə, görən bu tayfa nə vaxt başla düşünüb məntiqlə hərəkət edəcək? Hansı kitabda yazılıb ki, mövcud olmayan, uydurma və qeyri-legitim “dövlət”in başçısına hansısa ölkənin rəsmisi təbrik göndərsin? Məgər belə bir şey BMT üzvü olan ölkənin qanuni prezidentinə göndərilmir? Elədir ki, var.

Heç Ermənistanın özü mifik “artsax”ı tanımayıb. O halda, Nikol saxta prezidenti necə təbrik eləsin? Yəni cürətiniz çatırsa, əvvəlcə onu tanıyın, sonra təbrik edin. Bu isə nəinki Nikolun, ən radikal erməni siyasətçisinin belə girəcəyi “kol” deyil. Çərənləmələrinə baxmayın. Saxta qurum hətta Köçəryan-Sərkisyan quldur tandemin hakimiyyəti dövründə tanınmayıb...

Amma insafən, son hərəkəti Paşinyan hökumətinin çaşıb verdiyi çox nadir doğru qərarlardandır. Keşkə davamı gələydi. Hərçənd, bu da var ki, sentyabrın 2-də o, separatçıların “müstəqillik günü”nü təbrik eləmişdi.

İndi “o nə turşu, bu nə pəhriz”, adama deyərlər. Hərgah, belə əcaibliklərin səbəbini Paşinyandan çox, onun mənsub olduğu toplumda axtarmaq gərəkdir. Xeyirlə şərini 200 ildir ayıra bilməyən hay tayfasında. Ot kökü üstə bitər...

P.S. Yazı hazırlanandan az sonra məlum oldu ki, ABŞ Qarabağdakı saxta seçkiləri tanımayıb.

 

Нет комментариев

Новости автора