Общественно-политическая интернет газета
Xarici işlər naziri Ceyhun Bayramov dünən ABŞ-ın ölkəmizdəki yeni səfiri Mark Libbinin etimadnaməsinin surətini qəbul edib. Deməli, tezliklə sənədin əsli Prezident İlham Əliyevə təqdim ediləcək. Beləcə, Birləşmiş Ştatların Azərbaycanda ilyarımdır boş qalan “müqəddəs yeri” rəsmən tutulmuş olacaq.
Amma və lakin bu, hələ o anlama gəlmir ki, Bakı-Vaşinqton münasibətləri yağ kimi gedəcək. Ən azı ona görə ki, hazırda Amerikanın İrəvandakı “müqəddəs yeri”ndə oturmuş səfir Kristina Quinnin “erməni kartı” hesabına Azərbaycan əleyhinə özfəaliyyəti (özfəaliyyətimi? - Z.S.) davam edir...
Dünən o, Qarabağdan könüllü köç etmiş bir qrup erməni gənci ilə görüşüb. 30 illik işğalı dönəmində Bakıdakı ABŞ səfirlərinin qaçqın-köçkünlərimizlə heç vaxt maraqlanmamaları, Konqresin onları qoyub Qarabağdakı xunta rejiminə illərlə maddi dəstək ayırması kimi ədalətsizliklər, “ikili standart” faktları o yana dursun, görün səfirliyin görüşlə bağlı təqdimatında nə deyilir.
“Dekabrın 15-də səfir Dağlıq Qarabağdan (?! – Z.S.) olan bir qrup gənclə onların üzləşdiyi çətinlikləri və Ermənistanda vətəndaş fəallığı vasitəsilə daha geniş inteqrasiya imkanlarını müzakirə etmək üçün görüşüb. Məcburi köçkünlərin (?! – Z.S.) hüquqları təkcə qeyd olunan İnsan Hüquqları Günündə deyil, hər gün tanınmalı və qorunmalıdır”, - məlumatda bildirilir.
“Dağlıq Qarabağ”, “məcburi köçkün”... Guya qərəzsiz vasitəçiliyə iddialı Vaşinqtonun rəsmi şəxsi Azərbaycanı de-fakto deportasiyada suçlayır. Üstəgəl, həyasızcasına çoxdan mövcud olmayan “Dağlıq Qarabağ” istilahından istifadə eləməklə ərazi bütövlüyümüz rəsmən şübhə altına alır. Separatçı-revanşistlərin çörəyinə “yağ” sürtür. Niyə, hansı əsasla?..
Maraqlıdır ki, heç ermənilərin özləri Qarabağı könüllü tərk etdiklərini gizlətmirlər. Bu da “isti” fakt.
Keçən həftə uydurma “artsax”ın 150-dən çox “partiyası, ictimai təşkilatı, mediası və yerli özünüidarəetmə orqanlarının rəhbərləri”nin dünya ictimaiyyətinə ünvanladıqları absurd müraciətdə belə bir etiraf yer alır: “Bizim öz vətənimizi - Artsax Respublikasını (Dağlıq Qarabağ Respublikası), evlərimizi, kilsələrimizi, əsrlər boyu qoruduğumuz əcdadlarımızın məzarlarını tərk etmək haqqında ÜMUMİ QƏRARIMIZ (seçdirmə bizimdir – Z.S.) bütün dünyaya sübutdur ki, Artsax xalqı üçün azadlıq ən yüksək dəyərdir”.
“Ümumi qərar” ifadəsinə məxsusi diqqət edin. Yəni özləri, könüllü çıxıb gediblər. Eyni zamanda, müraciət müəlliflərinə görə, onlar “bu qərarı ona görə veriblər ki... öz vətənlərində ləyaqətlə yaşamaq və öz müqəddəratını təyin etmək hüququndan məhrum ediliblər”.
Aydın oldumu? Yəni 1 nömrəli istək-məramları Azərbaycandan torpaq qoparıb ikinci erməni “dövlət”i qurmaq olub və əgər Bakı buna izn versəydi, böyük məmnuniyyətlə qalacaqmışlar. Nə işgəncə, nə zorakılıq, nə deportasiya?! Başqa sözlə, erməni separatizmi əsas məqsədinə çatmadığı üçün “Qafqaz qaraçıları” köç qərarına gəliblər.
Təsadüfi deyil ki, bədnam müraciətin digər yerində Azərbaycan qanunları altında yaşamağın mümkünsüzlüyü “qırmızı xətt” kimi keçir. Xüləs, “dil çaşıb düzünü söyləyər” məsəli...
ABŞ isə Azərbaycan dövlətini təməlindən sarsıtmağı hədəf seçmiş bu separatçı yığnağı və siyasi təlxəklərin müdafiəsinə qalxıb. Ermənidən çox erməni olmağa can atır. Həm də necə. Bizə qarşı yalan-palanla, şər-böhtan ritorikası ilə!
Əbəs cəhdlərdir. Bir daha, özəlliklə amerikalı (Qərb) rəsmilərinə xatırlatmaq zorundayıq: “miatsum” qatarı “status” vaqonu ilə birgə çoxdan gedib. Dönüş, qayıdış olmayacaq. Minlərlə separatçı-radikalın təzədən Azərbaycana meydan oxumaqdan ötrü rahat şəkildə Qarabağa qayıdışına da imkan verilməyəcək! Bunu da sırğa edin, asın qulağınızdan. Öncəliklə də tez-tez sərhədlərmizə baş çəkib Azərbaycanı binoklla izləməyi xoşlayan xanım Kristina Quenn...
КомментарииОставить комментарий