Свобода людям, независимость нациям!

81 ildən sonra 2-ci Kursk döyüşü – 1-ci həlledici oldu, bu da olacaqmı?

 

II dünya müharibəsinin dönüş nöqtələrindən biri də Kursk döyüşü olub. Tarixə “Kursk qövsü” kimi düşmüş həmin döyüşlər silsiləsi 1943-cü ilin 5 iyulundan 23 avqustuna qədər davam edib və sovet ordusunun alman qoşunları üzərində qələbəsi ilə başa çatıb.


Kursk qövsü 18 mart 1943-cü ildə formalaşıb. Qövsün ön hissəsi və şimal cəbhəsi Voronej-Xarkov əməliyyatı zamanı, cənub üzü isə Xarkov uğrunda üçüncü döyüş zamanı Xarkov və Belqorodun Vermaxt qoşunlarından geri alınmasından sonra yaranıb. Kursk qövsünün dərinliyi 150 km, cəbhə xətti isə 200 km-ə qədər olub. Bu cəbhədə Almaniya, İtaliya, Macarıstan qoşunları cəmləşib. Kursk çıxıntısı hər iki döyüşən tərəf üçün strateji əhəmiyyət daşıyıb.

Döyüş başa çatdıqdan sonra strateji təşəbbüs sovet ordusuna keçib və ölkənin alman işğalçılarından azad edilməsi davam edib. SSRİ ərazisindən geri çəkilərkən Vermaxt qoşunları “yandırılmış torpaq” taktikası həyata keçirsə də, bu, onlara kömək etməyib, ta Berlinə qədər geri çəkilə-çəkilə gediblər.

Budur, 81 ildən sonra həmin bölgədə yeni bir Kursk döyüşü baş verir.

Buna tarixin təkrar olunması demək olmazsa da, tarixin ironiyası demək olar. İkinci Kursk döyüşünə hazırlıq söz yox ki, 81 il əvvəl olduğu kimi yenə də iyulda başlanıb və avqustda hücuma start verilib.

Fərq ondadır ki, bu dəfə hücuma keçənlər ruslar, ukraynalılar, beloruslar və digər sovet xalqlarının oğullarından ibarət olan döyüşkən diviziyalar deyil.

Bu dəfə ruslar müdafiə olunur, beloruslar onlara kömək edir, ukraynalılar isə əksinə, hücum edən tərəfdir.

Bu dəfə almanlar, fransızlar, hollandlar, bir çox başqa Avropa ölkələri hücum edən Ukraynanın tərəfindədir və ona həm maddi, həm siyasi, həm humanitar, həm də hərbi planda (texnika, sursat və sair ləvazimat, könüllü döyüşçüləri, təlimatçılar) kömək edirlər.

81 il öncə SSRİ-nin tərəfini tutaraq onun Hitler Almaniyasına qalib gəlməsi üçün “lend-liz” adlanan dövlət aktı qəbul edən və onu həyata keçirərək sovet ordusunun əlini gücləndirən ABŞ bu dəfə eyni aktı Ukrayna üçün qəbul edib və arasıkəsilməz şəkildə onu, müharibə aparılması üçün lazım olan hər şeylə təchiz edir.

81 il öncə SSRİ-nin tərəfini tutan və 3-cü Reyxə qarşı müharibə aparan Böyük Britaniya da bu dəfə bütün varlığı ilə Ukraynanın tərəfindədir. Bu ölkənin siyasi xadimləri Rusiyanın lideri ilə yox, Ukraynanın rəhbəri ilə görüşürlər – ya Kiyevdə, ya da hər hansı bir Avropa paytaxtında təşkil olunan sammitlərdə.

Böyük ehtimalla Ukraynanın Rusiyanın ərazisinə məhz Kursk tərəfdən dalması təsadüfi xarakter daşımır. Bundan ötrü uzun müddət kəşfiyyat işləri aparılıb, bu nahiyədə müqavimətin zəif olacağı proqnozlaşdırılıb, hazırlıq işləri görülüb və yeni cəbhə xəttinin açılmasına start verilib.

Nə qədər büruzə verməsələr də, Rusiyanın hərbi-siyasi rəhbərliyinin bu həmlə qarşısında çaşbaş qaldıqları açıq-aydın sezilir. Həm də bu Rusiya ordusunda rəhbərliyin yeni dəyişdirildiyi bir vaxtda baş verib. Köhnə rəhbərlik 2 il davam edən və heç vəchlə uğurlu sayıla bilməyəcək hərbi kampaniyadan sonra müharibədən kənarlaşdırılmışdısa, yeni rəhbərliyin siftəsi bəd gəlib.

Hələ aydın deyil, Ukraynanın Kursk üzərində nəzarəti uzun müddət qalıcaq, yoxsa qoşunlar geri çəkiləcək, qısa müddət müharibə səhnəsi olmuş Kursk yenidən Rusiyanın sərəncamına qayıdacaq.

İndilikdə bilinən odur ki, avqustun 6-na qədər Ukraynada gedən döyüşlərə, yaşayış evlərinin, kommunal obyektlərin 7 metrlik raketlərlə vurulmasına, dağıntılara, ölənlərə, ölümdən qaçanların yollarda yaratdığı tıxaclara televizordan baxan və heç nə olmamış kimi davranan kursklular müharibənin nə demək olduğunu dərilərində hiss etdilər. Elə dünənə qədər həmin mənzərələrə sakitcə, soyuqqanlılıqla tamaşa edən rusiyalılar da ilk dəfə hücuma məruz qalmağın acısını yaşadılar, hiss etdilər ki, müharibə çox pis şeydir.

Videokameralar qarşısında “şücaət” göstərən “Axmat” batalyonun döyüşçülərinin gözləri skotçla bağlanmış halda, axmaq vəziyyətdə əsir olmaları da ibrətamiz görüntüdür.

Hər baxımdan 2-ci Kursk döyüşü də həlledici ola, ən azı aqressiv tərəfin sülhə meyllənməsi baxımdan ağıl-kamala gətirə bilər.

Əslində 3 gün çəkəcəyi nəzərdə tutulan müharibənin 30 gündə bitməməsi faktı qarşısında qalarkən bu fikrə gəlinməliydi. Fəqət Rusiya rəhbərliyinin hirs-hikkəsi davam etdi və müharibə üçüncü ilə adladı, artıq 3-cü il də yarıdan keçib, müdafiə olunan tərəf isə özündə əks-hücuma keçmək cürəti və resursu tapıb. Demək, bu gedişlə Rusiya-Ukrayna (əslində isə Qərb-Rusiya) müharibəsi daha da uzana bilər.

Нет комментариев

Новости автора