Общественно-политическая интернет газета
Rusiyanın süqut etmiş SSRİ-yə daxil olan ölkələrdəki seçkilərə patavalı, dolaqlı şəkildə qarışması ayrıvə böyük dərddir.
Əslində Moskva təkcə postsovet məkanında deyil, keçmiş sosialist düşərgəsinə daxil olan dövlətlərdə (Macarlstandan Slovakiyaya qədər) də seçkilərə qarışır.
Bəzən bu azman dövlət hətta Almaniya, Fransa kimi ölkələrdə özünə yaxın qüvvələrin seçki uğuru qazanması üçün müdaxilələr edir.
Ancaq Moskva keçmiş sovet respublikalarının 11-də bu işi çox ərklə, öz quberniyasıymış kimi ötkəmliklə görməyə çalışır.
Bu xüsusda Baltikyanı ölkələrin davranışı, reaksiyası fərqlidir. Onlar Rusiyanın bu kimi təşəbbüslərinə məhəl qoymurlar. Belə anlaşılır ki, Moskva bu respunlikalarda özü üçün effektiv 5-ci kolon əmələ gətirə bilmir.
Bu davranış Kremllə keçmiş sovet respublikalarının ali sarayları arasında gizli sürən nifaq səbəbidir. Bir çox ölkələr RF idarəçiləri ilə açılışmasalar da, bu ərkyanalıqdan xoşnud deyillər.
Əslində Ukrayna ilə Rusiyanın arasındakı müharibənin bir nömrəli səbəbi məhz Ukraynada keçirilən, nəticələri Moskvanın xoşuna gəlməyən seçkilər olub – özü də üç dəfə.
Bütün intriqa və separatizm meylləri Vktor Yuşşenko həyatı ilə riskə gedərək (onu dioksinlə zəhələmişdilər, sifəti tanınmaz hala düşmüşdü) 2005-ci ildə Viktor Yanukoviçə qalib gələndə başlandı. Yuşşenko prezident seçiləndən az sonra Rusiya mediası artıq Donbasın Ukraynadan ayrıla biləcəyindən bəhs edirdi.
Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gəlməsi ilə başa çatan seçki də Rusiya-Gürcüstan konfliktinin başlanğıcı oldu və dərinləşə-dərinləşə getdi.
Hazırda Rusiya yenidən Gürcüstandakı seçkilərlə bağlı qol çırmayaraq tarlaya çıxıb: RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin bəyanatının əks-sədası çəkilməmiş, prezidentin mətbuat katibi Dmitri Peskov danışır. O sözünə nöqtə qoyan kimi XİN-in sözçüsü Mariya Zaxarova açıqlama verir.
Rusiyalı siyasi xadimlər öz açıqlamalarında obyektiv, tərəfsiz mövqe tutsalar, düşünmək olardı ki, Kreml Gürcüstandakı seçkilərlə sırf qonşuluq münasibətləri baxımından maraqlanır. Ancaq elə deyil. Rusiya tərəf tutur və “Qərbə işləyən qüvvələr”in hər vasitə ilə ram edilməsini umur.
Rusiyanın Ermənistanda hakimiyyətdə olan Qərbpərəst qüvvələrə də münasibəti eyni cürdür və imkanı olsa, İrəvanda hakimiyyət dəyişikliyinə nail olar. Ancaq gerçək budur ki, ABŞ və Fransa Ermənistana təməlli şəkildə yerləşiblər və erməni xalqı Rusiyaya əvvəlki illərdə olduğu kimi isti yanaşmır.
Bu ayın 20-də Moldovada keçirilən prezident seçkisinin ikinci turuna adlayan Maya Sandu və Aleksandr Stoyanoqlo rəqabətində Rusiya ikincinin tərəfindədir. Çünki birinci – hazırkı prezident Sandu Qərbin adamı sayılır. Onunla dirəşən keçmiş baş prokuror Stoyanoqlo isə Moskvaya yaxınlığı ilə tanınır.
Yəni Rusiya üçün keçmiş sovet respublikalarında Qərbə meylli olmaq qırmızı xəttdir. Hansı siyasətçi bu mövqedədirsə, Rusiya ona qarşıdır, hansı Qərbə qarşı çıxışlar edirsə, Moskva ona dəstək verir.
Hətta elə ölkə ola bilər ki, prezidentliyə namizədlərin heç biri Qərbə yaxın deyil, amma yenə də Rusiya strateqləri özlərinə borc bilirlər ki, namidələrin içində məhz Rusiyaya rəğbətli olan birinə dəstək versinlər.
Sanki keçmiş sovet ölkələrinin ötən əsrin 20-ci illərindən 90-cı ilə qədər sovet-rus imperiyasına daxil olması onları ömürlük vassala çevirib və Kremlin onların üzərində əbədi hüquqları yaranıb.
Fransa öz keçmiş müstəmləklərini zorla və şirnikləndirmə ilə Frankofoniya təşkilatının üzvü etdiyi kimi Rusiya da eyni rıçaqlarla postsovet ölkələrini ris dilinin işlək olduğu bir məkanda, öz ətrafında torparlamaq istəyir, heç kimin uzaqlaşmasına imkan vermək istəmir.
Yuxarıda deyildiyi kimi, Belarusdan tutmuş ta Tacikistana qədər bütün keçmiş SSRİ respublikaları Kremlin bu basqıçı siyasətindən beziblər. Hər bir dövlət yaxın qonşularıyla, uzaqda yerləşən qüdrətli dövlətlərlə öz bildikləri kimi əlaqələr qurmaq, öz müstəqil xarici siyasətlərini yeritmək istəyirlər.
Təcrübə göstərir ki, beynəlxaq arenaya inteqrasiya olunmağın, hərtərəfli inkişafın yolu bundan keçir. Hətta bu respublikalarda hakimiyyətə Rusiyaya loyal qüvvələr gəlsə də, bir müddətdən sonra Kremlin yedəyində getməyin inkişafa necə mane olduğu gerçəyi qarşısında qalır, tədricən öz siyasi kurslarını dəyişməyə çalışırlar.
Son illərdə Qazaxıstan və Özbəkistanda məhz belə bir proses getdi. Qırğızıstan da o səmtə meyllənir. Türkmənistanın isə öz neytral dünyası var.
İlk olaraq biz qardaş Türkiyə ilə qardaşlıq büsatı quraraq göstərmişik ki, bəzi məsələlərdə müttəfiqlik öz yerində, amma biz dünyaya Türkiyə üzərindən çıxsaq, daha kəsə olar. Hərçənd seçki məsələsində Rusiyanın xətrinə çox da dəymirik.
КомментарииОставить комментарий