Общественно-политическая интернет газета
Baş nazir Nikol Paşinyan erməni xalqına Yeni il təbriki ünvanlayıb. Şablon təbrikdə diqqət çəkən ilk detal onun üzrxahlığıdır. “Mən son illər yaşadığınız ağrılara görə hər birinizdən, Ermənistanın bütün vətəndaşlarından, Dağlıq Qarabağdan qaçqın düşmüş qardaş və bacılarımızdan üzr diləmək istəyirəm”, - Paşinyan deyib.
Hərgah, məntiqlə ondan qabaq belə üzrxahlığı “Qafqaz qaraçıları”na illərlə “miatsum” nağılı və ağ yalanlar danışan eks-prezidentlər – Xocalı caniləri Robert Köçəryan və Serj Sərkisyan eləməli idi. İqtidarda olduqları dövrdə Bakı onlara düz 20 il (!) “torpaq əvəzinə sülh” formulunu təklif edib. Köçəryan-Sərkisyan cinayətkar tandemi isə “torpaq əvəzinə torpaq” deyib durdu. Sonrası məlum.
Gəl ki, konflikti hesabına fantastik var-dövlət yığan bu şərəfsizlər indi öz xalqından əfv diləməyi ağla gətirmirlər. Əksinə, “təbrikləri”ndən göründüyü kimi, günahı yenə Paşinyan hökumətinin üstünə atıb, zavallı soydaşlarını revanşa çağırırlar. Bunca qan-qada, faciə-müsibət bəs etmədimi?..
Maraqlıdır ki, bu il dövlətə bağlı TV-də (İTV) katolikos II Qareginin ənənəvi Yeni il təbrikinin yayımına icazə verilməyib. Yəqin ki, ondan zəndeyi-zəhləsi gedən Paşinynın göstərişi ilə. İstisna deyil ki, baş nazir bununla çoxsaylı bəlaların ən böyük günahkarlarından biri və birincisinin elə erməni kilsəsi olması haqda cəmiyyətə ismarış çatdırmaq istəyib.
Doğrudan da, iki əsrdir qonşu xalqların barışığına əngəl yaradanlar arasında daima qızışdırıcı mövqe tutan, Türkə nifrəti körükləməkdən yorulmayan, bəşəri dəyərlər və humanizm əvəzinə terrorizmi təbliğ edən erməni “din xadimləri”nin məxsusi payı var. Ümid edək ki, Nikol bu il nəhayət, erməni xalqına onun dost-düşmənini dəqiq göstərməklə yanaşı, cəmiyyəti sülhə hazırlaya biləcək, sözünün ağası olduğunu əməldə isbatlayacaq.
Bundan ötrü baş nazir və komandası pozucu fəaliyyətdə erməni katolikosluğundan geri qalmayan, Fransa başda olmaqla bəzi xarici havadarların təxribatçı və destruktiv planlarınə də zərərsizləşdirməyi bacarmalıdır, nəinki onların şirnikləndirici vədlərinin “yedəyində” getməlidir. Ölkədəki separatçı-revanşist ünsürləri “zəncirdə” saxlamaq da öz yerində...
Bu da diqqətçəkicidir ki, N.Paşinyan Yeni il müraciətində Qarabağdan danışmayıb. Yalnız bir yerdə “Dağlıq Qarabağdan olan qaçqınlar” ifadəsini işlədib (Bax: girişdəki sitat). Amma Ermənistan faktiki Qarabağdan əl çəksə də, Rusiya “Qarabağ itkisi” ilə hələ də barışa bilmir. İrəvanın ərazi bütövlüyümüzü tanımasından rəsmi Moskvanın pəjmürdə olması və bunu ən yüksək səviyyədə vaxtaşırı büruzə verməsi, habelə XIN rəhbəri Sergey Lavrovun ilin yekununa dair çıxışı zamanı “Ermənistanın Qarabağı itirməsi” ifadəsini işlətməsi ayrı qənaətə yer saxlamır.
Hansı torpaq itkisi, cənab Lavrov-Kələntərov? Məgər Ermənistan müharibədə ərazi itirib? Qarabağ işğal olunmuş qanuni Azərbaycan torpağı idi. Həmişə də Azərbaycan torpağı olub. Ermənistan onu necə itirə bilərdi? Bu nə leksikon?
Söhbət yalnız Qarabağın işğalçıdan geri alınmaslndan gedə bilərdi ki, bunu da Müzəffər Ordumuz 44 + 1 günlük müharibə ilə həyata keçirib. Çünki işğalçı ərazimizdən xoşluqla çıxmağı xəyalına belə gətirmirdi. Hər şey qırağa, bəs Rusiyanın özünün də səs verdiyi BMT TŞ-nin Qarabağ qətnamələri necə olsun? Hansı sənədlər ki, Bakıya öz ərazi bütövlüyünü silah gücünə bərpa etmək üçün əlavə hüquqi əsas yaradırdı...
Rusiya baş diplomatının yuxarıdakı ifadəsi rəsmi Moskvanın təzə ildə Bakı və İrəvan arasında sülh anlaşması məsələsində nə dərəcədə səmimi olacağını yenidən gözlər önünə sərir. Demək, şimalla bağlı ayıq-sayıqlığımızı azaltmamalı, eyforiyaya qapılmamalıyıq. Onu da unutmayaq ki, ərazimizdə rus hərbçiləri var.
Əlbəttə, ən idealı - vasitəçilərsiz, birbaşa danışıqlara davam eləməkdir. Çünki dəfələrlə yazıldığı kimi, xüsusən də Rusiya və ABŞ kimi moderatorlar öncə öz maraqlarını irəli aparmağa çalışırlar, nəinki iki qonşu ölkənin və xalqın barışığına. Hərəyə öz dərisi daha qiymətlidir. Qısası, araya girənlər nə qədər çoxdursa, proses bir o qədər ləng gedəcək. Necə ki, gedir.
Keşkə, bu bəsit həqiqəti Paşinyan hökuməti vaxtında anlayaydı. Anlayacaqmı? 44 + 1 günlük müharibənin 46-cı günə keçməməsi naminə anlamaq zorunda. Paşinyan “işarə”ni Bakıdan gözləməli, oradan verilən mesajları düz oxumalıdır. Hər halda, ilin ilk aylarında çox şeyə aydınlıq gələcək...
КомментарииОставить комментарий