Общественно-политическая интернет газета
Bakı-Vaşinqton əlaqələrində vaxtaşırı özünü göstərən gərginlik və yaxud soyuqluq təzə məsələ deyil. Bu sahəni izləyənlərə çoxdan bəllidir ki, ABŞ-ın Azərbaycana münasibəti nə burdakı, nə də Birləşmiş Ştatlardakı hakimiyyətlərin mahiyyətindən böyük ölçüdə qaynaqlanmır.
Təpədən-dırnağa qərbçi Əbülfəz Elçibəy dövründə Azərbaycana qarşı tətbiq edilən və hələ də qüvvədə olan, Respublikaçıların da, Demokratların da ləğv eləmədiyi bədnam “907-ci düzəliş”i yada salmaq kifayətdir. Yaxud düşünmək ki, Donald Tramp Ağ Evə qayıdan kimi Bakıdakı amerikalı səfir Şuşaya yollanacaq, sadəlövhlük olardı.
Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsindən sonra yalnız iki ölkənin baş diplomatı azad edilən Şuşaya ayaq basmayıb – ABŞ və Fransa. Bunu hətta Rusiya, Almaniya, İran da edib. BMT-nin Azərbaycan nümayəndəsi də eyni addımı atıb. Yəni faktiki bütün dünya haqq elədiyimiz Hərbi Zəfərimizi qəbullanıb...
“Böyük bacı” Fransanı hardasa anlamaq mümkün – ermənidən çox erməni olmaq mərəzi rəsmi Parisi haqqı və gerçəyi görməyə, beynəlxalq hüquqla sayğılı olmağa qoymur. Bəs neytral vasitəçiliyə can atan Amerika? O, nəyi gözləyir? Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasınımı? Sülh anlaşmasının bura nə dəxli?
İkinci yandan, ondan sonra Şuşaya getməyin bir anlamı olacaqmı? Belə çıxacaq, daha doğrusu, artıq belə çıxır, Ermənistan kimi ABŞ indinin özündə ərazi bütövlüyümüzü şübhə altına alır və erməni işğalının sona çatmasından məmnun deyil. Yox, məmnundursa, amerikalı səfir nədən 3 il ərzində digər diplomatlara qoşulub Şuşaya getməyib, rəsmi Bakının dəvətlərini israrla geri çevirib? Nəhayət, yeni səfir Mark Libbi Şeytanın qıçını sındıracaqmı?
Libbi Bakıya varid olar-olmaz, azərbaycanca müraciət yayıb, milli yeməklərimizi o ki var tərifləyib, dolmanı, plovu çox sevdiyini deyib. Ancaq gərək o inciməsin, Azərbaycan xalqına sayğı bununla ölçülməz. Ona qalsa, ermənilərin içində də dilimizi gözəl bilənlər var...
Sözü ona gətiririk ki, 50 milyonluq Azərbaycan xalqına hörmət-izzət öncəliklə bu xalqın dövlətinə və həmin dövlətin ərazi bütövlüyünə, sərhədlərinə hörmətdən başlayır! Ondansa cənab səfir tezliklə Şuşaya gedəcəyini anons eləsəydi, bu olardı bambaşqa məsələ, qulağa xoş gələn səmimi açıqlama.
Anladıq, diplomat təamlarımızı bəyənir, xoşlayır, bəs ərazi bütövlüyümüzün bərpasından necə, xoşlanırmı? Nəsə yadımıza gəlmir ki, İran daxil, bir çox digər ölkələrin rəhbərləri, yüksək çinli rəsmiləri kimi ABŞ prezidenti, lap elə dövlət katibi Entoni Blinken də Azərbaycanı öz ərazi bütövlüyünü bərpa eləməsi münasibətilə təbrik eləsin.
Doğru, səfirlər təmsil elədikləri dövlətin təlimatları əsasında hərəkət edərlər. O zaman buyursunlar, təlimat göndərsinlər. Barı, Şuşa ilə bağlı “ikili standart”a son qoysunlar, işimizi bilək. Qısası, ya göründükləri kimi olsunlar, ya da olduqları kimi görünsünlər. Yoxsa Azərbaycan toplumu Vaşinqtonu heç vaxt səmimi saymayacaq. Etimad qıtlığı da öz yerində. Və ona kimi səfirin yediyi plov və dolma ona nə nuş olacaq, nə də halal. Zira, nə qədər qonaqpərvər olsaq da, bu – bizim üçün prinsipial məsələ, “qırmızı xətt”. Aydındımı?..
КомментарииОставить комментарий