Общественно-политическая интернет газета
Dünən məhkəmə qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevə, onun tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov və Tofiq Musayevə hökm oxuyub.
Onlar başqa bir məşqçini, Həsən Əzizov adlı şəxsi döyməkdə ittiham olunublar və yüngülvari cəza alıblar – 1 il. Biri də 1500 manat məbləğində cərimə olunub. Vəssalam. Yarısı tamam olan il başa çatmamış hamısı azadlığa çıxacaq.
Bu hadisə barədə yayılan xəbərdə belə bir cümlə vardı: “Müttəhimlər ittiham üzrə özlərini təqsirli bilmirlər”.
Bax, ən pisi budur. İttiham tərəfi tam sübuta yetirib ki, 5 idmançı köməkləşərək bir nəfəri amansızcasına döyüblər, amma onlar özlərini təqsirli saymırlar, hesab edirlər ki, düz ediblər.
Sanki özləri də, döydükləri şəxs də idmançı olduqları üçün bu hərəkətə görə heç bir məsuliyyət daşımamalıdırlar.
Məhəllə-tin leksikonunda bu durumu izah edən və zorakılıq aktına bəraət qazandıran ifadələr var: “Kişinin başına iş gələr”; “Adam döyər də, döyülər də”; “Əsl idmançı polisə şikayət etməz, iş verməz” və s.
Bəs əsl idmançı başqaları ilə köməkləşərək bir nəfəri təkləyib döyərmi? Bu sualın cavabı yoxdur.
Müvafiq məhkəmə reportajında hadisənin mənzərəsi retuşlanmış, böyrü-başı yonulmuş şəkildəydi, ona görə də adama elə gəlir ki, idmançılara ağır cəza verilib.
Amma baş vermiş hadisənin təfərrüatlarını xatırlayanda, görürsən ki, idmançılar hələ yaxşı qurtarıblar.
Bu qalmaqallı dava-dalaş yeni baş verəndə zərərçəkən Həsən Əzizov mətbuata açıqlama vermişdi. Onun dedikləri adamda hiddət doğururdu. O ifadə belə idi: “Mənə ilk zərbəni Tofiq Musayev endirdi. Altı-yeddi nəfər idilər. Tofiq məni vurandan sonra üstümə tökülüşdülər. Mən zərbələrdən qorunmaq üçün üzümü tutdum. Dedim, səhv edirsiniz, bu, kişi hərəkəti deyil. Ancaq məhəl qoymadılar. Bütün göstərişləri Ruslan verirdi. “Uzadın, qaldırın, vurun” deyirdi. Gah da onlar tuturdular, Ruslan vururdu. Pulqabımı, telefonumu aldılar, kəmərimi açdılar. Məni yerə yıxıb sürüdülər”.
Təsəvvür edin, ən azı 5 nəfər özlərini cəzasızlıq mühitində hiss edərək bir adamı bu günə qoyub. Hələ o “kəmərimi açdılar” ifadəsini bir az açsaq, aydın olar ki, 44 yaşlı adamın şalvarını əyinində çıxarmaq, onu hansısa zala, dəhlizə şalvarsız buraxaraq rüsvay etmək istəyiblər.
Məhkəmə bu kimi “xırda” detallara baxmayıb. Amma burada insan ləyaqətinin alçaldılması məsələsi də var. Sanki ortada namus söhbəti varmış.
Əslində isə Həsən Əzizovun ilkin ifadəsində qovğanın sırf intim məsələ üzündən törədildiyinə dair qeydlər vardı. Əzizov bildirirdi ki, özüylə Ukraynadan yarışmaya Anastasiya adlı qız gətiribmiş və Ruslan onun nömrəsini istəyib, ala bilmədiyi üçün aralarında mübahisə yaranıb. Axırı da belə qurtarıb.
Məhkəmədə isə ümumi şəkildə qeyd olunur ki, mübahisəyə səbəb Həsən Əzizovun keçmiş zamanlarda məşqçisi olmuş Ruslan Əfəndiyevə kobud cavab verməsi olub.
Burada Əzizovu günahkar çıxarmaq cəhdi də var. Görürsənmi, adam ustadının üzünə ağ olub, nankorluq edib, ona görə də cəzasını alıb. Halbuki H.Əzizov özü ilə gətirdiyi “əmanət”i Bakıda ona-buna “peşkəş” etsəydi, özü nə olardı, o idmançı Nastya necə adlanardı?
Daha bir qəribə məsələ ilk zərbəni endirən və bununla da “vurun məlunu” situasiyası yaradan Tofiq Musayevin başqalarından daha az cəza alması, cərimə ilə canını qurtarmasıdır.
Onu da xatırlayaq ki, bu hadisə ictimailəşəndən və xuliqanlıq edənlər həbs olunandan sonra belə bir ictimai qənaət vardı ki, onları bir-iki aydan sonra səssiz-səmirsiz buraxacaqlar.
Amma elə olmadı. Hətta zərərçəkən H.Əzizov aldığı zərbələrin fiziki və psixoloji travması keçəndən sonra onlardan şikayətçi olmadığı barədə açıqlama vermiş, onları bağışladığını demiş, barışdığını əks etdirən şəkillər də çəkdirib yaymışdı. Göründüyü kimi, sonradan atılan daş topuğa dəyib, barışıq bir işə yaramayıb.
İndi daha pis olacaq. Həbsdən azad olunan idmançılar yenidən öz sevimli işlərinə davam edə, karyeralarını bərpa edə biləcəklərmi? Yoxsa yüzlərlə sələfləri kimi artıq bələd olduqları kriminal aləmə yuvarlanacaqlar?
Bu, çoxdan bəlli bir faktdır ki, titullu idmançıların bir xeyli hissəsi karyeralarını başa vurandan sonra “məsələ həll etmək”, “münasibətlərə aydınlıq gətirmək”, “münaqişə çözmək” və sair adlanan qara işlərə girişirlər. Bəziləri isə dini sektalara qoşulurlar.
Tərs kimi, ölkənin idman döyüşləri üzrə ixtisaslaşan federasiyalarında birləşən idmançıların çoxu dini sektalara yaxındırlar və bu, onların xarici görünüşündə də əks olunur.
Maraqlıdır ki, başqa vaxt daima “halal-haram” söhbətləri edən, başqasının haqqına girməyi məqbul saymayan şəxslər birdən-birə belə hərəkət edib, ölkənin bir qonağına əl qaldırıb, digərinin namusuna göz dikiblər. Bu, nə dindarlığa, nə də idmançılığa sığan işdir.
Görünür, onları məhz bu detallara görə bağışlamadılar – döyülən şəxsdən fərqli olaraq.
КомментарииОставить комментарий