Общественно-политическая интернет газета
Ermənistanda keşiş Baqrat Srbazyanın hökumətə qarşı yeni müxalif hərəkat yaratmaq cəhdləri fiasko ilə üzləşib. Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesini bəhanə edən bu 52 yaşlı saqqallı təxribatçı ünsür “hərəkatın sönməkdə olmasından” şikayətlənib. “İnsanlar hətta bu dörd kənddə də ayağa qalxmadı, hakimiyyətə qarşı çıxmadılar”, - deyə gileylənib.
Polis artıq dünəndən ona və başının dəstəsinə kəndlərə girməyi qadağan edib. Düz də edib. Soyadı “şərbazyan”a bənzəyən Srbazyan və azsaylı tərəfdarları nəyə etiraz edirlər axı? Ermənistanın nəhayət, Azərbaycanla sülh şəraitində yaşamağa başlamaq kimi normal, təbii istəyinə?
Guya qonşularla dil tapmamağın alternativinin nə olduğunu bu yaramaz keşiş bilmir? Həm də necə qonşularla – erməni əhalini həqiqi mənada rifaha qovuşduracaq Azərbaycan və Türkiyə ilə!..
Barışığın alternativinin adı isə çoxdan məlum – yeni müharibə. O zaman nədən Allaha da, peyğəmbərinə də asi çıxmış erməni kilsəsi xristian dəyərlərinə tüpürüb öz zavallı xalqını növbəti fəlakətə sürükləmək üçün dəridən-qabıqdan çıxır?
Cavab bəsitdən bəsit: çünki erməni katolikosluğuna elan elədiyi humanizm prinsipləri həmişə yad olub. Bu - din çuxasına bürünmüş bir terror yuvası, sülhü yox, savaşı, qonşuya sevgini deyil, nifrəti təbliğ edən terrorçu yığnağı! Bu gün də həmin ampluadadır...
Yaxşı ki, erməni cəmiyyəti gec də olsa, kilsənin gerçək “missiyası”nı, niyyətini anlamağa başlayıb. Kütlə Nikol Paşinyan hökumətindən nə qədər narazı olsa da, yeni və daha avantürist “müxalifətin” ardınca getmir. Növbəti dağıdıcı müharibə arzulamır.
Paşinyan əleyhinə ictimai etirazların zəifliyi öncəliklə bu amilə bağlıdır. Hərgah, sərhəd iğtişaşlarının böyüyərək, ölkə miqyaslı etiraz dalğasına keçəcəyini hədəfləmişdi təzə “müxalifət”. Buna hətta əmin idi.
Səylər boşa çıxdı. Hakimiyyət ilk günlər yeni siyasi boşboğazlara dözüm göstərsə də, ardınca sərt addımlara keçdi. Başqa yol da yox idi. Əks halda, Bakı ilə sülh gündəminin, hakimiyyətin verdiyi yazılı vədlərin qara qəpiklik dəyər daşımadığını etiraf etməli olardı.
Bu isə 44 günlük müharibədən sonra radikal müxalifətin ilk və çox mühüm uğuru sayılmaqla yanaşı, Paşinyan iqtıdarının artıq ölkədə söz sahibi olmadığının və legitimliyini faktiki itirdiyinin əyani təsdiqi olardı.
Olduqca həssas tarixi dönəmdən keçən kapitulyant ölkədə hakim qüvvə buna imkan verə bilməzdi. Odur ki, nə olur-olsun, “delimitasiya testi”ndən uğurla çıxmalı idi. Və çıxmaqdadır.
Bu, Paşinyanı əksəriyyətin dəstəyinə arxayın olub Azərbaycanla böyük sülh sazişi yönündə daha cəsarətli addımlar atmağa sövq edəcək. Söhbət ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarının Ermənistan konstitusiyasından çıxarılmasından gedir. Proses ağır da olsa ona doğru gedir...
Əslində indiki hakimiyyətə, ümumən erməni xalqına ən böyük təhlükə elə hazırkı konstitusiyadan qaynaqlanır. Ona görə ki, özündə N.Paşinyanın təbliğ etdiyi real Ermənistanı yox, “tarixi”, yəni mifik Ermənistanı ehtiva edir.
Demək, həmin konstitusiya qaldıqca qonşu Azərbaycan və Türkiyə ilə müharibə vəziyyət də qalacaq. Savaş və revanş ssenariləri erməni kilsəsi daxil, radikal qüvvələrin masasından düşməyəcək.
Bunu hamıdan yaxşı elə Nikol bilir. Ümid edək ki, onun sözü ilə əməli yekunda düz gələcək və öz xalqının tarixində xilaskar kimi qala biləcək. Hələ ki, ən ağıllı erməni odur...
КомментарииОставить комментарий