Общественно-политическая интернет газета
Azərbaycan həddini aşan avropalı diplomatlara haqlı olaraq, daha sərt üzünü və öz yerini göstərməyə başlayıb. Belçikanın xarici işlər naziri müsəlman (Əlcəzair) əsilli (!) Xədicə Labib və ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik bu xüsusda yəqin ki, sonuncu olmayacaq. Çünki xristian, islamofob və türkofob Qərbdə qeybətimizi qıranlar, 44 günlük müharibədəki halal qələbəmizi hələ də həzm eləməyənlər saymaqla bitməz...
Bəllidir ki, regiona səfər çərçivəsində Belçika baş diplomatı Bakıda Prezident İlham Əliyev tərəfindən qəbula layiq görülmədi. Yalnız xarici işlər naziri Ceyhun Bayramovla görüşüb də rədd olub getdi. Ancaq İrəvanda o, baş nazir Nikol Paşinayanla da bir araya gəlmişdi.
Eləcə də dünən Ermənistanda ən yüksək səviyyədə qəbul olunan Kasprşik Azərbaycana ümumiyyətlə buraxılmadı. Yalnız bu gün “Laçın” postuna qədər gəlib oradan, “Spayka”ların yanından binoklla ərazimizə uzaqdan həsrətlə baxmaqla özünə təsəlli verəsi oldu. Halbuki onun Bakıya da səfəri nəzərdə tutulmuşdu. Ancaq Azərbaycan Kaspşriklə görüşü artıq vaxt itkisi hesab elədi. Düz elədi.
Niyə rəsmi Bakı bu şəxsləri ən yüksək səviyyədə saya salmadı? Çünki heç biri bölgəyə saf niyyətlə gəlməyib. “Niyyətin hara, mənzilin də ora” məsəli var bizdə. Boşuna deyilməyib...
Belçikalı nazir mövcud olmayan “Laçın dəhlizi”ni gündəmə və dilə gətirməklə, Azərbaycanın ayrılmaz hissəsi haqda erməni ağzı ilə danışmaqla, qısası, burnu girməyən yerə başını soxmaqla hələ Bakı səfərindən öncə əsəblərimizlə oynamış, özünü “yandırmışdı”.
ATƏT sərinin şəxsi nümayəndəsi A.Kasprşik isə onsuz da adı gələndə normal azərbaycanlını qaşınma tutan bir adamdır - bədnam Minsk Qrupunu yada salan canlı “əfsanə”lərdən biri olaraq. Bu zat indi də Ermənistan tərəfdən – “dal qapı”dan “Laçın” postuna can atmaqla təmsil elədiyi qurumun xoş olmayan məramını ortaya qoydu.
Adama deyərlər, sənin sərhəddə nə itin azıb? Gəlib orda nəyi öz gözünlə görmək, nəyə əmin olmaq istəyirsən? Məgər səfərdən öncə hər şey aydın deyil(di) ki?
Aydın idi. Amma Kaspşik İrəvandakı bir sıra Avropa (Qərb) ölkələrinin səfirləri kimi mütləq Azərbaycanla sərhədə, “Laçın” postuna gəlib şəkil çəkdirməklə, bizə açıq və poza verməklə de-fakto Ermənistana haqq qazandırmağı üstün tutdu. Guya bunun fərqində deyilik, çörəyi “burnumuza” yeyirik.
O halda kim onu bu tərəfə - Azərbaycana buraxar? Ona qalsa, keçən ay eyni qələti eləmiş 17 diplomatı da sərhəddən buraxardıq da?
Kaşprşik xoş niyyətli idisə, nədən Bakıya varid olub oradan Qarabağa, separatçıların bağladığı Ağdam-Xankəndi yoluna getmirdi?! “Humanitar böhran” nağılına əyani əminlik hasil eləmirdi?..
Deyəsən bunların şəkki gedib 2020-ci il sentyabrın 26-dan o yana. Azərbaycanla istədikləri ritorika ilə danışdıqları zamana. Keçdi o dövran. İndi şərtləri də, gündəmi də Azərbaycan diktə edir və edəcək. Ya buna alışacaqsınız, ya da... alışacaqsınız və nida işarəsi!
Yoxsa ki, cənab Kasprşik, səndən qabaq ABŞ, İran və digər ölkələrin səfirləri də durduğun yerdən Azərbaycanı, Laçını binoklla seyr eləmişdilər. Həm də həsrətlə...
КомментарииОставить комментарий