Свобода людям, независимость нациям!

Dünyanın xoşbəxt ölkələri... – Kosta-Rikanın Yaponiyadan 40 pillə öndə olduğu cədvəl

Xoşbəxtlik nisbi anlayışdır, bilirsiniz. Lüks həyat yaşayan, necə deyərlər, bir əli yağda, bir əli balda olan, dünyanı gəzən, ömründə bir dəfə “neynim, necə edim” deməyən imkanlı adamlar, ola bilər, özlərini xoşbəxt hiss etməzlər, ancaq qazancı bu aydan o aya güclə çatan, axşam övladlarının yanına əliboş qayıtmayan, evində güləürzlə qarşılanan biri özünü xoşbəxt sayar.

Əsl xoşbəxtlik əslində odur ki, adam özünü xoşbəxt sayır. Büllur saraylarda yaşayan adam özünü asudə, rahat saymırsa, demək, gerçəkdən də xoşbəxt deyil. Bu məsələnin ən vacib tərəfidir.

Bu günlərdə Oksford Universitetinin Beynəlxalq Xoşbəxtlik Günü ilə bağlı dünyanın müxtəlif ölkələrində həyatdan məmnunluq səviyyəsini qiymətləndirən sorğuların əsasında hazırlanan növbəti hesabatında əsasən “ilk onluğa” daxil olan ölkələrdən bəhs edilirdi.

Reytinq cədvəli əvvəlki illərdə olduğu kimiydi, dəyişməz qalmışdı: Finlandiya, Danimarka, İslandiya, İsveç, İsrail, Lüksemburq, Avstriya, İsveçrə, Hollandiya, Avstraliya.

Bu ölkələrin əhalisinin xoşbəxt olması da, özlərini xoşbəxt sayması da, zatən, çoxdan mübahisə predmeti deyil. Dünyada hamı bilir ki, bu ölkələrin vətəndaşları orada yaşamaqlarından çox məmnundurlar.

Burada dörd bir tərəfi düşmənlərdən ibarət olan, yarandığı gündən müharibə şəraitində yaşayan İsrail xalqının özünü xoşbəxt sayması qəribə görünə bilər, ancaq onu da bu amillə izah etmək olar ki, əsrlərlə başqa dövlətlərin içində yaşayan, təqib-təzyiqə, talana, qırğına məruz qalan yəhudilər məhz milli dövlətlərində yaşadıqlarından çox məmnundurlar. Görünür, müharibələrə də artıq vərdiş ediblər.

Ancaq dünya bu 10 ölkədən ibarət deyil axı. Xoşbəxt ölkələr varsa, demək, yarıxoşbəxt ölkələr də var. Reytinq cədvəlinin sonuncu yerlərini tutan ölkələrin əhalisi isə, söz yox ki, özlərini bədbəxt sayanlardır. Onların statistik göstəricilərinə, firavanlıq indekslərinə, adambaşına düşən ümumi daxili məhsulun həcminə baxanda görürsən ki, elədir, adamlar özlərini xoşbəxt saymamaqda haqlıdırlar.

Bəri başdan deyək ki, Azərbaycan orta yerlərdədir. 200 ölkənin içində 101-ci yeri tutmaq nə çox pis göstəricidir, nə də çox yaxşı mövqedir. Azərbaycan əslində ilk 50-likdə olmalıydı. Görünür, biz hələ də xoşbəxtlik standartlarına cavab verən gün-güzərana malik deyilik və bunu real qiymətləndiririk. Özünü xoşbəxt sayanlarımızın xüsusi çəkisi saymayanların xüsusi çəkisindən qat-qat yüngüldür.

Üst qonşularımız İran (100), Seneqal (99) və Türkiyədir (99). Böyük ehtimalla coğrafi qonşularımızın yanımızda olması təsadüfi deyil.

Ancaq son 3 il yarımda ard-arda hərbi, siyasi məğlubiyyətlər yaşayan, bu üzdən öz güclərinə inamları sarsılan, iqtisadi və humanitar böhranla üzləşən, Rusiya kimi 200 illik arxa-dayağı ilə müharibə həddinə gələn Ermənistanın əhalisi özünü necə xoşbəxt saya bilir və 82-ci pillədə qərarlaşır, bunun xüsusi bir izahı olmalıdır. Güman gedən yer budur ki, ermənilər yeni müttəfiqlərinə - ABŞ və Fransa başda olmaqla Qərbin onları xoşbəxt edəcəyinə möhkəm inanırlar və ona görə də bizə nisbətən öz hallarından daha məmnundurlar.

Estoniya (39), Latviya (46), Özbəkistan (47), Qazaxıstan (49), Moldova (71), Rusiya (72), Qırğızıstan (75), Tacikistan (88) və Gürcüstan (91) da “xoşbəxt ölkələr”in ilk yüzlüyünə daxildirlər.

kosta-kos.JPG (27 KB)

Maraqlıdır ki, reytinq cədvəlində 12-ci və 13-cü yeri tutan Kosta-Rika və Küveytin əhalisinin rifahı, firavanlığı arasında yerlə-göy qədər fərq var. Biri dünyanın ən varlı ölkələri arasındadır, o biri yerləşdiyi qitənin zənginləri arasında deyil. Ancaq bu ölkələrin əhalisi özlərini aşağı-yuxarı eyni cür xoşbəxt sayırlar. Ya kosta-rikalılar reallıq hissini itiriblər, ya da onlar özlərini xoşbəxt hiss etməsi üçün əllərində olana qanedirlər.

Görünür ki, elədir. Yoxsa Qırğızıstan, Tacikistan, Moldova kimi ölkələr Azərbaycandan öndə olmazdılar. Avropanın ən kasıb ölkəsi olan Kosovonun (29) dünyanın ən varlı ölkələrindən biri olan Səudiyyə Ərəbistanı (28) ilə qonşu olması faktı da göstərir ki, xoşbəxtlik, həyatından məmnunluq anlayışı var-dövlət, firavanlıq meyarı ilə ölçülmür. Görünür, yəhudilər kimi, uzun illərin mübarizəsindən sonra müstəqil dövlətlərini qurmağa nail olmuş kosovolular üçün də xoşbəxtliyin adı elə müstəqillikdir.

Sözügedən reytinq cədvəlini Zimbabve, Konqo, Syerra-Leone, Lesoto, Livan Əfqanıstan kimi ölkələr qapayır. Bunların dünyanın bədbəxt ölkələri olması da heç kəsə sirr deyil.

Dünyanın hər tərəfindən yüz minlərlə insanın xoşbəxtlik arxasınca axışıb gəldiyi ölkələrdən ABŞ siyahıda 23-cü, Böyük Britaniya 20-ci, Kanada 15-ci, Almaniya 24-cü, Fransa isə 27-cidir. Yaponiya isə 51-cidir.

Görünür, xoşbəxtlik axtaranlar ABŞ-ın yerinə Kosta-Rikaya getməlidirlər.

 

Нет комментариев

Новости автора