Общественно-политическая интернет газета
30 il öncə bu gün “Yeni Müsavat” qəzetində çıxmış məqaləmin başlığı beləydi: “Siyasi matç-revanş: gediş qırmızılarındır”.
Bu məqaləni may ayının 28-də yazmışdım. Ayın 31-də 3 siyasi fəal rayondan Bakıya gələndə bu məqaləni də özümlə gətirmişdim.
Elə həmin gün yazını tələbəlik vaxtımızdan tanışlığımız olan Rauf Arifoğluya təqdim etdim. O da məqaləni o zaman müavininə - Rasim Mirzəyə verdi ki, həftədə 1 dəfə çıxan “Yeni Müsavat”ın növbəti sayına hazırlasın.
Daha sonra Müsavat Partiyasının baş katibi olan Niyazi İbrahimlinin vasitəsi ilə parlamentin sədri İsa Qəmbərlə görüşdük, ona rayonda hərbi-siyasi durumun ağır olduğunu dedik, təcili tədbirlər görülməsinin zərurətindən danışdıq.
Bu gün-sabah nəsə bir tədbir görüləcəyini gözləməkdəydik ki, 4 iyun qiyamı baş verdi. Qırmızılar Gəncədə ilk gedişi etmiş, siyasi matç-revanşa start vermişdilər. Ertəsi gün məlum oldu ki, məqalə qəzetdə məhz 4 iyun günü çıxıb.
Şahmatda gedişlər edən “ağlar” və “qaralar”ı nəzərdə tutaraq və improvizə edərək “qaralar”ın yerinə ona görə “qırmızılar” yazmışdım ki, onların – köhnə kommunistlərin, Moskvapərəst qüvvələrin, “partokrat” adlandırılan və 1 il öncə itirdikləri hakimiyyəti geri qaytarmaq üçün özlərini oda-közə vuranların gediş edəcəyi gözlənilirdi. Bu, heç də fəhm, intuisiya məhsulu deyildi, ölkədə yaranmış gerçəkliyi görmək, ifadə etmək məsələsiydi.
O zamanlar Arif Rəhimzadə (sonradan parlament sədrinin birinci müavini oldu), Maksim Musayev (ona vəzifə vermədilər), Tapdıq Kamalov, Tofiq Əzizov (o da vəzifə aldı), Rauf İsmayılov (o vəzifə almadı) kimi deputatlar, keçmiş İH başçıları, sabiq rəsilər çox fəal idilər. Üstəlik, bütün müxalifət qüvvələri – AMİP, ASDP, Nemət Pənahlının partiyası sözün əsl mənasında çəkici bir zindana vururdular. Müxalif partiyaların inhisarında olan qəzetlərdən “od tökülürdü”, dolayısı ilə üsyan çağırışları edirdilər.
Nəsə bir üsyanın, qiyamın olacağı hələ may ayının ortalarından ölkənin ən ucqar rayonlarında yaşayan ictimai-siyasi fəallara əyan idi.
“Gediş qırmızılarındır” başlıqlı yazıda “Milli Təhlükəsizlik Nazirliyi tam gücü və səlahiyyəti ilə işləmir” kimi bir ifadə də vardı. Amma düz iyunun 4-ü günü qəzetin 4-cü səhifəsində bu ittihamın yer aldığı məqalə işıq üzü görəndə artıq gec idi, hüquq-mühafizə orqanlarının rəhbərlərinin bir qismi Gəncədə qiyamçılar tərəfindən girov götürülmüşdü, 32 yaşlı Surətin iki dodağının arasından çıxan bir kəlmə hamısının taleyini həll edə bilərdi.
Bundan əvvəl qiyamçılar milli qvardiyanın, başda komandan Tahir Məmmədov olmaqla iki ay öncə Füzulini işğaldan xilas etmiş əsgərlərini avtobusda gülləbaran etmiş, qətliam törətmişdilər. Bu, əsrin cinayəti idi. Bu cür qansız, amansız terrorçular hüquq-mühafizə orqanlarının rəhbərlərini də güllələyə bilərdilər.
Bu gün artıq heç kəsə sirr deyil ki, 4 iyun qiyamı Kremlin xeyir-duası, sifarişi və silahı ilə törədilib. Surətə o silahları dağılmış SSRİ-nin Gəncədəki qarnizonunun komandiri Şerbak verib getmişdi. Rusiya hərbçiləri ölkədən çıxmışdı, amma silahlarını elə adamlara buraxıb getmişdilər ki, onlar onu 1-2 aydan sonra öz soydaşlarının, öz dövlətlərinin üstünə qaldıracaqdılar.
Bu mövzuda 30 ildir bitməyən (ən azı daha 70 il də bitməyəcək) söhbətin bir yerində mütləq kimlərsə Elçibəy iqtidarının “günah”larından danışırlar: “idarə edə bilmirdilər”, “vəzifəyə naşı adamlar təyin edir, 5 aydan sonra çıxarırdılar”, “hərəkatçılarla başqa partiyaların üzvləri arasında ayrı-seçkilik edirdilər” və s. və i.a.
Amma bütün bunlar qiyam törətməyə haqq vermirdi. Bir neçə aydan sonra, uzağı 6 aya parlament seçkiləri keçiriləcəkdi. Hakimiyyət hərisləri isə yüksək dövlət vəzifələrini bu gün, bu saat qamarlamaq istəyirdilər.
Həm də müharibənin ən şiddətli vaxtıydı və dövlət müstəqilliyimizin yaşı 1,5 ay idi, dağılmış SSRİ-nin xarabalıqları altında dikəlməyə çalışan ölkədə N qədər problem vardı. Dövlət büdcəsi boşboş idi.
4 iyunda qiyamçıların qələbə qazanmasının əsas səbəbi prezident Elçibəyin və onun komandasının “qardaş qanı” tökməyə hazır olmaması idi. O zaman hələ 3 il öncəki 20 Yanvar faciəsi istiydi və günahsız adamların ölümünə görə özünü məsuliyyətli sayan AXC rəhbərliyi səbəb nə olur-olsun, yeni bir qırğına rəvac vermək istəmirdi.
Elçibəy hakimiyyət məsələlərinə fərqli yanaşırdı, hesab edirdi ki, hakimiyyətdən, yüksək vəzifə tutmaqdan ötrü vətəndaş müharibəsinə getmək olmaz. O, dövlətə xanədanlıq, hakimiyyətə hökmdarlıq, prezident iqamətgahına saray kimi baxsaydı, bəlkə də fərqli qərarlar verərdi.
Elə hakim komanda da Şərq ölkələrindəki despotik qüvvələr və ya xunta rejimi qurmaq istəyən hərbçilər kimi olsaydılar və o cür hərəkət etsəydilər, qiyamı lokallaşdıra bilər, qiyamçıları Gəncədən çıxmağa qoymazdılar.
Əslində surətçilərin elə bir gücü və xüsusi hərbi bacarıqları yox id. Onlar Gəncədən çıxıb Bakıya gələnə qədər onlara bir güllə ataraq müqavimət göstərən olmadı. Sonradan işin içində olan adamlar etiraf edirdilər ki, qiyamçılar ilk müqavimətə rast gələn kimi qaçıb dağılşacaqmışlar.
Fəqət sona qədər “vur” əmri verilmədi. Belə bir versiya da var ki, “vur” əmri alan qüvvələr də əslində əmri yerinə yetirmək niyyətində olmayıblar, sabotaja yol veriblər. Onların bəziləri bu hərəkətlərinin bədəlini 1-2 ildən sonra ödədilər.
Surətçilərin əsl gücü isə 1994-cü ilin oktyabr ayının ilk günlərində tam büruzə çıxdı. Onlar Heydər Əliyevə qarşı da qiyam törətməyə qalxdılar, prezidentə sadiq hərbi qüvvələr Surətin adamlarını iki saatın içində küt-baş etdilər. Həmin axşam Surət özü isə “bir qısmat çörəh” də yeyə bilmədi. Ertəsi gün o, məlul-müşkül şəkildə, uduzmuş ovqatda mitinqdə göründü, sonra gecəylə ölkədən çıxaraq ona silah, dil, vəd, göstəriş verənlərin yanına qaçdı. Bu dəfə o, sentyabrın 20-də imzalanan “Əsrin komtraktı” adlnan beynəlxalq neft müqavilələrinə mane olmaq, sazişləri imzalayan hökuməti devirmək üçün Moskvadan göstəriş almışdı. Ancaq onun yeni cəhdi alınmadı. Daha sonra özü Rusiyadan ucuz qiymətə alındı və 10 il türmədə yatdı.
Budur, 30 ildir ki, “qiyamın qarşısını almaq olardımı” mövzusunda mübahisələr davam edir. Əlbəttə, mütəşəkkil və qətiyyətli olandan sonra istənilən qiyamın qarşısını almaq olar. Heç bir hərbi hissə (alay, diviziya, briqada) dövlətin yerdə qalan silahlı qüvvələrinin qarşısında dayana bilməz. Amma ortada vahid komanda, sədaqətli qvardiya, müvafiq təcrübə, həlledici iradə, tərəddüdsüz qətiyyət, məsuliyyət daşımağa hazırlıq yoxdursa, qiyamın qarşısını almaq mümkün deyil.
4 iyun-24 iyun aralığında qiyamçılar ona görə qalib gəldilər ki, qarşılarındakı iqtidar komandasında saydıqlarımız yox idi, qiyamçılarda isə əksinəydi: hərbi-siyasi baxımdan mütəşəkkil idilər, qətiyyətliydilər, aydın məqsədləri vardı (iqtidarı devirmək, hakimiyyətə gəlmək), açığı, xalqın mühüm bir hissəsi də aparılan total anti-iqtidar təbliğatının sayəsində müxalif qüvvələrə rəğbət bəsləyirdi.
1993-cü ilin iyununda qırmızılar ona görə qalib gəldilər. Amma qısa müddətdən sonra o büsat pozuldu: bir qismi Gəncədə vəzifə üstündə bir-birini al qana qərq etdilər, bəziləri qırmızılıqdan imtina edərək “yaşıllaşdılar”, həmin rəngli kağızların toplayıcısına çevrildilər və ağ günə çıxdılar, hakimiyyətdən uzaq tutulan, qorxusundan saralanlar, hirsindən göyərənlər, türməyə düşüb qaralanlar, ağ kəfəndə, xərəkdə çıxanlar oldu. Hərəsinin başına bir iş gəldi.
4 iyun qiyamı xalqın böyük hissəsinə xoşbəxtlik gətirmədi, torpaq, insan, sərvət itkilərinə səbəb oldu. 4 iyun ibrət götürüləsi tarixdir. Bircə şey pisdir ki, onun nəticələrini sonralar heç vaxt dəyişmək mümkün olmadı...
КомментарииОставить комментарий