Общественно-политическая интернет газета
Sosial şəbəkə fəalları söyüb-yamanlamağa yeni “qurban” tapıblar. Bu, hüquq müdafiəçisi Novella Cəfəroğludur.
Onun kütləvi linçə məruz qoyulmasının səbəbi bu cümləsidir: “Kim Azərbaycanı sevirsə ermənilərlə birgə yaşamağımıza razı olmalıdır”.
Məhz bu fikrə görə hələ sovet dövründən başlayaraq ömrünün 50 ildən çoxunu vətən, millət davasına həsr edən veteran hərəkatçını, yüzlərlə insanın hüquqlarını müdafiə edən qadını “vətən xaini” elan edirlər.
N.Cəfəroğlunun heç kəsin müdafiəsinə ehtiyacı yoxdur, onun özü bu sətirlərin müəllifi kimi yüzlərlə adamı müdafiə edib. Ona görə də hüquq müdafiəçisinin özünün müdafiəsinə yox, irəli sürdüyü fikirin təfsirinə ehtiyac var.
Əslində N.Cəfəroğlunun həmin sözünü qılıncla qarşılayanları da anlamaq olar. Son 35 ildə erməni separatçılarda o qədər pislik, yamanlıq görmüşük ki, bizə qarşı etdikləri cinayətləri, bizə yaşatdıqları faciələri, iztirabları unuda bilmirik və unutmamalıyıq.
Onların günahsız soydaşlarımıza qarşı yol verdikləri başkəsmə olayları, kütləvi və məhkəməsiz edamlar, zorlamalar, yağmalamalar, talanlar bizi yamyamlıq, vandallıq edən gözüdönmüş canilərə soyuqqanlı yanaşmağa qoymur.
Ancaq dünyada qəbul edilmiş prinsiplərə, beynəlxalq konvensiyaların tələblərinə görə bir millətin cinayət törədən 5, 50, 500, hətta 5 min, 50 min fərdinə görə bütün millətə “cani”, “qatil” damğası vurmaq, 30 il əvvəl törədilmiş cinayətdən illər sonra doğulmuş mülki insanları sırf həmin millətdən olduqlarına görə məsuliyyət daşıyıcısı etmək olmaz.
Bu, xoşumuza gəlsə də, belədir, gəlməsə də. Elə olmasa, onda gərək bəşər əhli iki dünya müharibəsini başlatmış, hər dəfə milyonlarla insanın ölümünə səbəb olmuş şəxslərə görə bütün alman xalqını məsul tutaydı və onlara nəinki dövlət qurmaq, hətta mövcudluq imkanı verməyəydi.
“Ermənilərlə birgə yaşamaq” ideyasına radikal şəkildə qarşı olanlar və bu fikri dilə gətirənləri açıq və çox biədəb şəkildə söyənlərin unutduqları və ya məhəl qoymadıqları bir məqam var. Bu ideyanın antitezi ermənilərlə birgə yaşamamaq və onları Qarabağdan qovmaqdır – bu isə beynəlxalq hüquqda mühakimə olunan “genosid siyasəti”nin tərkib hissələrindən biridir.
Bir etnik azlığı (və ya çoxluğu – fərqi yoxdur) uzun illər yaşadığı, vətəndaşı olduğu ölkədən, məskunlaşdığı yaşayış arealından qovmaq, deportasiya etmək antibəşəri cinayətdir və buna görə bu aktı həyata keçirmiş dövlətə ağır cəza kəsilir, zərərçəkənlərə təzminat ödəməyə məcbur edilir.
Bu baxımdan bizim Qarabağın dağlıq hissəsində yaşayan erməni vətəndaşlarımızı yaşadıqları yerdən zorla qovmaq, deportasiya etmək kimi bir hüququmuz, lüksümüz yoxdur.
Fikir verirsinizsə, dövlət başçısı da erməni vətəndaşlarımızın indiyədək yaşadıqları yerdə mövcudluqlarının və təhlükəsizliklərinin təmin olunacağından danışır.
Çünki bunu beynəlxalq hüquq tələb edir. Əgər dövlət adından danışan istənilən şəxs sosial şəbəkə fəallarının sərbəstcə, adi bir fikirmiş kimi irəli sürdükləri şüarin birini dilə gətirsələr, əmin olun ki, elə bir beynəlxalq qalmaqal qopar, altından çıxa bilmərik.
Radikal fikir söyləyənlərə Kosovonun Serbiyadan necə qoparıldığını, müstəqil dövlətə çevrildiyini, Serbiyanın bunun ağrısını hələ də çəkdiyini və barışa bilmədiyini deyəndə, razılaşmırlar, “bizimlə elə şey edə bilməzlər” deyirlər.
Niyə etmirlər? Biz özümüzü aqressiv və məsuliyyətsiz Serbiya rəhbərləri kimi aparsaq, bir etnik qrupa qarşı soyqırım, deportasiya siyasəti yeritsək, onlara yaşamaq imkanı verməsək, səsləndirdiyimiz şüarlarıda məsuliyyətli olmasaq, heç kəsdən artıq deyilik, başqalarına etdiklərini bizə də edərlər.
Zatən, Avropa ölkələri sırf dini təəssübkeşlik motivi ilə ermənilərin tərəfindədir. Onlar ona görə bizə qarşı radikal addım ata, həlledici qərarlar verə bilmirlər ki, biz öz hərəkətlərimizlə onlara bəhanə vermirik, beynəlxalq hüququn tələblərini pozmuruq. Ermənilər bu xüsusda bizə onsuz da davamlı şəkildə şər-böhtan atırlar, amma əllərində heç bir dəlil-sübut yoxdur.
Səmimi vətənpərvərlərlə yanaşı psevdopatriotların qıcqırmış millətçilik coşqusu bu cür şiddətlə davam edərsə, xalqın şüuruna hakim kəsilərsə, bir gün Kipr yunanlarının durumuna düşərik.
19 il öncə, 2004-cü ilin aprel ayında Kipr yunanları məhz ifrata varmış şovinistlikləri üzündən bütün Avropada biabır və diligödək oldular.
O zaman Kipr adasında yaşayan iki etnosun – yunanların və türklərin vahid dövlətdə dinc, yanaşı yaşamasına razı olub-olmamağa dair referendum keçirilirdi. Planı BMT-nin o zamankı baş katibi Kofi Annan hazırlamışdı. Referendumda 476 min yunan, 143 min türk seçici iştirak etməliydi.
Referendumun son nəticələrinə görə, adada yaşayan yunanların əksəriyyəti planın əleyhinə, türklərin çoxu isə lehinə səs verdi. Halbuki ada xalqlarının bir dövlətin təbəəsi olması variantı daha çox yunanlara sərf edirdi. Onlar isə türklərlə birlikdə yaşamaq istəmədiklərini göstərərək özlərini pis duruma saldılar. Əslində bu nəticələrdən sonra BMT və Avropa Şimali Kipr Türk Respublikasını dövlət olaraq tanımalıydı, amma onlar öncədən verdikləri vədə xilaf çıxdılar, bunu etmədilər. Dini təəssübkeşlik faktoru yenə öz məşum rolunu oynadı.
Durum əksinə olsaydı, türk tərəfi cığallıq etsəydi, o zaman nitəcələr də tam əksinə olardı.
Hazırda bizim və erməniləri ictimai-siyasi fəallarının ovqat və ritorikasından görünür ki, bu gün eyni məzmunlu referendum keçirilsə, nə ermənilər bizimlə birgəyaşayış variantına səs verərlər, nə də bizimkilər bu ehtimalı yaxın qoyarlar. Nəticədə beynəlxalq birliyin qənaəti tam oıaraq bizə qarşı çevrilər.
Bir çoxlarına bu utopiya kimi görünə bilər, amma elə deyil. Dövlət siyasətEri təmkinlə, ağılla, emosiyalardan kənar, ən əsası beynəlxalq hüququn tələbləri əldə rəhbər tutulmaqla yeridilməlidir.
“Yolları kəsək, hamısını qovaq”, “Hücum edib Xocalının qisasını alaq”, “Xankəndiyə girək, nəfəslərini kəsək” kimi fikirlər çayxana söhbətləridir. Bunlardan imtina edilməlidir.
Bu iki xalqın birgəyaşayışı mümkün deyilsə, arada 125 ildən artıq davam edən, zaman-zaman alovlanan düşmənçilik varsa, ermənilərin iddia etdiyi kimi, etnik uyuşmazlıq şiddətlidirsə, ayrılığı sakitliklə, zorsuz, ekstessiz, kəskin şüarlar bağırmadan, tədricən, tərəflərin qarşılıqlı razılaşması ilə başa gətirmək mümkündür.
КомментарииОставить комментарий