Общественно-политическая интернет газета
Əl altında ilk baxışdan bir-biri ilə bağlı olmayan 3 xəbər var:
Birinci xəbər belədir ki, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov vəzifəsindən azad edilib və bu barədə fərman çıxan kimi ölkə mediasında sabiq başçının varidatının natamam siyahısı yer alıb.
İkinci xəbər Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tender yoluyla 5 ədəd avtomobil alacağı və "Lada Niva" markasından olan hər avtomobili üçün 26 min 150 manat ödəyəcəyindən bəhs edir.
Daha bir xəbər isə işğaldan azad olunmuş ərazilərdə keçmiş məcburi köçkünlər üçün tikiləcək evlərin hər birinin 157 min manata başa gələcəyi barədədir. (Ancaq bu xəbər hələlik mötəbər mənbə tərəfindən təsdiq olunmayıb).
Bu üç xəbəri birləşdirən ortaq söz isə təkdir: korrupsiya.
İstənilən İH başçısının çoxmilyonluq maddi sərvətini əks etdirən siyahı dərc olunursa, bu, birmənalı olaraq adamın öz vəzifə səlahiyyətlərindən istifadə edərək qurşandığı korrupsiyanın, dövlət büdcəsini talamasının göstəricisidir. Heç kəs maaşla nəinki qiyməti milyon dollarla ölçülən daşınmaz əmlak, heç lüks avtomobil də əldə edə bilməz.
Keçmiş idarə rəisləri və İH başçılarının isə bir və beş də yox, daha artıq sayda otelləri, şadlıq sarayları, villaları, supermarketləri və digər obyektləri, eləcə də ən bahalı maşınlardan ibarət qarajı aşkarlanır. Bu barədə sonra daha ətraflı danışarıq.
NMR nazirliyinin 1 “Lada Niva” avtomobilini 26 min 150 manata alacağı barədə xəbərdən agah olarkən adamın yadına korrupsiya maxinasiyası ona görə düşür ki, bazarda 2024-ci il istehsalı və 0 km yürüşü olan "Lada Niva"nın satış qiyməti 18 min 700 manatdır.
Ortada nə qədər fərq var? 7450 manat. Bunu da 5-ə vuranda edir 37 250 manat. Bu da o deməkdir ki, maşın alveri zamanı yaranan fərq kimlərinsə cibinə gedəcək. Yox, elə deyilsə, nazirlik bazarda 7450 manat ucuza ala biləcəyi 5 maşını nədən daha baha qiymətə alır? Burada onun marağı nədir? Dövlətin puludur deyə dağıtmaq lazımdır?
Eyni sözü işğaldan azad olunmuş ərazilərdə yenidən məskunlaşan keçmiş məcburi köçkünlər üçün tikilən evlər haqqında da demək olar. Bir ev nədən 150 mindən artıq qiymətə başa gəlsin ki?
Deyəcəklər, tikinti materialları bahadır, materialların daşınması məsafəsi uzaqdır, inşaatçılar səhra şəraitində işləyirlər, tikinti şirkətləri öz əməklərini yüksək tariflə qiymətləndirir və sair və ilaxır. Bunların hamısı bəhanədir.
Şəhər ətrafı qəsəbələrdə insanlar 4-5 otaqlı evi bundan ən azı iki dəfə ucuz qiymətə tikdirib başa gətirirlər. Hələ ev tikmək üçün torpaq əldə edilməsi, tikinti aparmaq üçün icazə almağa verilən rüşvətlər də evin smeta dəyərinə daxildir. Qarabağ və Şərqi Zəngəzurda isə torpaq və icazə almaq üçün rüşvət verməyə ehtiyac yoxdur.
Bu da o anlama gəlir ki, ortada yeyinti və mənimsəmə faktları var. Bir evin tikilib başa gətirilməsi üçün ayrılan pulun ən azı yarısı yeyilir. Bildiyimizə görə, işğaldan azad olunan ərazilərdə tikinti işləri aparan şirkətlər heç də çalışdırdıqları fəhlələrin əməyini yüksək qiymətləndirmirlər, hətta əksinə, zəhmətkeşlərin maaşını gecikdirir, bəzən də kəsirlər. Gördükləri işlər isə yüksək keyfiyyəti ilə seçilmir.
Bu ilin əvvəlində Füzuli rayonunda köçkünlərin qayıdışı zamanı açıb-ağardılmayan xoşagəlməz hadisə də olub. Əşyalarla dolu yük maşınları köçkünlərin məskunlaşacağı yaşayış məntəqəsinə çatanda insanlar görüb ki, heç bir mənzil yaşayış üçün yararlı deyil. Qalmaqal qopub. Gecəylə tikinti briqadalarını gücləndirilmiş şəkildə yaşayış massivinə cəlb ediblər. Hər mənzildə 8 müxtəlif usta gecə boyu işləyib, evləri sahmana salıblar, təxminən səhər saat 5 radələrində insanlar yeni mənzilin kandarından içəri adlaya biliblər.
Bu, o anlama gəlir ki, dövlət başçısının diqqəti altında olan, tez-tez baş çəkdiyi ərazilərdə belə vicdanla iş görməyən, ayrılan pulların mühüm bir hissəsini mənimsəyən adamlar var. Gələn məlumata görə, onların barəsində ciddi araşdırmalar gedir. Yəqin ki, təhqiqatın nəticələri və qandallanan işbazlar barədə məlumat yayılacaq.
Xaricdə yaşayan əməkdaşımız Elbəyi Həsənli isə belə yazır: “Azərbaycan mətbuatı Ağdaşın işdən çıxarılan başçısının mülkləri barədə indiyə kimi, yəni Tofiq İbrahimov vəzifə başında olanda niyə belə şeylər yazmırdı?”
Haqlı sualdır. Amma konkret cavabı da var: “Tutulmayan oğru, xandan, bəydən doğru”.
Bir korrupsioner məmuru ifşa edib qandallamaq mətbuatın işi deyil. Bundan ötrü dövlət strukturları var. Bunu etmək onların işidir. Çünki onlar hakimiyyətin 1-ci və 3-cü qolunu təmsil edilər. Mətbuat isə bu sırada, guya ki, 4-cü hakimiyyətdir – o da rəsmi deyil, formal olaraq. Yəni əlində real səlahiyyətlər yoxdur. Gücü yazmağa çatır. O da yaza bilsə.
Ancaq real hakimiyyətdə təmsil olunanlar korrupsioner məmurları ifşa edə və cəzalandıra bilərlər. Onlar bunu edəndə jurnalistlərin işi asanlaşır, təfərrüatları yazırlar, xalq da oxuyur, çoxdan bildiyi həqiqətlərin təsdiqini rəsmi şəkildə görür. Bu zaman qara daşdan səs çıxır, amma ifşa olunmuş məmurlardan səs çıxmır. Onlar siyahısı yayılmış mülkləri barədə təkzib mətni yaya bilmirlər. Çünki nələri var, rəsmi şəkildə müstəntiqlərinin əllərinin altındadır.
Bir də var, jurnalistlər həmin siyahını müstəntiqlərdən əvvəl yaysınlar. Bax, onda korrupsionerlər “Aydan arı, sudan duru”, “halal maaşıyla dolanan”, “kristal kadr”lara dönürlər, malik olduqları biznesin ailə üzvlərinə, qohumlarına məxsus olduğunu, özlərinin bizneslə məşğul olmadığını bildirirlər, “böhtan atan jurnalistlər”i məhkəməyə verirlər və... udurlar. Jurnalistlər külli miqdarda cərimələnir. Media qurumu müflis olur. Gerçəklik budur.
Ona görə də buna da şükür. Qoy korrupsionerlər ifşa olunsun, jurnalistlər isə bir neçə gün gecikmə ilə yazsınlar. Nə olacaq ki? Ha jurnalist yazdı, prokuror tutdu, ha prokuror tutdu, jurnalist yazdı. Eybi yox, qoy ardıcıllıq pozulsun, amma xalqın, dövlətin varidatını talayaraq özlərinə külli miqdarda varidat toplayanlar cəzasız qalmasın.
КомментарииОставить комментарий