Общественно-политическая интернет газета
1990-cı ildə, 20 yanvar qırğınından sonra İrana keçən və orada həbs olunan Nemət Pənahlı həmin ilin əvvəllərində İran zindanında yatarkən bir şeir yazıb vətənə göndərmişdi. O zamanlar “Azadlıq” qəzetində dərc olunan və İranda məruz qaldığı ədalətsilikdən gileylənən hərəkatçının şeirinin iki misrası beləydi:
“Zülm bayrağını qaldırıb da siz,
Adına cümhuri-islam dediniz”.
Aradan İsa peyğəmbərin ömrü qədər vaxt (33 il) keçib, hələ də İrandakı zindandan ədalətsizliyə dair məktublar gəlir.
Bu dəfə qonşu ölkədə haqsızlığa məruz qalan şəxs Fərid adlı həmvətənimizdir, onun şikayət dolu namələri isə ölkə mediasına anası tərəfindən çatdırılır.
Fərid Almaniyada təhsil almış, yenicə məzun olmuş gəncdir. Onun yeganə günahı o olub ki, son bir ildə Azərbaycan və İran arasında açıq xarakter almış gərginliyi, mübahisəli məqamları nəzərə almadan İrana səfər edib.
O, İrana Azərbaycandan da yox, təhsil aldığı Almaniyadan gedib.
İlin-günün bu vaxtında bir çoxlarına qəribə gələ bilər, amma Fəridin İrana səfərinin səbəbi, necə deyərlər, “ürək-könül məsələsi” ilə bağlı olub. O, sevdiyi, ailə qurmaq istədiyi iranlı qızla görüşməyə gedib və İranın kəşfiyyat orqanları əməkdaşlarının “şikar gözlədiyi bərə”də ələ keçib.
Məlum olduğu kimi, Fəridin İranda həbs edildiyi günlərdə Azərbaycanda İrana işləyən casus şəbəkəsinin üzvlərinin yaxalanması prosesi gedirdi.
Əgər Fərid Azərbaycanın ictimiai-siyasi gündəmini izləsəydi, ölkə mediasının xəbərlərindən hali olsaydı, ağlı başında olan adam kimi, eşq atəşi beynini nə qədər dumanlandırsa da o “qan çanağı”na ayaq basmazdı, başa düşərdi ki, İran tərəfi hər zaman “gözə göz, dişə diş” prinsipini rəhbər tutan rejimə malik olub və hələ də elədir.
Ancaq gənc azərbaycanlı uzaq Almaniyada öz dərd-səri, öz qayğıları ilə məşğul olduğundan ana vətənindəki proseslərdən xəbərsiz olub və özü, eləcə də sevdiyi qız üçün təhlükəli sayılacaq addım atıb.
Azərbaycandan qisas almaq istəyən İran kəşfiyyatı fürsəti fövtə vermədən onu həbs edib casusluq ittihamı irəli sürəndə ölkəmizdə hər kəsə bəlli idi ki, bu iş quramadır. Birincisi, Azərbaycanın İrana casus göndərmək kimi bir problemi yoxdur. İkincisi, bundan ötrü Almaniyada təhsil alan təcrübəsiz tələbə seçilməzdi. Üçüncüsü, Fəridə qarşı bir dənə düz-əməlli, ciddi sübut tapılmayıb.
Bir müddət öncə xəbər gəldi ki, həmvətənimizə qarşı qaldırılan cinayət işinin düzməcə, əsassız, şərləmə xarakterli olduğunu, nəhayət, İranın hüquq-mühafizə orqanlarında da anlayıblar və ona qarşı irəli sürülmüş ittihamları dəyişdiriblər. Ancaq yenə də onu azadlığa buraxmadılar.
İndi ona 2 il həbs cəzası kəsiblər və günahı da odur ki, Fərid İranda tutduğu evin kirayə pulunu avro ilə ödəyib, ingiliscə danışıb, internetin zəifliyindən gileylənib və s.
Fəridin farsca bilməməsindən sui istifadə edərək ona tərcümə ilə bağlı torba tikiblər. Ona qarşı irəli sürülən ittihamlardan biri də belədir ki, guya o, 2022-ci ildə İrana Almaniya nömrəsi ilə 22 dəfə zəng vurub.
Burada nə var ki? Adam bir əzizinə, yaxınına ildə 365 (hicri-qəməri təqvimi ilə 355) dəfə də zəng vura bilər. Bu nəyi sübut edir? Onun sevdiyi qız adi tələbədirsə, dövlət məmuru deyilsə, hər hansı bir dövlət sirrinə çıxışı yoxdursa, bu zəngləşmələr casusluq əlaqəsi sayıla bilərmi? Absurddur.
Həm də Fərid bu ittihamı rədd edib, deyib, zənglərin çıxarışini təqdim edin. Bu dəfə ona bildiriblər ki, xarici zənglərin çıxarışını əldə etmək mümkün deyil. “Bəs haradan bildiniz ki, bu nömrələrə mən zəng etmişəm?” – Fəridin bu sualı cavabsız qalıb. Daha bir absurd.
Beləliklə, göz önündə öz adını “islam respublikası” qoyan, özünü dünya müsəlmanlarının himayədarı elan edən, daima halallıqdan, dürüstlükdən, dindən, imandan danışan bir rejim sırf Azərbaycan Respublikası ilə apardığı intriqa üzündən məsum bir gəncin həyatının ən yaxşı illərini oğurlamağa, ona və ailəsinə iztirab yaşatmağa çalışır.
Bu cür casus qisasçılığı” İranın son 10 illik təcrübəsində ilk dəfə deyil. Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Del Geraninin, eləcə də filoloq Xalidə Xalidin başına gələn hadisələr də bu qəbildəndir. İllər öncə özlərinin İrana, yaradıcılıq tədbirinə dəvət etdikləri bu şəxsləri saxlayaraq zindana salmış, onlara “casusluq” ittihamı irəli sürmüş, Azərbaycanda həbs edilmiş gerçək casuslarla dəyişmək istəmişdilər.
Dustaqlardan yazanda işlədilən “Allah qapısını açsın” ifadəsi Fəridin nümunəsində tam yerinə düşür. Çünki onu əsir edənlər özlərini Allaha yaxın sayırlar, bəlkə Ona qulaq asalar.
КомментарииОставить комментарий