Общественно-политическая интернет газета
Bu ölkədə tənqiddən xoşu gələn, razı qalan, onu normal qarşılayan yoxdur. Kim əksini deyirsə, ən azı şişirtmə edir.
Yalnız bir istisna var. Həkimlər kiməsə “sənə içki içmək, siqaret çəkmək, çox yemək olmaz, amma sən bunların hamısını edirsən və yaxşı iş görmürsən” deyəndə pasiyent bu tənqidi qeydləri sakit qarşılayır, razılaşır, amma yüzdə yetmiş halda yenə riayət etmir.
Ondan başqa kiməsə səhv etdiyi, düz etmədiyi şeyləri sadalasan, dostdursa, dostluğu pozar, rəqibdirsə, düşmən olar, dönüb təhqir edər.
Yenə müəyyən istisnalar ola bilər, amma bunlar ümumi qaydanı pozmayacaq.
Bu günlərdə tənqidə dözümsüzlüyün bir neçə bariz nümunəsini gördük.
“Qarabağ” futbol komandası gözlənilməz şəkildə “Rakuv”la hər iki oyunda zəif oynayanda və Çempionlar Liqasının sonrakı mərhələlərində oynamaqdan mərhum olanda klub və komanda rəhbərliyinin ünvanına tənqidlər səsləndi.
Bunların çoxu təbii tənqidlər idi, uzun illər “Qarabağ”a azarkeşlik edənlər, onun daha da yaxşı olmasını istəyənlər tərəfindən dilə gətirilmişdi. Ola bilər ki, ümumi xora bədxahlar da qoşulmuşdu. Əl-əlbət, eləydi, onlar uzun illər idi “Qarabağ”ı pisləmək, istedadlı və başarılı məşqçi Qurban Qurbanovu “vurmaq” üçün fürsət axtarırdılar və necə deyərlər, şeytan qismətlərini vermişdi.
Amma əksər azarkeşlərin irad və tənqidləri həm haqlıydı, həm də səmimiydi, azarkeş yanğısından, adıyla bütün xalqın doğması olan klubu çox istəməkdən irəli gəlirdi.
Reaksiya isə gözlənilən kimi olmadı. “Qarabağ” rəhbərliyi çıxıb, “iradlar, tənqidlər haqlıdır, perspektivdə zəif nöqtələrimizi təsbit edəcək, yanlışlarımızı düzəldəcəyik” demək əvəzinə əsasən susdular. Komandanın tanınmış azarkeşləri isə klubun müdafiəsinə qalxdılar.
Ən pisi o oldu ki, müdafiə “Qarabağ”a tənqidi hücumdan daha aqressiv oldu, bəzi hallarda təhqiramiz səciyyə daşıdı. Sanki tənqid bildirən azarkeşlər müqəddəs bir şeyə hörmətsizlik göstərmiş, “Qarabağ”ın klub olaraq bağlanmasını, Qurban Qurbanovun məşqçilikdən uzaqlaşdırılmasını tələb etmişdilər. Müdafiəçilər komandanın keçmiş uğurlarını sadalayır, xalqımıza dəfələrlə qürur yaşatdığını söyləyir, bütün tənqidçiləri bir torbaya yığıb qərəzkarlıqda qınayırdılar.
Halbuki bu söz-söhbətə ehtiyac yox idi. Tənqidçi azarkeşlərin tam əksəriyyəti konkret olaraq komandanın hansı xəttində zəiflik olduğunu göstərmiş və oraya “yeni qan” köçürülməsini tövsiyə etmişdilər. Buna görə araya “qan salmaq” lazım deyildi.
Hətta 11 ildir “Qarabağ” azarkeşi olan və “Rakuv”la oyundan sonra yüngülvari bir tənqidi status yazan bir adam aqressiv müdafiəni görüb pərt və peşman olmuşdu, deyirdi, bilsəm, reaksiya belə olacaq, heç nə yazmazdım.
Bu, yaxşı tendensiya deyil, komandanın azarkeş auditoriyasını azaldan, ona soyuq yanaşanların sayını çoxaldan xəttdir. Klub rəhbərliyi bunu nəzərə alacaqsa, çox yaxşı, almayacaqsa, yenə canları sağ olsun.
Tənqidlə bağlı ikinci vaqiə 75 yaşı tamam olan aktyor Rasim Balayevin dövlət başçısı ilə görüşməsi və təltif olunduğu “İstiqlal” ordenini şəxsən ondan almasından sonra baş verdi.
Orden almasına və prezidentlə görüşdə iltifatlı sözlər deməsinə görə aktyoru tənqid edənlər haqsız idi. O, qəbahət bir şey deməmişdi, nə demişdisə, səmimi demişdi. Bu, heç. İkincisi, həyatının 50 ildən artığını Azərbaycan mədəniyyətinə həsr edən sənətkar hər cür təltifə layiqdir. Bu da ayrı.
Bununla belə, onun ünvanına səslənən sərt tənqidlərlə yanaşı, bəzi umu-küsülər və giley-güzarlara da çox sərt cavablar verildi. Hətta “aktyora güldən ağır söz deyənlər qələt edir, başını daşa döyür” kimi heç cür tənqidi rəy hesab olunmayacaq replikalar səsləndirənlər də tapıldı. Bu isə monocins mühitli çayxanalara xas ritorikadır.
Belə şeylərə ehtiyac yoxdur. Bir neçə nəfərin tənqidi fikrinə bir neçə min adam cavab verməli deyil. Hamının öz üzərinə belə funksiya götürməsi, özünü o tənqidlərə cavab vermək zorunda hiss etməsi artıq işdir. Biri bir söz deyəcək, bir neçə nəfər də ona sanballı cavab verəcək, biz də oxucu olaraq oxuyub razılaşacağıq ki, müdafiə daha tutarlı alınıb. Vəssalam.
Yoxsa sağdan-soldan söyüş-qarğış, təhqir-latayır sunamisi kükrəyəndə, müdafiə xarakterli yazılar, statuslar, şərhlər sellənəndə adam özünü müqəddəsata sataşmış kimi hiss edir.
КомментарииОставить комментарий