Общественно-политическая интернет газета
Çexiyanın Ermənistandakı səfiri Petr Pirunçik Laçın dəhlizinin həndəvərinə gəlib, oradan video və fotolar çəkdirərək dərc edib.
Dandan təpə başına çıxan səfir ermənilərə dəstəyini sosial şəbəkədə bu cür ifadə edib: “Laçın dəhlizində. Haqqında çox eşitdiyim, haqqında çox danışdığım və yazdığım yeri öz gözlərimlə görmək istədim”.
Belə baxanda səfir Pirunçik diplomatik gediş edib, artıq-əskik heç nə yazmayıb, amma onun sərhədimizin dibinə qədər gəlməsinin özü Ermənistanın tərəfində olmaq, onun “haqq səsini dünyaya çatdırmaq” cəhdidir. Üstəlik, cənab laçın dəhlizinin haqqında çox danışır, hətta yazırmış.
Bu addım bizim hiddətimizə səbəb olmalıdırmı? Olmalıdır. Çünki biz heç vaxt, ən çətin vaxtlarımızda belə dünyadan bu cür dəstək görməmişik. Ərazi bütövlüyümüzün pozulduğu, ölkəmizin 20 faizinin işğal altında olduğu illərdə Avropa dövlətləri bizi heç vaxt aqressisiyaya məruz qalan zərərçəkən dövlət kimi qəbul etməyib, bizə ən yaxşı halda “müharibə edib uduzan və güzəştə getməli olan tərəf” kimi yanaşıblar.
Di gəl, 44 günlük müharibədən sonra Avropanın əksər dövlətləri sözləşibmişlər kimi Ermənistanın tərəfindədirlər, qundaqda olan körpəni gözətləyirmişlər kimi onun keşiyində durur, növbələşirlər.
Bunun əksinə, Azərbaycanın əzəli və əbədi şəhəri olan, binəsi qoyulandan ta işğal olunduğunu günə qədər soydaşlarımızın 90+ çoxluqda yaşadığı Şuşaya təşkil olunan səfərlərdə iştirak etməyən səfirlər oldu. Bunlar ABŞ, Fransa və Rusiya səfirləri idi.
Onlar ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq guya ki, özlərini tərəflər arasında neytral mövqe tuturmuşlar kimi apardılar. Ancaq bu havayı bəhanə idi, Şuşaya getmək onların içindən gəlməmişdi.
Bu imtinanın onların həmsədr mandatına isti-soyuğu yox idi. Çünki Qarabağın düzən hissəsi də, dağlıq tərəfi də Azərbaycan Respublikasının müstəsna suveren yurusdiksiyasına aiddir və mübahisəli ərazi-filan deyil. Şuşa isə Gəncə, Şəki, Quba, Lənkəran kimi köhnə Azərbaycan şəhəridir, həmişə də belə olib. Bu şəhərə səfər edəndə nə olacaqdı? Kim nə deyəcəkdi?
Ancaq bu ölkələrin səfirləri onu etmədilər və əllərindəki kartları açıb göstərdilər.
Ən qəribəsi odur ki, Böyük Britaniyanın səfiri də bu “üçlüy”ə qoşulmuşdu. Düzdür, ABŞ-ın daş qoyduğu yerə həmişə baş qoymağa hazır olan BB-nin təmsilçisindən bu hərəkət gözlənilən idi, ancaq müharibə zamanı Azərbaycana diplomatik-siyasi dəstək nümayiş etidrən ölkənin təmsilçisi bu dəfə fərqli də davrana bilərdi. Hər halda son 30 ildə heç bir Avropa ölkəsi Azərbaycandan Böyük Britaniya qədər fayda görməyib. Təkcə BP şirkəti Azərbaycandakı neft layihələrindən 68 milyard dollar xalis mənfəət əldə edib.
Kəsəsi, biz Avropa ölkələrinin diplomatlarından həmişə ölkə olaraq özümüzə qarşı ayrı-seçkilik görmüşük. Eyni ölkənin Azərbaycandakı və Ermənistandakı səfirləri həmişə fərqli olublar. Burdakıların bizimlə çoxu məsafəli, soyuq, rəsmi, Ermənistandakılar ermənilərlə duyarlı, yanımcıl-dönümcül olublar.
Ancaq səfirlərin və səfirlik nümayəndələrinin işlədikləri ölkənin siyasi elitasına, ictimaiyyətinə ünvanlanan piar səciyyəli hərəkətləri də olur. Bəlkə də çalışdıqları ölkənin xalqına “şirinlik etmək” onların mandatına daxildir.
Məsələn, son 30 ildə ABŞ səfirliyində təxminən 300-dən çox səfirlik əməkdaşı gəlib-gedib. Onların arasında bir nəfər çox yaddaqalan və medianın sevimlisi olan diplomat vardı – Conatan Henik. Onun başqalarından üstünlüyü o idi ki, dilimizi bilirdi və jurnalistlərin suallarını həmişə dolğun cavablandırırdı. Bəzi jurnalistlər hətta ona ərklə “Coni” deyə müraciət edirdilər.
Ötən ilin noyabrında Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun sosial şəbəkədəki paylaşımı hamının xoşuna gəlmişdi. Səfir Gəncə ləhcəsi ilə yazmışdı: “Ay lələ! İlk dəfə Gəncəyə gələndə Azərbaycana yeni gələn tələbə idim. İndi mən Britaniya səfiri və Azərbaycanın dostu kimi qayıdıram”.
Auldun sələfi Ceyms Şarp Şuşaya getməsə də, yaşayış məntəqlərimizdən birinin fotosunu “Kənd yerində” başlığı ilə paylaşmışdı.
Ona görə də Çexiyanın səfirinin Laçın dəhlizinin yaxınlığına qədər gəlib ermənilərə dəstək ifadə etməsini çox da ürəyə salmaq, eyni zamanda cavabsız qoymaq da olmaz. İstənilən ölkə Ermənistan-Azərbaycan münaqişəsində ya haqlı olanın tərəfində olmalıdırlar, ya da neytral mövqe tutmalıdırlar. Haqsızın, aqressorun, başqa ölkənin ərazisini ələ keçirmək istəyən işğalçının tərəfini tutmaq bizə qarşı düşmənçilik siyasəti yeritmək deməkdir.
Bir sıra Avropa dövlətlərinin Qarabağ münaqişəsində tutduqları mövqenin haradan qaynaqlandığı çoxdan sirr deyil. Fəqət hələ də bəziləri düşünür ki, xeyr, Avropa belə münaqişələrə dini-milli prizmadan yox, sırf insan haqları kontekstindən yanaşır. Elə deyil. Görə-görə gəlirik. Kim sürəkli diqqət etsə, o da görəcək.
КомментарииОставить комментарий